Millət vəkili Qənirə Paşayeva Türkiyənin TRT, TRT TÜRK, TRT HABER, Kanal 24, TGRT, TV 5, TRT-Avaz televiziya kanallarına və bir sıra məşhur qəzetlərə, agentliklərə, mətbuat orqanlarına Qarabağ həqiqətləri və bölgədə baş verən son hadisələrlə bağlı geniş müsahibələr verib və proqramlarda iştirak edib.
Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı ilə bağlı fikirlərini bildirən və sualları cavablandıran millət vəkili Qarabağ münaqişəsi ilə bağlı daha geniş söhbət açıb. Millət vəkili müsahibəsində Xocalı soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Ermənistanın 20 ildən artıqdır 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumat verərək bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. Azərbaycan ordusunun vurduğu Ermənistana məxsus vertalyotla bağlı da sualları cavablandıran millət vəkili qardaş Türkiyə KİV-lərini bu məsələdə daha həssas olmağa çağırıb: “Dağlıq Qarabağ adlı bir dövlət yoxdur və heç zaman da olmayacaq. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında saxta bir rejim yaradıb və onlar dünya tərəfindən tanınmır və heç bir zamanda da tanınmayacaq”.
Millət vəkili deyib ki, bütün dünyanın Ermənistana təzyiq göstərərək sənin hərbi vertalyotunun, əsgərinin Azərbaycan hava sahəsində, torpağında nə işi vardı deyə təzyiq etməsi lazımdır: “Ermənistanın işğal etdiyi Azərbaycan bölgəsi olan Ağdamda və ön cəbhə bölgəsində 40 minlik əsgərlə təlim keçirməsinə səssiz qalan güclər, beynəlxalq təşkilatlar, ATƏT-in Minsk Qrupu həmsədrləri olan ABŞ, Rusiya və Fransa bölgədə durumun gərginləşməsinin təəssüf ki, qarşısını almaq üçün heç bir addım atmırlar.
Onlar Ermənistandan işgal etdiyi Azərbaycan bölgəsi olan Ağdamda, həm də tam ön cəbhəyə yaxın 40 minlik əsgərlə hərbi təlimləri nə üçün keçirirsiniz, buna nə haqqınız var deyə Ermənistana heç bir təzyiq göstərmirlər. Və Ermənistan hərbi helikopteri bu təlimlər zamanı Azərbaycanın zaten bu təlimlərlə ihlal etdiyi hava sahəsini daha da ihlal edərək işgal altında olmayan bölgələrə doğru da görünməsi artıq səbri daşıran son addım oldu. Azərbaycan əsgərləri də Ermənistanın təxribatlarının qarşısını alaraq həmin helikopteri vurmuş və onların insanımıza hər hansı bir zərər verə bilmələrinin qarşısını almışlar.
Təəssüf ki, bu gün də beynəlxalq təşkilatlar Ermənistana sizin hərbi helikopterin vurulduğu yerdə nə işi vardı, orada nə axtarırdı, orası Azərbaycanın hava sahəsi deyərək ciddi təzyiq göstərmirlər. Özəlliklə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması missiyasını daşıyan Minsk qrupu həmsədrlərinin Ermənistana işğala son qoyması üçün heç bir təzyiq göstərməməsi Ermənistanın bölgədə daha da azğınlaşmasına və durumu daha da gərginləşdirən təxribatları davam etdirməsinə səbəb olur. Amma artıq münaqişənin sülh yolu ilə həlli üçün dayanmadan çalışan Azərbaycanın hərbi güclərinin, xalqının da səbri daşmışdır və artıq yetər deyirik.
Ermənistan artıq anlamalıdır ki, Azərbaycana qarşı etdiyi bu kimi təxribatlara, hava sahəsini pozmalarına qarşı çox sərt cavab alacaqlar. 20 ildir Azərbaycan torpaqlarını işgaldan azad etməyən Ermənistana bunun bir dərs olması lazımdır. ATƏT-in Minsk qrupu həmsədrlərini də artıq münaqişənin həlli üçün ciddi addımlar atmağa çağırırıq və işgalçını şımartmanız artıq yetər deyirik. Hər şeyin bir həddi var”.
Azərbaycan həqiqətlərinin həm Türkiyədə insanlara, həm də bütün dünyaya yayılmasında Türkiyə KİV-lərinin də üzərinə böyük missiya düşdüyünü deyən Q. Paşayeva bildirib ki, bəzi KİV-lərdə bu məsələ ilə bağlı yanlış məlumatlar bizi ciddi üzür: “İnanırıq ki, bunlar bir daha təkrarlanmayacaq. Bütün həmkarlarımızı, dostları bu həssas məsələ ilə bağlı məlumatlar verərkən daha həssas olmağa çağırırıq”.
Kamil HƏMZƏOĞLU