(xatirə-hekayə)
Müharibəyə könüllü gəlmişdim. Məni silaha sarılmağa ermənilərə olan nifrətim, intiqam hissi məcbur etmişdi. Hər gün cəbhə bölgələrindən ağrı-acılı xəbərlər gəlirdi. Cəbhədən məlumat verən hərbi müxbirin səsini eşitdikcə evdə rahat otura bilmir, yalnız döyüşə getmək barədə fikirləşirdim. Tabordakı hərbçilərin də əksəriyyəti könüllülər idi. Yaş fərqi müxtəlif olsa da, hamı bir məqsəd üçün - düşmənlə vuruşmağa, torpaqlarımızı azad etməyə gəlmişdi. İlk döyüşümüz Yaşıltəpə yüksəkliyi uğrunda oldu. Kəşfiyyatçılar ermənilərin buradan Dağlı kəndinə hücuma hazırlaşdığı barədə məlumat əldə etmişdi. İşğalçıları qabaqlamaq üçün əməliyyat başlandı. Əsgərlər döyüşdən əvvəl silahlarını əllərində tutub taborun həyətində elə gəzirdilər ki, sanki bir göz qırpımında düşməni məhv edəcəklər. Döyüş əmri verilən kimi müxtəlif istiqamətlərdən irəli atıldıq. Güclü atəş səsləri yeri-göyü lərzəyə saldı.
Ciddi müqavimət göstərən düşmən, geri çəkilmək istəmirdi . Biz də daim irəli can atır, hücuma ara vermirdik. Döyüşün qızğın çağında bir də gördük ki, bayaq həyətdə əlində silah tutub məğrurcasına gəzinən əsgərlər qorxuya düşərək geriyə çəkilirlər. Nə qədər çalışsaq da onları saxlaya bilmədik. Səngərdə qalanlar isə şir kimi vuruşurdular. Qüvvəmizin az olmasına baxmayaraq, düşməni geri oturtduq . Yüksəklik qəsbkarlardan azad olundu. Dağlı kəndinin sakinləri rahat nəfəs aldılar. Axşam tabor komandiri qaçanların silahlarını əllərindən alıb adlarını şəxsi heyətin siyahısından çıxartdı. Döyüşdən-döyüşə qorxaqlar sıralarımızı tərk edirdilər. Bir daha əmin oldum ki, müharibə meydanı qorxaqlar üçün deyil, bura cəsurların yeridir. Sıralarımızda qalanların hamısı "Vətən" deyib gələnlər idi. Üç-dörd gün ərzində yeddi döyüşçümüzü itirmişdik. Düşmən də ağır itki vermişdi. Üç erməni quldurunu əsir götürmüşdük. İlk günlər güllə səsi eşidəndə diksinirdim. Amma sonra bütün bunlara alışdım. Sanki döyüşə yox, hansısa gündəlik iş arxasınca gedirdim. Güllə səsi eşitməyəndə hələ hərdən özümü narahat hiss edirdim. Elə bil nə isə çatışmırdı. Sərrast atəş açmağı da yaxşıca öyrəndiyimdən silahımın nişangahına tuş gələn düşmənləri bir anın içində məhv edirdim.
Bir gün məni yanına çağıran tabor komandiri kapitan Şahin Kamilov dedi:
- Görürəm ki, sən cəsur oğlansan, qorxu bilmədən vuruşursan. Düşmən arxasına gedib vacib məlumatlar öyrənmək lazımdır. Düzdür, bu bir az ağır, təhlükəli tapşırıqdır, amma elə bilirəm ki, döyüşçü dostun Nurəddinlə sən bu tapşırığın öhdəsindən gələrsən.
Heç fikirləşmədən "baş üstə" - dedim. Sonra komandir əməliyyat zamanı qarşımızda dayanan tapşırığı xırdalığına qədər mənə izah elədi. Dağlı kəndindən bir nəfər də bizə bələdçilik edəcəkdi. Malikli kəndinə əməliyyata getmək üçün qaranlığın düşməsini gözləməliydik. Axşama yaxın bələdçimiz Mərdan da gəlib çıxdı. Yaxşıca hazırlaşıb zəruri olan əşyaları götürəndən sonra yola çıxdıq. Ən çətini və təhlükəlisi "Qaya" adlandırdığımız postu keçmək idi. Hər addımımız qorxulu olsa da, dayanmadan gedirdik. İstənilən an minaya düşə bilərdik. Amma heç bir qorxu bizi yolumuzdan saxlaya bilməzdi. Bələdçi ərazini yaxşı tanıdığına görə bizi təhlükəsiz yerlərlə aparırdı. Silahlarımızı döyüş vəziyyətinə gətirmişdik. Çünki hər addımda düşmənlə qarşılaşa bilərdik. Axır ki, təhlükəli hesab olunan sahədən işğalçıların səngərlərini keçib irəli getdik. Hələlik ətrafa sakitlik hökmranlıq edirdi. Uzaqda itlər hürüşür, çaqqallar ulaşırdı. Göydən asılmış ay və ulduzlar sanki bu qaranlıq gecəyə fənər tutub şahidlik edirdilər. Heç elə bil bu yerlərdə qanlı müharibə getmirdi. Yaz çağıydı, hər tərəf yaşıllığa qərq olmuşdu. Çiçək açmış ağaclar ağ örpəyə bürünmüşdü. Otlardan, gül-çiçəkdən gələn xoş ətir adamın qəlbini, ruhunu oxşayırdı. İnsanlardan fərqli olaraq müharibə ovqatına köklənməyən təbiət güllərdən, çiçəklərdən gözəl bir çələng toxumuşdu. Ətrafın gözəlliyi az qalırdı ki, ağlımızı başımızdan çıxarıb bir anlıq da olsa, düşmən arxasında olduğumuzu bizə unutdursun.
Düşmən duyuq düşməsin deyə bir-birimizlə pıçıltı ilə danışırdıq. Xeyli qabağa gedib Malikli kəndinin lap yaxınlığına yetişdik. Evlərin bəzilərinin pəncərəsindən çölün qaranlığına zəif işıq süzülürdü. Bir çox evlər isə zülmət içində üzürdü. Tapşırığı yerinə yetirmək üçün səhərin açılmasını gözləməliydik. Sübhə qədər açıq səma altında qala bilməzdik. Necə olursa-olsun təhlükəsiz bir yer tapıb gecələməliydik. Səs salmadan işığı yanmayan evlərdən birinə yaxınlaşdıq. İçəridə kimsənin olmadığını dəqiqləşdirəndən sonra qapını sındırıb içəri keçdik. Təhlükəsiz olsun deyə evdə yox, çardaqda yatmağı qərara aldıq. Burada gecələmək qorxulu deyildi. Ömrümüzün bir gecəsini də düşmənlərlə bir kənddə keçirdik.
Səhər günəş üfüqdən boylanar-boylanmaz yuxudan oyandıq. Axşam yorğun olduğumuzdan gecəni çox rahat yatmışdıq. Qonşu həyətlərdə itlər hürüşür, uzaqlardan atəş səsləri eşidilirdi. Çəpərdən adlayandan sonra kənddən bir az uzaqlaşıb düşmənin postuna tərəf getdik. Dalda bir yerdə tapıb ermənilərə göz qoyur, ətrafa nəzarət edirdik. Məqsədimiz quldurların postu saat neçədə dəyişdiklərini və neçə nəfər olduqlarını öyrənmək idi. Nəfəs belə çəkmədən ətrafımıza diqqət kəsilmişdik. Bir də gördük ki, budur, kənddən çıxan ermənilər sıra ilə posta tərəf gedirlər. Tələsik onları saydıq. Elə də çox deyildilər, cəmi on bir nəfər idilər. Həmin an saata baxdım, əqrəblərin ikisi də cütləşib on ikinin üstündə dayanmışdı. Bizə lazım olan məlumatı öyrənmişdik, tapşırıq yerinə yetirilmişdi. Artıq geri qayıtmaq olardı. Amma biz geri dönmədik. Quldurları posta yola salandan sonra Malikliyə - ermənilərin yaşadığı kəndə qayıtdıq. Geri dönməkdə məqsədimiz ermənilərin kazarmasının yerini müəyyənləşdirmək idi. Məhəllələrin birinin yanından keçəndə həyətdə piyadaların döyüş maşınını gördük. Deyəsən, əvvəllər bura uşaq bağçası olmuşdu. Çünki həyətində yelləncəklər var idi. İndi ermənilər buranı hərbi hissəyə çevirmişdilər. Ehtiyatla həyətə girib asta addımlarla kazarmaya yaxınlaşdıq. İçəridə kimsə yox idi. Deməli, düşmənin canlı qüvvəsi biz fikirləşdiyimiz qədər çox deyilmiş. Tələm-tələsik həyətdəki zirehli texnikanın həm qabaq, həm də arxa tərəfinə mina basdırandan sonra burada çox ləngiməyib geri qayıtdıq.
Yaşıl çəmənliklə mövqelərimizə tərəf gedirdik. Ətrafa qulaq kəsilmişdik, hələlik bir səs-küy yox idi, kimsə gözə dəymirdi. Bir neçə addım atandan sonra qarşıdan ermənilərin gəldiyini gördük. Onlar düz üstümüzə - bizə tərəf gəlirdilər. Növbəsini dəyişən düşmənlər postdan qayıdırdılar. Diqqəti cəlb etmədən tez yerə uzandıq ki, quldurlar bizi görmədən keçib getsinlər. Amma gizlənməyimiz əbəs idi, işğalçılar bizi görmüşdülər. Silahlarımız döyüş vəziyyətinə gətirilmişdi, irəli atılmağa hazır idik. Məqsədimiz son damla qanımızadək vuruşmaq idi. Addım-addım uzandığımız yerə yaxınlaşan quldurlar bizə səsləndilər:
- Aşot!
- Edik!
-Samvel!
- ...
İşğalçılar çaşıb bizi özlərininki hesab etmişdilər. Yəqin quldurlar heç ağıllarına da gətirməzdilər ki, qarşılarındakı azərbaycanlı əsgərlərdir. Boş yerə gözləyib vaxt itirmək olmazdı. Fürsəti əldən vermədən qəfil atəşlə düşməni məhv etmək lazım idi. Çünki susduğumuzu görən düşmən hər an bizi vura bilərdi. Onları qabaqlamaq üçün "bir, iki, üç" - deyib hamımız eyni vaxtda ayağa qalxıb qəsbkarları gülləyə tutduq. Atəş səsləri axşamdan bəri davam edən sakitliyi ildırım surəti ilə pozdu. Yer titrədi, göy yarıldı - qeyri-bərabər döyüş başlandı. İlk atəşdən quldurlardan bir neçəsi yaralandı. Özümüzə əlverişli mövqe seçib qorxmadan vuruşurduq. Bir azdan düşmən susdu, ətrafa sakitlik çökdü. Sürünə-sürünə sol tərəfdən onlara yaxınlaşdıq. Güllələr hədəfə dəymişdi, quldurları öldürmüşdük. Onların silahlarını götürüb aşağı düşmək istədik. Qəflətən quldurlardan biri ayağa qalxıb qaçmağa üz qoydu. Tez üstünə atılıb onu yerə yıxdıq, qaçıb aradan çıxmağına imkan vermədik. Sən demə, qəsbkar meyitin altında gizlənərək özünü ölülüyə vurubmuş. Ləngimədən quldurun əl-qolunu bağlayıb, ağzına əski dürtdük. Silahları da onun kürəyinə yüklədik. Tələsmək lazım idi; yoxsa atəş səslərini eşidən düşmən öz döyüşçülərinə köməyə gələ bilərdi. Posta çatmağa isə hələ xeyli məsafəvar idi. Qaranlığın düşməyini gözləyə bilməzdik. Təhlükəli olsa da, "Qaya" postunu gündüz keçməliydik. Bir neçə kilometr də irəlilədik. Posta yaxınlaşanda bir az ayaq saxladıq. Qabaqda bələdçimiz Mərdan gedirdi. Onun arxasınca isə əsir götürdüyümüz erməni könülsüz-könülsüz addımlayırdı. Quldura xəbərdarlıq etmişdik ki, qaçmaq fikrinə düşməsin, əgər ayağını bir az kənara qoysa, vurub öldürəcəyik. Yaman qorxaq erməni idi, əl qaldıran kimi tez yerə uzanırdı.
Çox təhlükəli vəziyyət yaranmışdı. Postda dayanan ermənilər güllələri üstümüzə dolu kimi yağdırır, göz açıb, irəli getməyimizə imkan vermirdilər. Hələlik daşların arxasında dayanıb postdakı quldurlara atəş açırdıq. Yüksəklikdə yerləşdiklərinə görə atdığımız güllələr düşmən üçün elə də təhlükə yaratmırdı. Nəyə başı qarışdısa bir azdan işğalçılar bizə atəş açmadılar. Güman etdim ki, yəqin döyüşçülərimiz qarşı tərəfdən onların üzərinə hücuma keçmişdilər. Başları qarışdığından daşnaklar bizə nəzarət edə bilmirdilər. Yaranmış şəraitdən yararlanaraq ləngimədən irəliləməyə başladıq. Postun düz alt tərəfindən keçəndə yenə də düşmən bizi atəşə tutdu. Bələdçimiz Mərdan ayağından yaralandı. Tez onu iri bir daşın arxasına çəkdim. Şalvarının balağını yuxarı qatlayıb yarasını sarıdım, qanaxma dayandı. İşğalçıların atdığı güllələr arxasına sığındığımız daşa dəyib vıyıltı qopararaq başımızın üstündən süzüb keçirdi. Ölümlə, odlu güllələrlə üz-üzə dayanmışdıq. Hər an düşmənin nişangahına tuş gələ bilərdik. Xeyli müddət bu vəziyyətdə gözləməli olduq. Bir azdan Mərdanın yarasından qan sızmağa başladı. Bu yerdə çox dayanıb gözləmək olmazdı. Oturmaqdan, hərəkətsizlikdən ayaqlarımız da keyləşmişdi.
Bir azdan yenə də düşmən atəşə ara verdi. Vaxt itirmədən yerimizdən tərpənib irəli getdik. Ağır olsa da, Mərdanı kürəyimə götürmüşdüm. Haradasa iyirmi-iyirmi beş metr də gedə bilsəydik, ölümdən qurtulub sağ-salamat tabora qayıda bilərdik. Xilas olmaq üçün dayanmadan irəli getməyə can atırdıq. Ölüm təhlükəsi dolaşan zonadan çıxmağa bir neçə addım qalmış yenə də üstümüzə odlu güllələr ələndi. Qəflətən ayağımın ağrıyıb isindiyini hiss etdim. Güllə topuğumdan dəymişdi, paltarım qana bulanmışdı. Özümü birtəhər ayaqüstə saxlamağa çalışdım, amma bacarmadım. Ağrıya dözməyib yerə yıxıldım. Yıxılsam da, sürünə-sürünə dərənin o biri üzünə aşdım. Təhlükə sovuşmuşdu, artıq düşmənin atdığı güllələr bizim üçün elə də qorxulu deyildi. Yaxşı ki, Nurəddinə heç nə olmamışdı. O vaxt itirmədən yaramı sarıdı. Ayağa qalxıb birtəhər aşağı düşdük. Yaxınlıqdakı döyüşçülər bizi tanıyıb köməyə gəldilər.
Barıt qoxulu səngərlərdən uzaqlaşandan sonra maşına minib tabora dondük. Bizi həyətdə qarşılayan komandir hamımızı qucaqlayıb bağrına basdı, sağ-salamat qayıtdığımıza sevindi. Tapşırığı yerinə yetirdiyimizə görə bizə təşəkkür etdi. Qənimət kimi gətirdiyimiz silahı və erməni əsirini ona təhvil verdik. Öyrəndiyim vacib məlumatları komandirə çatdırdım. Çox keçmədi ki, Mərdanla məni xəstəxanaya apardılar.
Üç gündən sonra yanımıza gələn döyüşçü yoldaşlarım Qəhrəmanla İsmət dedilər ki, artıq "Qaya" postu düşmənlərdən geri alınıb. Gərgin döyüşlər Məlikli istiqamətində gedir. Bu şad xəbər yaramıza ən yaxşı məlhəm oldu.