“Dağlıq Qarabağdakı separatçı rejimdə azərbaycanlı girovların qondarma məhkəməsi teatr səhnəsini xatırladırdı”.
Modern.az saytının məlumatına görə, bunu Milli Məclisin bugünkü iclasında deputat Aydın Mirzəzadə deyib. O qeyd edib ki, hər hansı bir ölkədə guya insan haqlarının pozulması ilə bağlı tez-tez bəyanatlar verən Qərb dairələri azərbaycanlı girovlarla bağlı bunu etmirlər.
Onun sözlərinə görə, Ermənistan mətbuatı öz təbliğatını quraraq Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında yalan məlumatlar yayırlar: “Amma nədənsə, Qərb təsisatları girovların taleyini düşünmür”.
Deputat Fazil Mustafa isə bildirib ki, separatçı rejim qondarma məhkəmə keçirsə də, Rusiyadan olan, beynəlxalq aləmdə tanınan vəkillər onların müdafiəsini təşkil edə bilər. “Ötən gün Bəhruz Məmmədov adlı bir vəkil girovların müdafiəsi üçün əlindən gələni edə biləcəyini deyib. Yalnız təhlükəsizliyinin təmin olunmasını istəyib. Azərbaycan separatçı rejimi tanımır, amma Rusiyadan olan vəkillər onların müdafiəsini təşkil edə bilər. Çünki Dilqəm Əsgərov Rusiya vətəndaşıdır”.