Bu yaxınlarda “Qardaş qələmlər” dərgisinin sentyabr sayı işıq üzü görüb. Jurnal baş redaktor Ali Akbaşın annotasiyası ilə açılır: “Qardaş qələmlər” yeni könül və qələm qardaşlıqları qurmağa davam edir. Dərgimizdə sovet dönəmində yaşayan Qazaxıstanın görkəmli yazıçılarından biri- Berdibek Sokbakbayevin 90 illiyi münasibətilə hazırladığımız xüsusi bölümlə tanış olacaqsınız.
Digər bir özəl bölüm isə dəyərli dostumuz, Azərbaycan Yazıçılar Birliyinin idarə heyətinin üzvü və katibi Rəşad Məcidə həsr olunub. Azərbaycan Yazıçılar Birliyinin olduğu qədər də Avrasiya Yazarlar Birliyinin fəaliyyəti üçün də əməyini əsirgəməyən Rəşad Məcidin 50 illik yubileyi münasibətilə yazılmış yazıları sizlərlə paylaşırıq. Bu sayımızdakı dəyərləndirmə yazılarından sonra keçən ay yayımladığımız “On sentyabr” hekayəsini yenidən oxumağınızı tövsiyə edirik. Dostluğu bizim üçün bir xəzinə olduğu kimi qələmi, ürəyi də Azərbaycan və bütün türk dünyası üçün böyük bir dəyər olan Rəşad Məcidə bundan sonra da uzun, sağlam ömür və məhsuldar ədəbi həyat arzulayırıq. Əziz dost, “Dəlicəsinə” sev və eləcə yaşa!”
Baş redaktorun yazısını Türkməneli-İraqdan olan şair Kamal Bayatlının “Mədəniyyət ritmi” davam etdirir.
Qırğızıstanın tanınmış şairlərindən Markabay Aamatovun həyat və yaradıcılığına da dərgidə yer ayrılıb.
Qərbi Trakyadan Rəhmi Əlinin “fotolara baxarkən-
Böyük qazax yazıçısı Berdibek Sokbakbayevin həyat və yaradıcılığı haqqında Malik Otarbayevin tərcüməsində Amangəldi Kenşılıkuli, Akim Tarazi, Damira İbrahim, Tınımbay Nurmağambetovun yazıları və yubilyarın “Ana ürəyi” hekayəsi jurnalda öz əksini tapıb.
Ömər Kiçikməhmətoğlunun Altay İnstitutunun əməkdaşı, professor Nadejda Tıdıkovadan götürdüyü müsahibədə Altay dili, türkoloji məsələlər, şaman ritualları və sair mövzular işıqlandırılıb.
Günel Anarqızının “Ağac” hekayəsi də jurnalın sentyabr sayında oxucuların ixtiyarına verilib.
Tatarıstandan Fərid Yahinin “Mübarək nənələrin duası” adlı hekayəsi də dərgidə yer alıb.
Rəşad Məcidin 50 illik yubileyi münasibətilə jurnaldakı xüsusi bölüm akademik İsa Həbibbəylinin “Bütün yönləri ilə yaradıcı Rəşad Məcid” yazısı ilə açılır: “Çoxcəhətli yaradıcılıq fəaliyyətinə malik olan, şeir də, hekayə də yazan, publisistik məqalələrini də, ədəbi-tənqidi yazılarını və müsahibələrini də geniş ictimaiyyətə təqdim edən Rəşad Məcidin fəaliyyətində ən uzunömürlü sahə publisistikadır. Özünün də etiraf etdiyi kimi, o, hələ 1988-ci ildən ilk məqalələrini çap etdirdikdən bu günə qədər publisistika ilə ardıcıl şəkildə məşğul olmaqda davam etməkdədir. Əgər 1993-cü ildə “Mərhəmət” jurnalının əlavəsi, yaxud xüsusi buraxılışı olaraq çap etdirdiyi “Hələ ki, vaxt var” adlı şeirlər kitabında toplanan və bir qədər də sonralar yazıb uzun illər mətbuata çıxarmadığı şeirlərini 2004-cü ildə nəşr olunan əsərlərinin “10 sentyabr” adlı külliyyatında oxuculara çatdırmasaydı, Rəşad Məcidin şeir yaradıcılığı keçici bir ovqatın ifadəsi kimi düşünülərək hər halda arxa planda qalmalı olacaqdı. “Hələ ki, vaxt var” şeirlər kitabına yazdığı “On il əvvəlin toplusu” adlı müqəddimədə etiraf etməli olduğu kimi, məktəb yaşlarında ikən yaşadıqları binanın “dəmir çərçivəli pəncərəsindən” baxarkən evdən həyətə, genişliyə çıxmaq arzusunun bədii ifadəsi kimi tumurcuqlayan ağaclar, uzaqdakı qarlı dağlar, torpağımızın bənzərsiz gözəllikləri haqqında qoşduğu misralar formalaşaraq tər-təmiz poeziya nümunələrinə çevrilib”.
Xalq yazıçısı Elçinin təbrik mesajı da bölümdə təqdim olunub: “Əzizim Rəşad!.. Mənim üçün çox xoşdur ki, sənin yaradıcılığın da, fəaliyyətin də şəxsiyyətinlə üst-üstə düşür və bu mənada əlli yaşlarımız arasında çox azsaylı əsl ziyalılardan birisən”.
Xalq yazıçısı Anarın yazdığı “Əlvida 50, salam 51 yazısı” da xüsusi bölümdə yer alıb: “...Rəşad Məcidin yaratdığı və rəhbərlik etdiyi Gənc Ədiblər Məktəbi ədəbiyyatımıza neçə-neçə istedadlı cavanı gətirdi. Yazar kimi də, şəxsiyyət kimi də Rəşadın məziyyətləri az deyil... Rəşad dostluqda etibarlı, rəğbətlərində sabit, münasibətlərində dəyişilməzdir. Həm də ən incə mətləbləri duya bilən həssas insandır”.
Mətbuat Şurasının sədri Əflatun Amaşov Rəşad Məcidin xüsusi təqdimata ehtiyacı olmadığını yazısında vurğulayıb: “Onunla yaxınlıqda təmtərağa ehtiyac duyulmadığı kimi, onu xüsusi təqdim etməyə də zərurət yoxdur. Adı çəkiləndə gözlər önündə bir çox dəyərlər canlanır. Ədəbi, bədii mühitimizdə, jurnalistikamızda olan hər kəs o dəyərləri sadalayaraq Rəşad Məcidin portretini cıza bilər”.
Sevinc Mürvətqızının “Yüzü yarı edən Rəşad Məcidin özü, sözü və düzü” yazısında yubilyarın şəxsiyyəti, yaradıcılığı müxtəlif yönlərdən təhlil olunub, ona ünvanlanan arzular öz əksini tapıb: “...Əsrin tən yarısında olan Rəşad Məcidin elə bu şövqlə, bu dəlicəsinə istəklə 100 yaşa çatacağına və mənim də hələ neçə-neçə belə yubiley yazıları yazacağıma və bu vəfa borcunu tam ödəyəcəyimə ümid edirəm. “Borclu borclunun sağlığını istəyər” – misalını bu mətləbə calasam, kimsəyə bir ziyanı dəyməz, düşünürəm. Mənəvi cəhətdən borclu olduğum Rəşad Məcidin bundan sonra da ən azı indiyəcən yaşadığı qədər sağlığını arzulayıram...”
Tatarıstanın paytaxtı Kazanda keçirilən Türk dünyası Ədəbiyyat Dərgilərinin Konqresi haqqında materiallara da “Qardaş qələmlər”in bu sayında geniş yer ayrılıb.
S.MÜRVƏTQIZI