|
|
|
|
"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa məsələləri üzrə naziri Devid Lidinqtonla görüşüb. İcma rəhbəri Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyət göstərməli olan qurumların hələ də ikili standartlarının davam etdiyini bildirib. O, Devid Lidinqtonun diqqətinə çadırıb ki, Dağlıq Qarabağ münaqişəsi yaxın zamanda beynəlxalq hüquq prinsiplərinə uyğun şəkildə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərtilə həll olunmalıdır: "Biz bu istiqamətdə beynəlxalq qurumlardan qətiyyətli mövqe gözləyirik. Azərbaycan sülh tərəfdarıdır və biz həm öz ölkəmizdə, həm Cənubi Qafqaz regionunda, həm də bütün dünyada sülh istəyirik". Bununla yanaşı, görüşdə iştirak edən millət vəkili Elman Məmmədov qeyd edib ki, Böyük Britaniyanın bu münaqişənin həll olunmasında daha yaxından fəaliyyət göstərmək istəməsi müsbət haldır. E.Məmmədov deyib ki, münaqişənin həlli üçün Böyük Britaniyanın dəstəyi və səyi nəticəsində icmalararası dialoqların təşkil olunması, bu istiqamətdə mövcud proqram və layihələrdə tərəflərin daha aktiv iştirakının təmin olunması vacibdir.
D.Lidinqton isə qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi Böyük Britaniya və eləcə də bütün Avopa üçün çox vacib məsələdir. Onun sözlərinə görə, Böyük Britaniya münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin tərəfdarıdır və bu istiqamətdə danışıqların davam etdirilməsini zəruri hesab edir.
Millət vəkili Zahid Oruc "525"ə açıqlamasında qeyd edib ki, britaniyalı nazir Devid Lidinqtonun Bakıya səfəri ölkəmizin rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilib. O, bildirib ki, avropalı nazirin məsələlərə obyektiv münasibət sərgiləməsi, problemlərə ciddi baxışı, regiondakı əsas münaqişələrlə bağlı kifayət qədər informasiyalı olması diplomatik jarqonlarla deyil, açıq şəkildə məsələlərə münasibətini ortaya qoymasına səbəb olub: "Nəzərə almaq lazımdır ki, Devid Lidinqton Bakıya səfəri dövlətimizi çox kəskin tənqid edən Avropa mediası və Qərbin şəxsi dairələrinin hərəkətləri fonunda reallaşıb. Avropa Şurasının baş katibi Torbörn Yaqlandın tənqidi məqaləsini buna misal çəkmək olar. Bəllidir ki, Yaqland bunu özbaşına etməyib. Görünür ki, kimlərsə Azərbaycanı siyasi cəhətdən istədikləri kimi idarə edə bilməyəndə, xarici siyasətimizi cilovlamaq mümkün olmayanda sanksiyalar altına salmaq üçün müxtəlif vasitələr axtarırlar".
Birləşmiş Krallığının Avropa məsələləri üzrə nazirinin həm dövlət başçısı İlham Əliyev, həm xarici işlər naziri Elmar Məmmədyarovla və eyni zamanda Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşlərdə məqsədinin Qərbin mövqeyini açıq şəkildə dilə gətirmək olduğunu deyən Z.Orucun sözlərinə görə, Azərbaycanın ikili standartlardan xilas olması mümkün görünmür: "Bu bizim hazırkı dövrdə dünya ilə münasibətlərimizdir. Azərbaycan insanı bu sözün özündən belə diksinir. İndi normal bir standart ifadəsi özü də cəmiyyətdə çox ciddi mənfi reaksiyalar doğurur. Həqiqətən də bu dövr ərzində Avropa strukturları özünü diskriditasiya etdi, onlara olan etimadı tamamilə itirdilər. Vəziyyət o həddə çatıb ki, ATƏT-in Minsk qrupu optimal bir sülh müqaviləsi təklif etsə, xalq onu da dəstəkləməyəcək. Çünki o dərəcədə cəmiyyətdə rəğbəti, inamı sarsıdıblar ki, onların apardığı fəaliyyətin hansısa bir nəticə verəcəyinə inanmaq mümkün deyil".
Millət vəkili əlavə edib ki, Azərbaycan Qərb qüvvələri ilə bu cür diskussiyalar, görüşlər aparmağa həmişə hazır olub. Onun sözlərinə görə, rəsmi Bakını ittiham edən qüvvələr bu istiqamətdə yürütdükləri siyasətdən daşınmasalar da Azərbaycanın Qərblə əlaqələrindən imtina etmək fikri yoxdur: "Biz axı nə qədər Avropaya sədaqətimizə and içməliyik? Məgər bu illər ərzində ağır məsələlərin cərəyan etdiyi bir regionda bu siyasəti yürütmək özü bir nümunə deyil? Düşünürəm ki, obyektiv mövqe özü də bir qiymətdir. Bu təkcə hakimiyyət yetkililərin deyil, eyni zamanda Qərb dairələrinin məsələyə baxışıdır. Bütün hallarda, eləcə də onların Dağlıq Qarabağ məsələsinə münasibətlərindən asılı olmayaraq biz Qərblə əlaqələrimizi davam etdirəcəyik".
Ceyhun ABASOV