"Son illər Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Dünyanın mötəbər qurumları öz toplantılarını keçirmək üçün Azərbaycanı ən münasib məkan kimi qəbul edirlər. Təbii ki, bu, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizin dünyada böyük nüfuz qazanmasının nəticəsidir".
Bu barədə müsahibəsində Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqında nümayəndə heyətinin rəhbəri, millət vəkili Gövhər Baxşəliyeva bildirib. O deyib ki, "İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu" mövzusunda keçirilən V Beynəlxalq konfransın işində 60-dək ölkədən ümumilikdə 220-dən artıq nümayəndə iştirak edib: "Bu konfransda qadınların səlahiyyətlərinin, qərar qəbuletmə prosesində onların iştirakının artırılması, qadınlar üçün bərabər imkanların yaradılması, qadınlara qarşı zorakılığın, bütün növ ayrı-seçkiliyin qarşısının alınması, keyfiyyətli təhsil, sağlamlıq və digər mövzular müzakirə edilib. İƏT-ə üzv ölkələrdə qadınların şəraitinin yaxşılaşdırılması, onların müxtəlif sahələrdə iştirakının təmin edilməsi sahəsində xeyli irəliləyişə nail olunub. Amma bu, kifayət deyil. Qadınların və qızların təhsildən kənarda qalmaları, zorakılıqla üzləşmələri onları siyasi proseslərdən də kənarda qoyur. Qadınların inkişafının təminatı üçün onların təhsilə cəlb edilmələri əsas məsələlərdən biridir. Bu, qadınların özünü yetişdirmələrinə, işlə təmin olunmalarına, həyatın müxtəlif sahələrində onların fəallıqlarının artırılmasına öz töhfəsini verəcək".
G.Baxşəliyeva deyib ki, bu konfrans qadınların hüquqlarının qorunması, onların cəmiyyətdə iştirakının genişləndirilməsi sahəsində görüləcək işlərə öz töhfəsini verəcək. Onun sözlərinə görə, Azərbaycan əhalisinin 50,3 faizini təşkil edən qadınlar ictimai-siyasi, elmi, mədəni, sosial-iqtisadi və digər sahələrdə böyük uğurlar əldə etməkdədirlər: "Təsadüfi deyil ki, hazırda parlament və bələdiyyə səviyyəsində də qadınların təmsilçiliyi artıb. Belə ki, Milli Məclisdə 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün parlamentdə qadınların çəkisi 16 faizə çatıb. 2004-cü ildə keçirilmiş bələdiyyə seçkiləri nəticəsində yerli özünüidarə orqanlarında qadınların təmsilçiliyi 3-4 faiz olduğu halda, indi bu göstərici 26,7 faiz səviyyəsindədir. Bələdiyyə sədrlərinin 17,7 faizi qadındır. Eyni zamanda, 85 rayon üzrə 73 icra hakimiyyəti başçısının müavini qadındır. Bundan başqa, qadın qeyri-hökumət təşkilatlarının sayı 200-dən çoxdur. Bütövlükdə, Azərbaycanda gender bərabərliyinin təmin edilməsi və qadınların səlahiyyətlərinin genişləndirilməsi ölkədə həyata keçirilən siyasətin prioritetlərindən biridir. Qadınlar üçün məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahələrində gender bərabərliyinin inkişaf etdirilməsi üçün davamlı olaraq görülən işlər bu faktı bir daha sübut edir".
Bütövlükdə, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəaliyyətini qiymətləndirən millət vəkili vurğulayıb ki, İƏT-nin məqsədi müsəlman aləmini birləşdirərək onun həmrəyliyini təşkil etmək, müsəlman ölkələrinin birliyinə nail olaraq siyasi, iqtisadi və mədəni əməkdaşlıq yaratmaq, müsəlman xalqlarının mənafelərini, milli hüquqlarını, müstəqilliyini qorumaq üçün birgə, yekdil fəaliyyət göstərməkdir: "Ölkəmiz müstəqilliyini əldə etdikdən sonra keçmiş sovetlər birliyinin müsəlman respublikaları arasında birinci olaraq İƏT-ə üzv qəbul olunmaq üçün müraciət edib və 1991-ci ilin dekabrında bu təşkilata qəbul olunub. Bundan sonra ölkəmiz bu nüfuzlu beynəlxalq təşkilat ilə fəal əməkdaşlıq münasibətləri qurub, təşkilat tərəfindən Azərbaycanın haqq işini dəstəkləyən bir sıra qətnamə və bəyannamənin qəbul edilməsinə nail olub. Ölkə prezidenti İlham Əliyevin də xarici siyasətində Şərq amili daim önəmli yer tutub, islam ölkələri və İƏT ilə münasibətlər yüksələn xətlə inkişaf edib. Bunu ölkə başçısının islam ölkələrinə müntəzəm səfərləri, bağlanan çoxsaylı müqavilələr, İƏT-in yığıncaqlarında fəal iştirakı və bu təşkilatın Azərbaycanla bağlı qəbul etdiyi çoxsaylı qərar və qətnamələri təsdiq edir. Azərbaycan bu təşkilat çərçivəsində çox fəal siyasət həyata keçirir". O əlavə edib ki, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu üzv dövlətlərdə "Xocalıya ədalət" kampaniyası çərçivəsində Xocalı faciəsinə həsr olunmuş anma günü keçirir. Təşkilat tərəfindən Xocalı faciəsinin soyqırım aktı kimi tanınması da çox mühüm faktordur.
Sivilizasiyalararası dialoqdan söz açan millət vəkili, bu dialoqun hüdudlarının qorunmalı olduğunu vurğulayıb: "Bu hüdudlar isə dialoqun mənəvi-əxlaqi nöqteyi-nəzərdən məqbulluq dərəcəsi ilə şərtlənir. Bu baxımdan, dinin norma və idealları sivilizasiyalar arasında həqiqi dialoqun gerçəkləşməsi üçün daha əlverişli sayılmalıdır. Eyni zamanda, dinlər sivilizasiyalararası dialoq yolunda əsas maneə sayılan etnik separatizm meyllərini öz içərisində əridib yox etməyə çalışır. Zənnimcə, sivilizasiyalararası dialoqun səmərəli olması üçün bu dialoq öncə sivilizasiyadaxili dialoqdan başlanmalıdır: özü də dialoqa girə bilməyən sivilizasiya özgə sivilizasiya ilə dialoqa girə bilməz. Dinlərin içindəki firqə və məzhəblər bir-birilə nə qədər çox dialoqa gedə bilərlərsə, dinlər də bir-birilə bir o qədər ümumi dil tapa bilər. Digər tərəfdən, bütün sivilizasiyalarda və dinlərdə dözümlülüyə çağırış var. Bu çağırış sivilizasiyalararası dialoq işində ən yararlı vasitə kimi təbliğ edilməlidir. Bu dözümlülüyün əsas prinsipi isə o olmalıdır ki, hər bir cəmiyyətin və fərdin bu və ya digər əqidəni, bu və ya digər həyat tərzini seçmək haqqı vardır. Bu haqqa qarşı zor işlədilməsi yolverilməzdir".
PƏRVANƏ