Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı oktyabr ayının 11-12-i mövsümün ilk yeni tamaşasını rus xalq nağılı əsasında səhnələşdirilmiş "Qoğalın sərgüzəştləri" adlı nağıl-müziklı tamaşaçılarına təqdim edib.
Tamaşanın səhnə redaksiyasının müəllifi gənc yazıçı Pərvindir. Quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu və musiqi nömrələrinin tərtibatçısı İradə Muradovadır.
Nağıl - müziklda əsas obrazları Anar Seyfullayev (Qoğal), Ramil Məmmədov (Baba), Zülfiyyə Alhüseynova (Nənə), Elşən Şıxəliyev (Canavar), Günel Məmmədova (Tülkü), Roza İbadova (Dovşan) və başqaları ifa ediblər. Musiqili, əyləncəli, eyni zamanda ibrətamiz hadisələrlə zəngin müzikl kiçik yaşlı tamaşaçıları düzlüyə, prinsipiallığa səsləyir, pisi yaxşıdan ayırmaq kimi insani keyfiyyətləri aşılayır.