|
|
|
|
ХХ əsrin ikinci rübü geosiyasi və geoiqtisadi baxımdan dünyanın ən mühüm regionlarından biri olan Qafqazın ətrafında geostrateji rəqabətin kəskinləşməsi ilə səciyyələnir. Bu, dünyanın bu bölgəsində əvvəlki iki yüzillikdə cərəyan edən geotarixi prosesin məntiqi davamı olmuşdur.
Təsadüfi deyildir ki, alman geosiyasətinin klassiki Karl Haushofer Qafqazı tarixdə məşhur münaqişə zonaları olmuş Bosfor, Cəbəllütariq, Süveyş kanalı və XX əsrin bir sıra digər münaqişəli zonaları ilə yanaşı "qitələrin sərhədlərində döyüş zonası" sıralarına daxil etmişdir.
Avropadan Asiyaya nəhəng təbii körpü olan Qafqazın geosiyasi əhəmiyyəti ötən əsin 20-ci illərinin əvvəllərində bölgənin sovetləşdirilməsindən dərhal sonra əsaslı şəkildə artdı. Artıq bu dövrdə Qərbin və Şərqin bir sıra ölkələri bu bölgəyə, xüsusən də sürətlə inkişaf edən Bakı neft sənayesi rayonuna maraq göstərməyə başladı. Bütövlükdə Qafqaz müharibələrarası dövrdə vüsət almış "böyük geostrateji oyun"un obyektinə çevrildi. Bu dövrdən etibarən Qərbin aparıcı ölkələrinin baş qərargahları, xüsusi xidmət orqanları Qafqazın neft yataqları ilə zəngin olan ərazilərini SSRİ-dən qoparmaq və burada hansısa bir neft dövlətini yaratmaq variantlarını işləyib hazırlayırdılar.
30-cu illərdə "Qafqaz istiqamətində" daha çox fəallıq göstərən ölkə Polşa idi. Polşanın xüsusi xidmət orqanları, xüsusən də Polşa baş qərargahının 2-ci şöbəsi hələ 20-ci illərin ortalarında Türkiyənin qafqazlı mühacirləri ilə əlaqələr qurdular. Polşa baş qərargahının planlarına görə, Almaniya Sovet İttifaqına qarşı hərbi əməliyyatlara başladıqdan sonra Polşa Qafqazda yaranacaq yerli qiyamçı qruplaşmalara hərbi-texniki yardım göstərməli idi. 1921-1940-cı illərdə Şimali Qafqaz ərazisində ən azı altı iri antisovet qiyamçı çıxışlarının baş verdiyini qeyd etmək kifayətdir.
Yaponiyanın Türküstan, Yakutiya və Monqolustanla bağlı planları kontekstində Qafqaza yapon kəşfiyyatı da maraq göstərirdi. 30-cu illərin sonunda o, Türkiyə, İran, Əfqanıstan ərazisindən Sovet İttifaqının cənubunda öz fəaliyyətini əhəmiyyətli şəkildə gücləndirdi. Polşa kəşfiyyatı kimi, yaponlar da qafqazlı mühacirlərlə sıx əlaqələr qurur və müharibə başladığı təqdirdə, bu əlaqələrdən diversiya aktlarını hazırlamaq, əhali arasında təbliğat aparmaq və qiyamçı dəstələr təşkil etmək üçün istifadə etməyi planlaşdırırdı. Xüsusən də yaponları Bakının neft mədənlərində, Qroznı şəhərinin neft anbarları və neft emalı müəssisələrində diversiyaları təşkil etmək, Xəzərdə isə Volqa çayına yanacaq çatdırılmasına maneə yaratmaq imkanları maraqlandırırdı. Bundan başqa, yaponlar qafqazlı mühacirlərə açıq bildirirdilər ki, Qafqazda yaxşı hazırlanmış elə ilk üsyan dərhal Yaponiya və Almaniya tərəfindən tanınacaq Qafqaz hökumətini yaratmaq imkanı verəcəkdir.
Faşist İtaliyası da Qafqaza maraq göstərirdi. Qafqazın mühacir dairələri ilə əlaqələr saxlayan İtaliyanın xüsusi xidmət orqanları sovet Zaqafqaziyasındakı vəziyyət haqqında informasiya toplayır, Qafqazda qiyamçı dəstələrin silah-sursat və amunisiya ilə təchiz edilməsi, habelə İran-SSRİ və Türkiyə-SSRİ sərhədləri yaxınlığında kənd təsərrüfatı və meşə konsessiyalarının öyrənilməsi adı altında İtaliya ordusunun bölmələrinin gizli şəkildə yeridilməsi məsələlərini öyrənirdi.
Türkiyənin də əsrlər boyu Qafqazda ənənəvi strateji maraqları olmuşdur. Bu baxımdan 20-ci illərdə Qərb ölkələrinin Türkiyənin Qafqaz planlarına münasibəti maraqlıdır. Düşünüldüyü kimi, sovet Qafqazının Türkiyənin hakimiyyəti altına keçməsi açıq-aşkar bir irəliləyiş olmaqla Qərb ölkələrinin maraqlarına cavab verərdi. Belə ki, məsələn, Britaniya hökuməti Acarıstanın, Ermənistanın və Azərbaycanın bir hissəsinin (Kürə qədər) Türkiyəyə verilməsinə qarşı etiraz etmirdi. Hətta Türkiyə hökuməti yeni əraziləri kəşf etmək üçün kreditlər də almağa ümid edə bilərdi. Hesab olunurdu ki, Qafqazda Türkiyə qoşunlarının peyda olması Azərbaycanda Mərkəzi Asiyaya da sıçraya biləcək silahlı üsyana gətirib çıxaracaqdır.
1934-ci ilin yay ayında Türkiyə ordusunun baş qərargahı hərbi kəşfiyyatın timsalında sovet sərhədləri boyu hərbi-kəşfiyyat məntəqələrinin yaradılmasında qafqazlı mühacirlərə texniki yardım göstərilməsi işini öz himayəsinə götürdü. Eyni zamanda Türkiyə bu dövrdə SSRİ ilə münasibətlərini kəskinləşdirmək istəmir, bunun vaxtının hələ yetişmədiyini düşünürdü. Yeni Türkiyəni və onun lideri Mustafa Kamal Atatürkü çətin dövrdə dəstəkləmiş şimal qonşusu ilə ümumilikdə dostluq münasiblərini saxlayan Türkiyə rəhbərliyi riskli addımları ilə səbəbsiz olaraq münasibətləri mürəkkəbləşdirmək istəmirdi. Lakin İkinci dünya müharibəsinin başlamasından öncə Çeçenistanda Qafqaz müsəlmanlarının Türkiyənin protektoratı altında birləşdirilməsi istiqamətində təbliğat aparılırdı.
Qafqazda və xüsusən də Bakıda fəal kəşfiyyat işi, əlbəttə ki, Almaniyanın da xüsusi xidmət orqanları aparırdı. Belə ki, IV РСХА (gestapo) idarəsinin gələcək rəhbəri Henrix Müller (mühəndis Krauze adı altında) 17 oktyabr 1938-ci ildə Kruppo konserninin ekspertlərinin tərkibində neft şəhərində diversiyalar təşkil etmək məqsədilə "Daşnaksutyun" gizli erməni millətçi təşkilatının üzvləri və fəalları ilə xəfiyyə şəbəkəsini qurmaq üçün Bakıya gəlmişdi. Qafqazda alman kəşfiyyatı ("Abver") da qafqazlı mühacirlərdən istifadə etməklə öz xəfiyyə şəbəkəsini genişləndirirdi.
Qafqaz uğrunda mübarizədə Qərb ölkələri Şimali Qafqaz kazaklarının bolşevik Rusiyasına qarşı ənənəvi düşmənçilik münasibətindən də yararlanmaqdan çəkinmirdi. Bu kontekstdə məşhur polkovnik T.E.Lourens ilə bağlı bir epizod maraqlıdır. 1925-1929-cu illərdə Peşəvərdə və Kəraçidə olarkən polkovnik ətraf ərazilərdən Sovet İttifaqı istiqamətində kəşfiyyat işi ilə məşğul idi. İngilis polkovniki Qafqaz üzərində protektorat ideyasını irəli sürmüşdü. Əvvəlki Don, Kuban, Kalmıkiya, Stavropol, Terek, Krım, Aşağı Volqa diyarı və Orenburq əraziləri İngiltərə ilə müttəfiq olan Yeni Donlular dövlətini təşkil etməli idi. Lakin 1935-ci ilin may ayında polkovnik Lourensin yol-nəqliyyat hadisəsində həlak olması bu iddialı layihəyə son qoydu.
Ümumilikdə isə sovet xüsusi xidmət orqanlarının səmərəli əks-kəşfiyyatı sayəsində və Qərb dövlətlərinin İkinci dünya müharibəsinin gedişində Qafqazla bağlı planlarının köklü şəkildə dəyişməsi nəticəsində uzağa gedən bu planların qarşısı alındı.
Newtimes.az
Pərvin Darabadi, tarix elmləri doktoru, professor