|
|
|
|
"Ahde Vefa Turan Birliği Sosyal Yardımlaşma ve Eğitim Derneği"nin (Əhdə Vəfa Birliyi Sosial Yardımlaşma və Təhsil Dərnəyi) dəvətlisi olaraq 22 oktyabr 2014-cü ildə Türkiyənin Konya şəhərində olan AMEA Fəlsəfə və Hüquq İnstitutunun böyük elmi işçisi dosent Ələkbərov Konya Əsnaf və Sənətkarlar Odasında "Türk Dünyasının problemləri" mövzusunda həm konfrans vermiş, həm də Türkiyə türkcəsində yayımlanan "Muhammed Emin Resulzadenin Dünya Görüşü" (Konya, Buğra Yayın Evi, 2014) kitabının imza mərasimi olub. Qeyd edək ki, kitab ilk dəfə 2007-ci ildə Bakıda, Azərbaycan türkcəsində nəşr edilib.
Faiq Ələkbərov konfransda dünyadakı Türk Milliyyətçiliyi, Turançılıq və Ülküçülükdən bəhs edib. Kitabında bəhs etdiyi M.Ə.Rəsulzadənin Azərbaycanda doğulub Türkiyədə vəfat edən çox dəyərli bir Türkçülük öndəri olduğunu, Türkçülük və Turançılıq fikrinin təməl daşlarından biri olduğunu söyləyib. Bu il Rəsulzadənin 130 illik yubileyinin keçirilməsinə diqqət çəkən Azərbaycan alimi bildirib ki, onun ideyaları bütün Türk dünyasında yayılmaqdadır. Ancaq bu ideyaların qarşısını almaq istəyən xarici qüvvələr var.
Qərb dövlətlərinin Türk dünyasını bir araya gətirməmək üçün maddiyyatı ön plana çıxarıb mənəviyyatımızı aradan qaldırmağa çalışdıqlarını ifadə edən F.Ələkbərova görə bunun üçün də qərblilər müsəlman türkləri İslam dinindən, adət və ənənələrimizdən uzaqlaşdıraraq Türk Kültürünü məhv etməyə, öz kültürlərini insanlarımızın şüurlarına yeridirlər.
Onun fikrincə, bu xarici mədəniyyətlərin, kültürlərin təsirində qalmanın nəticəsidir ki, son zamanlarda İslam-Türk Dünyasında dünya çapında alimlər yetişdirmək olmur.
Konfransdan sonra "Muhammed Emin Resulzadenin Dünya Görüşü" kitabının imza mərasimi olub.