Sovet dönəmindən qalmış və günün tələblərinə cavab verməyən pensiya sistemində köklü dəyişikliklərin başlanğıcı 2001-2005-ci illəri əhatə edən “Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası”nın reallaşdırılması ilə qoyulub. Məhz bu dövrdə sığorta-pensiya sisteminin müasir standartlara uyğunlaşdırılması istiqamətində zəruri addımlar atılıb, vətəndaşların pensiya təminatında sığorta prinsiplərinin tətbiqinə istiqamətlənmiş tədbirlər həyata keçirilib. Sığorta-pensiya və sosial yardım sistemlərinin biri-birindən ayrılması və ödənilən sosial sığorta haqları ilə təyin olunan pensiya məbləğlərinin əlaqələndirilməsi bu tədbirlərin başlıca istiqamətini təşkil edib.
2006-cı ildən etibarən ölkəmizdə yeni, beynəlxalq təcrübədə özünü doğrultmuş üçpilləli struktura (baza, sığorta və yığım hissələrindən ibarət) əsaslanan əmək pensiyaları sistemi fəaliyyətdədir. Artıq əldə olunmuş ilkin təcrübə yeni sistemin yüksək sosial səmərəliliyini göstərir. Yeni sistemin fəaliyyəti dövründə əmək pensiyalarının istər minimal məbləği (baza hissəsi), istərsə də orta aylıq məbləği əhəmiyyətli şəkildə artıb. Bütövlükdə pensiyaların artım mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə reallaşdırılması mövcud maliyyə imkanlarının pensiyaçılar arasında daha ədalətli bölgüsünə şərait yaradıb. Məcburi dövlət sosial sığortada fərdi uçot sistemi yaradılıb, vətəndaşların pensiya təminatının fərdi uçotun məlumatları əsasında aparılması həyata keçirilib və beləliklə, pensiya təminatında sığorta prinsiplərinə keçid təmin edilib.
Azərbaycanın sığorta-pensiya sistemində əhaliyə göstərilən xidmətlərin müasir əsaslara təşkili sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlər sırasında sığortaolunanların elektron məlumatlandırılması sisteminin və mərkəzləşdirilmiş və avtomatlaşdırılmış qaydada pensiya təyinatının tətbiqi xüsusi qeyd olunmalıdır. Sığortaolunanların müasir məlumatlandırılması sistemi istənilən sığortaolunana Dövlət Sosial Müdafiə Fondu tərəfindən açılmış fərdi şəxsi hesabında illər üzrə əks olunan pensiya kapitalına nəzarət etmək imkanı yaradıb. Bu isə sistemdə şəffaflığın daha da artmasına gətirib çıxarmaqla yanaşı, həm işəgötürənlər üzərində ictimai nəzarətin təşkilinə yardım göstərib, həm də avtomatlaşdırılmış pensiya təyinatının reallaşdırılmasını təmin edib.
Sözügedən Fondun 2013-cü ildən reallaşdırdığı Çağrı mərkəzi vasitəsilə avtomatlaşdırılmış pensiya təyinatı sayəsində pensiya yaşına çatan vətəndaşa 190-a zəng etməklə və yalnız şəxsiyyət vəsiqəsinin nömrəsini bildirməklə real vaxt çərçivəsində pensiya təyin edilməsi həyata keçirilir. Vətəndaş pensiyasının məbləği, plastik pensiya kartını alacağı bank şöbəsinin ünvanı haqqında məlumatı dərhal əldə edir. Bütün proses isə cəmi bir neçə dəqiqə vaxt aparır.
Son illər Azərbaycanda elektron xidmətlərin tətbiqi xeyli genişlənib. Bu isə modern və çevik idarəetmənin təmin edilməsinə, işin səmərəli təşkilinə və vaxt itkisinin qarşısının alınmasına, şübhəsiz ki, öz müsbət təsirini göstərib.
“Elektron hökumət” portalının statistikasına əsasən, respublikada ən çox elektron xidmətlər göstərən qurumlar sırasında DSMF ilk yerlərdən birini tutur. Bu, təsadüfi deyil. Çünki adıçəkilən fondda hazırda bütün zəruri işlər görülərək məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması tam başa çatdırılıb. Digər tərəfdən, bütün bunlar sosial sığorta ödəyicilərinin aktiv iştiraka cəlb edilməsi istiqamətində həyata keçirilən islahat tədbirləridir.
Azərbaycanda vahid prinsiplər əsasında fəaliyyət göstərən və ölkənin bütün işləyən əhalisini əhatə edən, təyin olunan pensiyaların məbləğinin sistemə ödənilmiş və fərdi uçotu aparılmış sosial sığorta haqlarına bağlı olan müasir sığorta-pensiya sistemi formalaşdırılıb ki, bu da beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilib. Məsələn, “Doing Business
Bu gün ölkəmizdə mövcud olan pensiya təminatında bir sıra sosial sığorta ilə əlaqəli olmayan öhdəliklər sistemin maliyyə yükünü xeyli artırmaqla pensiya sisteminin xərclərinin, eləcə də dövlət büdcəsindən ayırmaların (transfertin) artımını şərtləndirib. Nəticədə Dövlət Sosial Müdafiə Fondunun təsdiq edilmiş büdcəsində xərclərin məbləği 2014-cü ildə 2928,5 milyon manat təşkil edib ki, bu da 2006-cı ildəki 589,5 milyon manatla müqayisədə 5 dəfə artıb. Həmin müddətdə dövlət büdcəsindən ayırmaların (transfertin) məbləği 6,8 dəfə artmaqla, 167 milyon manatdan 1142 milyon manata, cəmi xərclərdə xüsusi çəkisi isə 28,3 faizdən 39 faizə yüksəlib.
Hazırda pensiyaçıların sayı 1,28 milyon nəfər, sığortaolunanların sayı isə 2,7 milyon nəfərdir. Bir pensiyaçıya təxminən 2,1 nəfər sığortaolunan düşür. Sığortaolunanların təxminən 1,4 milyon nəfəri muzdla işləyənlərdir və onlar üzrə məcburi dövlət sosial sığorta haqqı əməkhaqqı fondunun 25 faizi həcmində ödənilir. Digərləri isə daha aşağı sosial sığorta normativi ilə (minimum aylıq əməkhaqqının 2-50 faizi məbləğində) sığorta haqqı ödəyənlərdir. Bura əsasən, mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər, fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər aiddir. Həmrəylik prinsipinə əsaslanan pensiya təminatı sistemi üçün bu şərtlər böyük çətinliklər törədir və sığorta prinsiplərinin tam gözlənilməməsi ödənilən sosial sığorta haqları ilə əlaqəsi olmayan xərclərin xüsusi çəkisinin artımına şərait yaradır.
Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 43 faizindən çoxunu əhatə edir. Dövlət Sosial Müdafiə Fondunun mərkəzi məlumat bazasında 1 milyon 286 min pensiyaçı və 2 milyon 800 mindən artıq sığortaolunan barədə müvafiq məlumatlar toplanıb. Məlumat bazasından istifadə etməklə, Fondun öz veb səhifəsi və ya elektron hökumət portalı vasitəsilə pensiyaçılar, sığortaedənlər və sığortaolunanlara çoxsaylı elektron xidmətlər göstərir.
Yuxarıda qeyd edilənlərlə yanaşı, sığorta-pensiya sisteminin dayanıqlı və müstəqil inkişafına nail olunması məqsədilə hazırda bir sıra zəruri tədbirlərin reallaşdırılması qarşıda mühüm vəzifə kimi durur. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 2014-cü il tarixli sərəncamı ilə təsdiq olunan “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı konsepsiyası” mühüm əhəmiyyət kəsb edir. Adı çəkilən sənəddə qeyd olunur ki, pensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biridir.
Konsepsiyada pensiya təminatı sistemində bir sıra həllini gözləyən problemlərin mövcudluğu da göstərilir. Bunlar sırasında pensiya təminatı sistemində hazırkı şərtlər daxilində uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığının olmaması xüsusi vurğulanır. Qeyd edilir ki, hazırda pensiya məbləğlərinin bir hissəsini müstəqil Azərbaycan Respublikasında sosial sığorta qanunvericiliyinin tətbiq olunduğu 1992-ci il 1 yanvar tarixindən əvvəlki dövr üzrə formalaşmış məbləğlər təşkil edir. Həmin dövrə görə yaranan dövlət öhdəlikləri, eləcə də bəzi kateqoriyadan olan şəxslərin pensiyasına əlavələr sığorta prinsiplərinə əsaslanmadığından pensiya təminatı sistemində təmin olunmamış maliyyə öhdəlikləri formalaşıb. Bununla yanaşı, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə dövlətin həyata keçirdiyi bir sıra tədbirlər nəticəsində yaranan öhdəliklərin ödənilən məcburi dövlət sosial sığorta haqları ilə bağlı olmaması (əmək pensiyalarının baza hissəsinin mütəmadi artımları, sistemə ödənilən sosial sığorta məbləğlərinə adekvat olmayan yüksək pensiya təminatı və s.) həmin öhdəliklərin məbləğinin şərti yığım sistemində qeydə alınan pensiya kapitalına uyğun olmayan artımını yaradıb.
Əmək pensiyasının baza hissəsinin növbəti mərhələdə tətbiqinin islahat tələblərinə uyğun olmaması da narahatlıq yaradır. Belə ki, əvvəlki mərhələdən (pensiyaların orta aylıq məbləğinin dövlət dəstəyi vasitəsilə müəyyən həddə çatdırılması) fərqli olaraq, hazırkı vəziyyətdə əmək pensiyasının baza hissəsi pensiya təminatı sistemində sığorta prinsiplərinin dərinləşdirilməsinə mənfi təsir edir. Ödənilən cəmi sığorta haqqının yarısının baza hissəsinin maliyyələşdirilməsinə yönəldilməsi, sığorta haqqı ilə pensiya arasındakı əlaqəni zəiflədir. Bu isə uzun müddət və yüksək məbləğdə sosial sığorta haqqı ödəyən işçilər tərəfindən daha az müddətdə və aşağı məbləğdə sosial sığorta haqqı ödəyən işçilərin gələcək pensiyalarının dolayı subsidiyalaşdırılmasına şərait yaradır. Nəticədə yüksək əməkhaqqından sosial sığorta haqlarının ödənilməsinə maraq azalır.
Sosial sığorta haqqı normativinin mövcud strukturu, yəni sığorta haqqının ödənilməsində yükün əsas hissəsinin işəgötürənin üzərinə düşməsi sığortaolunanların aktivliyinin azalmasına səbəb olur. Pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi sığorta haqqı normativinin strukturunda sığortaolunanın məsuliyyətinin tədricən artırılmasını zəruri edir.
Konsepsiyada Azərbaycan Respublikasında pensiya təminatı sisteminin ödəmə qabiliyyətinə mənfi təsir edən bir sıra amillərin mövcudluğu da qeyd edilir. İlk növbədə, pensiya təminatı sisteminin iştirakçılarının, yəni sığortaolunanların və pensiyaçıların sayı arasındakı nisbətin mövcud səviyyəsi qənaətbəxş deyildir. Bu vəziyyət əsasən pensiya təminatı sistemindən kənar amillərlə, xüsusilə işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsində və əməyin ödənişinin təşkilində mövcud olan problemlərlə əlaqədardır. Konsepsiyada vurğulanır ki, əmək pensiyasının baza hissəsinin restrukturizasiyası işçilərin şərti yığım sistemlərində uçota alınmış vəsaitin artırılmasına şərait yaradacaq, işləyənlərin fərdi hesablarında nəzərə alınan vəsait ödənilən sığorta haqqının yarısını deyil, tam məbləğdə nəzərə alınmasını təmin edəcək. Bu, təyin olunacaq pensiyada ödənilən sığorta haqqının tam məbləğdə nəzərə alınmasına, sığorta prinsiplərinin gücləndirilməsinə şərait yaradacaq. Əmək pensiyasının baza hissəsinin restrukturizasiyası ilə bağlı olaraq minimum pensiya məbləği göstəricisi tətbiq ediləcək. Fərdi hesab məlumatlarına əsasən təyin olunan pensiyaların məbləği minimum pensiya məbləğindən aşağı olduqda, pensiya hüququ üçün sığorta stajına tələb qoyulmaqla, həmin məbləğə çatdırılacaq. Təyin olunan pensiyanın məbləği minimum pensiya məbləğindən yuxarı olduğu hallarda isə sığorta stajına tələb qoyulmayacaq. Minimum pensiya məbləğinin artımı ayrılıqda deyil, ümumi pensiya məbləğləri ilə birlikdə indeksləşdirmə qaydasında aparılacaq. Pensiya təminatı sisteminin perspektiv inkişafının aktuar modelləşdirmə əsasında proqnozlaşdırılmasının təmin edilməsi sistemdə baş verəcək proseslərin əvvəlcədən müəyyənləşdirilməsinə və onun idarə olunması üçün qabaqlayıcı tədbirlərin görülməsinə şərait yaradacaq.
Konsepsiyada, həmçinin əhalinin etibarlı pensiya təminatına nail olunması üçün məcburi dövlət sosial sığortasından əlavə təminata imkan verən mexanizmlərin formalaşdırılması zəruri sayılır. Dövlət pensiya təminatı sistemində yığım komponentinin, eləcə də qeyri-dövlət pensiya institutlarının təşkili üçün könüllü sosial sığortanın tətbiqi məqsədəuyğun hesab edilir. Bu məqsədlə bir sıra təşviq vasitələrinin istifadəsi nəzərdə tutulur.
Ceyhun ABASOV
Yazı Dövlət Sosial Müdafiə Fondunun “Sığorta-pensiya sistemində aktiv iştirakınız gələcəyinizin təminatıdır” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.