Xəyalə ƏFƏNDİYEVA
Azərbaycan romantik ədəbiyyatının görkəmli nümayəndəsi, milli-romantik şeirin və mənzum faciənin yaradıcısı filosof-şair, mütəfəkkir, dramaturq Hüseyn Cavid zəngin yaradıcılığı ilə Azərbaycanda milli şüurun oyanmasında, mənəvi-əxlaqi düşüncənin formalaşmasında böyük xidmət göstərib. Etnik və ya milli mənsubiyyətlə bağlı heç bir hüdud bilməyən, bütün əsərlərində bəşəri düşüncə və humanizmi təbliğ edən Cavidin zəngin irsi Azərbaycan və eləcə də dünya mədəniyyətinin ayrılmaz tərkib hissəsidir.
Ədibin çoxşaxəli yaradıcılığı dəfələrlə tədqiqata cəlb olunmasına baxmayaraq çağdaş dövrümüzdə də müxtəlif aspektlərdən təhlil üçün bol material verir. Ədəbiyyatşünaslığımızda dahi sənətkarın irsinin tədqiqi üzrə müstəqil elm sahəsi – Cavidşünaslıq yaranıb. Cavidin yaradıcılığına əsl elmi münasibət keçən əsrin 60-70-ci illərindən başlayıb, Ə.Sultanlı, M.Cəfər, M.H.Türkəqul, Y.Qarayev, M.Əlioğlu, Ə.İbadoğlu, Z.Əkbərov, İ.Orucəliyev, T.Əfəndiyev, B.Şəfiyev, H.Ənvəroğlu, Ə.İsmayılov, Z.Abıyeva, G.Qafarova, N.Əzizova, L.Əsgərzadə, R.Hüseynov, A.Turan, T.Hüseynli, U.Ənvər və başqaları bu istiqamətdə tədqiqat aparıblar.
Bu yaxınlarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi Məlahət Babayeva Cavidin irsi ilə əlaqədar dəyərli bir xidmət göstərib. O, “Hüseyn Cavidin dramlarında tarixi şəxsiyyətlərin bədii obrazları” mövzusunda tədqiqat işi üzərində uğurla işləyib, eyni zamanda “Topal Teymur” tarixi dramını ingilis dilinə tərcümə etmiş və əsərə şərhlər yazaraq nəşr etdirib. Kitab 2012-ci ildə ADPU-nun nəşriyyatında işıq üzü görüb, elmi redaktoru professor Himalay Qasımovdur.
Tərcümə işi, ümumiyyətlə, məsuliyyətli işdir. Cavidi tərcümə etmək isə bu məsuliyyəti daha da artırır. Sevindirici haldır ki, Məlahət Babayeva bu işin öhdəsindən uğurla gəlmiş, Cavid əfəndinin özü demişkən, “imlasına toxunmadan”, əsərin ümumi məzmununa və üslubuna xələl gətirmədən nəsrlə yazılmış bu tarixi faciəni ingiliscəyə çevirmişdir. Kitabın ali məktəblərin Azərbaycan və ingilis filologiyası, jurnalistika, şərqşünaslıq, teatrşünaslıq, sənətşünaslıq və s. fakültələrində dərs vəsaiti kimi istifadə olunması onun praktik əhəmiyyətini göstərməkdədir.
Məlahət Babayeva müasir ədəbi proseslə yaxından maraqlanan gənc qələm sahibidir. Çağdaş Azərbaycan şeiri, bədii nəsri və dramaturgiyası ilə bağlı dövri mətbuatda çap olunan məqalələri onun istedadına ümid bəsləməyə haqq verir. Tədqiqatı oxuduqca bu qənaətə gəlirsən ki, müəllif obyektini – Cavidin yaradıcılığını mükəmməl bilir, araşdırmalarında, müqayisə və təhlillərində, qaldırdığı məsələlərin şərhində kifayət qədər elmilik müşahidə olunur. Tarixi faktlara yerli-yerində istinad və şəxsiyyətin tarixdəki xidmətlərinin ədəbiyyatla və sənətlə əlaqələndirilməsi elmi əsərə rəngarənglik gətirir.
Sovet ideologiyasının təsiri nəticəsində uzun müddət Cavidin bəzi əsərləri, o cümlədən, “Topal Teymur” yanlış təqdim və təhlil olunmuşdur. Bu mənada, Məlahət Babayevanın əsərlərə yeni baxışı, müstəqil düşüncə ilə yanaşması, qaldırdığı problemin həllində milli mövqedən çıxış etməsi təqdirəlayiqdir.
Tədqiqatçı “Topal Teymur” tarixi dramında Cavidin yazıçı mövqeyini, milli düşüncəsini, türklüyün faciəsini çox düzgün dərk və təhlil edərək yazır:
“Cavid eşq və gözəllik şairi olaraq XX əsrdə dünyanı bürüyən müharibələrə, qırğınlara, insan faciələrinə səssiz qala bilmirdi. Belə bir dövrdə dini, dili, tarixi və mədəniyyəti bir olan millətlərin birlik sərgiləməsini, fitnə-fəsadlara uymamasını istəyirdi. Cavid firqələrə, təriqətlərə, milli azlıqlara ayrılmayıb ümumislam, ümumtürk bayrağı altında birləşməyi təbliğ edirdi”.
Düşünürəm ki, Cavidi duyan, dərk edən və sistemli şəkildə təhlilə cəlb edən Məlahət Babayevanın bu tədqiqatı, tərcümə etdiyi kitab Cavidşünaslığa dəyərli bir töhfədir.
Bu münasibətlə müəllifi və bu gənc alimin formalaşmasında böyük xidmətləri olan filologiya elmləri doktoru, professor Himalay Qasımovu təbrik edir və yeni yaradıcılıq uğurları arzulayıram.