Hazırda türkiyəli mütəxəssislər Qars ərazisində dəmir yollarının Naxçıvana birləşdirilməsi üçün azərbaycanlı mütəxəssislərlə birgə layihələndirmə işləri aparırlar.
AzərTAc xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib.
Naxçıvan-Qars dəmir yolunun xəttinin çəkilməsi ilə bağlı Azərbaycanla Türkiyə arasında müvafiq protokol imzalandığını xatırladan nazir müavini qeyd edib ki, dəmir yolu xəttinin böyük bir hissəsi Türkiyə ərazisindən keçəcək. Naxçıvan ərazisində isə təxminən 13 kilometr yeni yol salınması nəzərdə tutulur. Həmçinin burada 160 kilometr dəmir yolu xəttinin yenidən qurulmasına ehtiyac var.
Musa Pənahov vurğulayıb ki, bu, kifayət qədər böyük layihədir, onun detalları tam aydınlaşdıqdan sonra layihə hökumətə təqdim olunacaq.
Qeyd edək ki, Qars-Gümrü-Naxçıvan dəmir yolu layihəsi üzərində əsas işlərə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yekunlaşandan sonra başlamaq planlaşdırılır. Bu, strateji əhəmiyyətli layihə olaraq, eyni zamanda, Naxçıvanla Bakı arasında birbaşa dəmir yolu əlaqəsinin yaradılması deməkdir.