|
|
|
|
Çar Rusiyasının Cənubi Qafqazda həyata keçirdiyi inzibati islahat nəticəsində 1868-ci ildə Yelizavetpol quberniyası yaradıldı və Gəncə bu quberniyanın mərkəzi oldu. Gəncə şəhərinin əlverişli mövqedə, Bakı-Tiflis karvan yollarının kəsişdiyi bir yerdə yerləşməsi ona Şərqin böyük ticarət mərkəzləri ilə ticari əlaqələri yaratmasına imkan yaratdı. Rusiya idarəçiliyi dövründə, xüsusən də 1883-cü ildə Bakı – Tiflis dəmir yolu çəkildikdən sonra Gəncə şəhəri yenidən öz əvvəlki əhəmiyyətini bərpa edərək iqtisadi və mədəni mərkəzə çevrildi. Ümumrusiya əhəmiyyətli iri mərkəzə çevrilən Gəncə şəhərində əhali sürətlə artmağa başladı. 1897-ci ildə Gəncə şəhərində 33.6 min əhali yaşayırdı. Bu dövrdə Gəncə ticarət mərkəzi olmaqla yanaşı, həm də mühüm dəmiryol daşımaları, şərab, konyak və spirt istehsalı məntəqəsi idi. Şəhərdə sənaye müəssisələrinin sayı durmadan artmaqda idi. 1900-cı ildə Gəncədə 1425 sənaye müəssisələri fəaliyyət göstərirdi.