Dünən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında III Bakı Beynəlxalq Teatr Konfransının təşkilat komitəsinin yığıncağı baş tutub. Yığıncaqda 4-6 noyabr tarixlərində keçiriləcək Teatr Konfransının təşkili ilə bağlı məsələlər müzakirə olunub. Yığıncaqda teatr rəhbərləri, Teatr Xadimləri İttifaqı, Mədəniyyət və Turizm Nazirliyinin aidiyyatı şöbələrinin təmsilçiləri iştirak ediblər.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Bakıda Teatr Konfransının artıq üçüncü dəfə baş tutacağını bildirib:
"Bundan əvvəlki konfranslar 2010 və 2012-ci illərdə keçirilib və xeyli yaxşı mənada əks-səda doğurub. Bu konfranslardan sonra teatrlarımız gələn qonaqlarla, xarici ölkə teatrları ilə əlaqələr qurublar, əməkdaşlıq ediblər. Ötən illərdə Teatr Konfransı Akademik Milli Dram Teatrı binasında keçirilirdi, bu dəfə isə Musiqili Komediya Teatrının binasında keçirməyi nəzərdə tuturuq. Və deyim ki, bu dəfə tədbir daha ciddi, daha irimiqyaslı olacaq. Tədbirə 40-dan çox ölkədən 125 qonaq dəvət olunub, bunların içində böyük rejissorlar da var, aktyorlar da, teatr rəhbərləri də, teatrşünaslar da. Dövlətimiz, cənab prezident İlham Əliyev, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva mədəniyyətimizə, teatrımıza xüsusi diqqət göstərirlər və son illər Azərbaycan teatrında görülən işlər, inkişaf göz önündədir. Ona görə mən bu məsələlər haqda bu gün geniş söz açmayacam, sadəcə onu vurğulamaq istəyirəm ki, bu Teatr Konfransının özü də teatrımızın təbliği və inkişafı istiqamətində görülən böyük işlərdən biridir. Bu mənada mən teatr rəhbərlərimizdən xüsusi fəallıq, işgüzarlıq tələb edirəm. Gələn qonaqlarla səmərəli söhbətlərin aparılması, müəyyən münasibətlərin qurulması, birgə proyektlərin əsasının qoyulması xeyli dərəcədə özümüzdən asılıdır. Bir çox dünya teatrlarında olmuşam və tam səmimiyyətlə deyirəm ki, ölkəmizdə bu sahəyə göstərilən qayğı, diqqət heç bir yerdə yoxdur".
Nazir müavini Konfransın təşkili ilə bağlı bəzi məsələləri, qarşıda duran vəzifələri də təşkilat komitəsinin nəzərinə çatdırıb, sualları cavablandırıb.
Qeyd edək ki, Konfrans öncəsi, noyabrın 4-də mətbuat nümayəndələri ilə görüş nəzərdə tutulub. Görüşdə Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov və bəzi qonaqlar media nümayəndələrinin suallarını cavablandıracaqlar.
PƏRVİN