|
|
|
|
Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) Gənclər və İdman Nazirliyinin, AYB-nin və "Gənclərin Elmi Araşdırmalarına Dəstək" (GEAD) İctimai Birliyinin təşkilatçılığı ilə "Müasir Azərbaycan və Türkiyə ədəbiyyatında "erməni məsələsi" adlı layihə çərçivəsində Beynəlxalq Elmi Konfransın materiallarının təqdimat mərasimi keçirilib. Layihədə əsas məqsəd müasir Azərbaycan və Türkiyə ədəbiyyatında yer alan "erməni məsələsi"ni geniş ədəbi mühitdə müzakirə obyektinə çevirərək bu mövzunu hər iki ölkə ictimaiyyətinin diqqətində saxlamaqdır. Digər bir məqsəd isə iki qardaş ölkənin ədəbi mühitinin erməni məsələsinə baxışını, bu mövzuda yazılmış dəyərli əsərləri müəyyənləşdirmək, onları elmi təhlilə cəlb etmək və ölkə ictimaiyyətinə çatdırmaq olub.
Tədbiri GEAD İctimai Birliyinin sədri dosent Məmmədəli Babaşlı açıb, milli məsələyə həsr olunan bu layihənin reallaşmasına diqqət və qayğısını əsirgəməyən Gənclər və İdman Nazirliyinə, AYB-yə minnətdarlığını bildirib.
AYB-nin sədri, Xalq yazıçısı Anar çıxışında "Müasir Azərbaycan və Türkiyə ədəbiyyatında "erməni məsələsi" layihəsinin ciddi əhəmiyyət daşıdığını və bu münasibətlə nəşr olunmuş beynəlxalq elmi konfrans materiallarının gələcək nəsillər üçün əvəzolunmaz bir mənbə olduğunu bildirib. Onun fikrincə, toplunun rus, ingilis, fransız dillərində nəşri vacib işdir.
Tədbirdə Prezident Administrasiyasının Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev, Türkiyə Cümhuriyyəti səfirliyinin mədəniyyət müşaviri Seyid Ahmet Arslan, AYB-nin katibi Rəşad Məcid, Prezident yanında Gənclər Fondunun "Strateji planlaşdırma və beynəlxalq əlaqələr" sektorunun müdiri Orxan Ərəbov, Nizami adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini dosent Şəmil Sadiq, professor Təyyar Salamoğlu və başqaları çıxış edərək, fikirlərini bölüşüblər.
Sonda GEAD İctimai Birliyinin sədri dosent M.Babaşlı qonaqlara təşəkkürünü bildirərək, nəşr olunan "Müasir Azərbaycan və Türkiyə ədəbiyyatında "erməni məsələsi" adlı beynəlxalq elmi konfrans materiallarını tədbir iştirakçılarına təqdim edib.
S.ABDULLAYEVA