Azərbaycanın Xalq rəssamı, istedadlı xalça ustası Lətif Kərimovun ad günü həm də Azərbaycan Xalçası Günü kimi qeyd edilir. Bu münasibətlə vaxtilə Lətif Kərimovun təşəbbüsü ilə yaradılmış, hazırda onun adını daşıyan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində tədbir keçirilib. Tədbirdə İdarəçilik və Texnologiya Kollecinin müəllimləri və tələbələri, xalçaçı rəssamlar, unudulmaz sənətkarın ailə üzvləri, dostları və həmkarları, muzeyin əməkdaşları, jurnalistlər iştirak ediblər.
Anım tədbirində çıxış edənlər - muzeyin direktoru Röya Tağıyeva, xalçaçı rəssamlar Tariyel Bəşirov, Məmmədhüseyn Hüseynov, Aydın Rəcəbov və başqaları Lətif Kərimovun bu sənətə verdiyi dəyərli töhfədən söz açıblar. Qeyd edilib ki, Azərbaycan xalça sənəti ənənələrinin qorunub saxlanmasında, inkişaf və davam etdirilməsində böyük xidmətləri olan Lətif Kərimov istedadlı xalça rəssamlarının bütöv bir dəstəsini yetişdirib. Çıxış edənlər Lətif Kərimov haqqında xatirələrini bölüşərək vurğulayıblar ki, hər bir Azərbaycan xalçası onu yaradanın dilindən söylənilən bir nağıldır.
Lətif Kərimovun ailə üzvləri böyük sənətkarın xatirəsinə hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıqlarını bildiriblər.
Lətif Kərimovun anadan olmasının 100 illiyi münasibətilə Xalq rəssamı Tahir Salahovun eskizləri əsasında toxunmuş xalçanın təqdimatı, həmçinin təxminən 200 il bundan əvvəl toxunmuş Təbriz məktəbinə aid xalçanın muzeyə hədiyyə edilməsi mərasimi keçirilib. Azərbaycan Xalçası Günü çərçivəsində muzeydə həm də "Gürcüstan Milli Muzeyində Azərbaycan xalçaları" kataloqunun təqdimatı keçirilib. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva tədbirin qonaqlarına nazir Əbülfəs Qarayevin salamını çatdıraraq qeyd edib ki, Azərbaycan ilə Gürcüstanı sıx dostluq əlaqələri və mədəniyyət sahəsində əməkdaşlıq telləri bağlayır. Bir gün qabaq açılmış "Gürcüstandan sevgilərlə" sərgisi barədə məlumat verən nazir müavini tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, xalçaçılıq Azərbaycan mədəniyyətinin ənənəvi istiqamətlərindən biridir. Ölkəmizin xalçaları bütün dünyada məşhurdur. Azərbaycan xalçası UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.
Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Giorqadze tədbirə toplaşanlara minnətdarlığını bildirərək vurğulayıb ki, Gürcüstanda Azərbaycan mədəniyyətinə və incəsənətinə çox böyük maraq var, "Gürcüstan Milli Muzeyində Azərbaycan xalçaları" kataloqunun çapdan çıxması hər iki ölkənin mədəni həyatında mühüm hadisədir.
Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidze və Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyeva Azərbaycan dövlətinin milli xalçaçılıq ənənələrinin qorunub saxlanmasına, iki ölkə arasında dostluq əlaqələrinin və əməkdaşlığın möhkəmlənməsinə töhfəsini qeyd ediblər.
Kataloq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstandakı nümayəndəliyinin dəstəyi ilə nəşr edilib.
S.ABDULLAYEVA