|
|
|
|
Fəxri MÜSLÜM
Bu budaq ağacda əyri qalıbdı
Çəkib qəribliyin ağrı üzünə
Çəkib təkliyinin anrı üzünə
Tənha qalıbdı, ayrı qalıbdı.
Çəkib kölgəsini,
Çəkib
Nəmi, nimdaşını topa buluddan
Gəlibdi hərdənbir xəta, buluddan
Çırpılıb çiçəyi, barı, qalıbdı.
Düymələnib,
Düyün düşüb göy səmanın yaxasında
Ümid kökə,
Qüruruna sığınmağı var imiş
Bağlanıbdı qəzəbinə, hirsinə
Çıxmaz suyu, çıxmaz sovu
Dəhrə ağzından,
Balta ağzından keçirsən də, sıxsan da...
Yerin davasına davalı qalıb
Hardasa allanıb, tovlanıb qalıb
Durumundan,
Çözümündən qan damır
Səhərindən, axşamından qan damır
Yenə dik qalıbdı,
Şax qalıbdı budaqlardan kənarda
Tənhalıqdan sıxılsa da, bezsə də
Bu budaq xan qalıbdı, şah qalıbdı
Budaqlardan,
Budaqlardan kənarda...
lll
Bir nadan sifətin gülü bozardı
Darıldım bozuna, sıxıldım, qaldım.
Cahillik yağırdı sözdən, sovundan,
Düşüb ayazına sıxıldım, qaldım.
Nə var unutmadım, yadımda bitdi,
Ətraf yalan oldu, yadım da, bitdi,
Elə şeytan olub damımda bitdi,
Bu damın ağzına sıxıldım, qaldım.
Ələk keçirmədi, xəlbir almadı,
Üzündə kölgəsi, xal, bir almadı,
Təkcə öz xeyrindən bir yol qalmadı,
Sözün dayazına sıxıldım, qaldım.
Bu dərdə, qəmə bax, külək ağzıymış,
Hər şey hiylə ağzı, kələk ağzıymış,
Yüküm də bel ağzı, kürək ağzıymış,
Dəhrə-dəryazına sıxıldım, qaldım.
Tutub yelkənini, təpərlənibdi,
Sirrinə, sovuna çəpərlənibdi,
Atı da dördnala, yəhərlənibdi,
Bir topa tozuna sıxıldım, qaldım
İllər görk elədi olub-keçəni,
Ömürdən keçəni, gündən keçəni,
Qaytarmaq olmur ki,
Teylənib könüldən dən-dən köçəni,
Bir kövrək sazına sıxıldım, qaldım.
Payızından ötdüm, qışından ötdüm,
Neçə ağrıların qaşından ötdüm,
Neçə dikbaşların başından ötdüm,
Çoxundan, azına sıxıldım qaldım.
Yaxşı ki, torpaq var, çiçəyi varmış,
Şehdə allanmışı, göyçəyi varmış,
Çox şeyin urvatı, gerçəyi varmış,
İlə bax, yazına sıxıldım, qaldım.
lll
Balığa bax,
Qalıb ləpədöyəndə
Susuz bu balığın havası çatmır
Onun havasına sıxıldım Allah!
Dalğa boğanaq verib dəryanın ortasında
Onun şəhanə savaşına sıxıldım Allah!
Gün qalxıb çeşdinə
Yava ot-saman oynadır, küləş oynadır
Bu otun yavasına sıxıldım Allah!
İçim özümlə,
Çölüm özgəylə davada
əyilib çuxası, yapınçısı
qarışıq düşüb bu el də, oba da
hərə bir Qarabağ yazır, gəldi-gəlmədi
bu cansız misraların,
şeirlərin də davasına sıxıldım, Allah!
Buluda bax, səmada vargəlindədi
Udqunub toqquşur, boğulub toqquşur
Dəli-dolu nərəsi də
Yalavıyan qılınclartək od tökür ağzından
Bu vaxtsız, vədəsiz yağışına,
Yağışına sıxıldım, Allah!
Sığa bilmədim dörd divarın arasına
Sığa bilmədim təkliyimə, tənhalığıma
İnsanların arasına,
İnsanların baxışına sıxıldım, Allah!
Ölüb də,
yenidən,
yenidən doğulmaq üçün...
lll
Dərd bilib də, ağrıdım da, sözdümü?
Bir nadanın yalanından sıxıldım.
Dəyişibdi yöndəmi də, yönü də,
Palazından, palanından sıxıldım.
Dayaq olub bu söz- sözü, almadı,
Allandı da bu göz- gözü, almadı,
Bu doğrunu, heç bu düzü almadı,
Elə duzsuz kəlamından sıxıldım.
Minnətə bax, yaman baha, ötürdü,
İmdadına təkcə tamah yetirdi,
Sanki bizi ağ günlərə gətirdi,
Əlborcu tək salamından sıxıldım.
Yaxşıları gülə tutub qəm udduq,
Yaxşıları tülə tutub qəm udduq,
Nə udduqsa, az-az udduq, kəm udduq,
Urasından qalanından sıxıldım.
Kefi çıxıb buludların üstünə,
Qanan döysə, bulud altı, üstü nə?
Onun üçün ocaq nədi, tüstü nə?
Əhlikefin bu halından sıxıldım.
lll
Cılız dərdlər böyük dərdi yanıltdı,
Bu yanlışa, bu ələmə sıxıldım.
Yol uzandı, karvan getdi, yön aldı,
Öz yükümə, öz şələmə sıxıldım.
Şərə tutub kim danışmış, deyinmiş,
Qaramatı binəsindən geyinmiş,
Hər iş elə, calağından düyünmüş,
Calaqdakı bu qələmə, sıxıldım.
Adam döykü hər yaşayan, hər diri,
Ağzı göyə, ağzı günə təndiri,
Üz tutmadı, üyüşmədi pendiri,
Yovşansızmış bu dələmə, sıxıldım.
Girdilər də taleyimlə arama,
Çox danışıb, çox dedilər qarama,
Caynaq atıb toxundular yarama,
Bu yazıya, bu qələmə sıxıldım.
Günah məndə, günah bizdə, hər kəsdə,
Bacarıb da anladımı, hər kəs də?
Bu da yön döy, ya doğra da, ya kəs də,
Varıb elə, əməlimə, sıxıldım.
Cılız dərdlər böyük dərdi yanıltdı,
Bu yanlışa, bu ələmə sıxıldım.
Yol uzandı, karvan getdi, yön aldı,
Öz yükümə, öz şələmə sıxıldım.
lll
Xətt çəkdim
yönsüz, yöndəmsiz adamların üstündən.
Xətt çəkdim sarmaşıq otu kimi,
canıma yerimiş sərhəddindən, səddindən.
Son qoydum
onların məişət, qeybət söhbətlərinə, gileylərinə
sıxılmağın balaca dərdlərindən
azadlığın ulu dərdlərinə çatmaq üçün.
Onların bir dam dolu,
məni xırdalaya biləcək savaşlarına
xırda-xırda,
yarıda son qoya bildim,
abırımda,
alnımda düyün düşmüş, düyünlənmiş
düyünlərin kələfini açmaq üçün.
Daha böyük,
daha ulu sıxıntıları yaşamaq,
yaşamaq üçün...
lll
Ətirsiz yonca tək tərifə bir bax,
Çiçəyə sıxıldım, gülə, sıxıldım.
Nitqindən asılmış qollara bir bax,
Kəpənək qanadlı ələ, sıxıldım.
Yolların hələ də aşrımı varmış,
Basaratı varmış, basrımı varmış,
Bəxti sınamağa tas ramı varmış,
Ovsuna tutulmuş dilə, sıxıldım.
Qələbə şeirdən, sözdən keçirmiş,
Sinayper gülləsi gözdən keçirmiş,
Dağa bax, kölgəsi bizdən keçirmiş,
Budanmış, aldanmış Elə, sıxıldım.
Üzümdə, alnımda dərd gilələnmiş,
Kədər gilələnmiş, dərd gilələnmiş,
Qeyrət qına girmiş, yurd güllələnmiş,
Qaralmış ocağa, külə sıxıldım.
Yurd deyib durmadıq, dərd deyib durduq,
Torpağı verib də, mərd deyib, durduq,
Dəyirman daşıtək üyüdüb durduq,
Pərin küləyinə, yelə sıxıldım.
Ağırlıq boynumdan asılmış kimi,
Ağrılar içimə qısılmış kimi,
Qaramat təpilmiş, basılmış kimi,
Alnıma sıxıldım, belə sıxıldım.
Çarmıx ağrıları ötən deyilmiş,
Can ver ki, bu yurda, Vətən, deyilmiş,
Yad ruhda, nəfəsdə bitən deyilmiş,
Əsir düşmüş “Göycə” gölə, sıxıldım.
lll
Yadlaşıb, yad olub, yadırğanandan,
Özüm öz içimə sıxılıb qaldım.
Bu cığır, bu yollar alnımdan keçdi,
Özüm öz köçümə sıxılıb qaldım.
Gözlərim dəlisov zamanı çəkdi,
Ovcum yağışını, dumanı çəkdi,
Nədənsə şübhəni, gumanı çəkdi,
Özüm öz suçuma sıxılıb qaldım.
Sinəmin altında ümid göyərdi,
Buxarımda palçıq, şamot göyərdi,
Köhnəsi gül açdı, hər ot göyərdi,
İsti bir küncünə sıxılıb qaldım.
Arzular talanı, zəmini çəkdi,
Səfərlər dəryada gəmini çəkdi,
Bu dad da, bu tam da dəmyəni çəkdi,
Bu tamın gücünə sıxılıb qaldım.
Alaq hər addımda gözümdə bitdi,
Sərbəsti, hecası sözümdə bitdi,
Cığır ayağımda, izimdə bitdi,
Dəryaza, biçinə sıxılıb qaldım.
Dağlar uzaq düşdü, yad uzaq düşdü,
Ulu soylarımız, ad uzaq düşdü,
Binə yerlərimə yalquzaq düşdü,
Kimin nə vecinə, sıxılıb, qaldım.
Atların nal izi yaddaşım kimi,
Göyərib, göy oldu hər daşım kimi,
Döndü and yerinə yurddaşım kimi,
Elə, ayağına yıxılıb qaldım.
lll
İşığa bax, gözlərimi aldadır,
Taqətə bax, dizlərimi aldadır,
Yuxuya bax, şirin dadır, bal dadır,
Bu gecənin qarasına, sıxıldım.
Bir quş gördüm bürkü vurub, təndidib,
Pişiyə bax, pusqu qurub, təndidib,
Cərgəsindən ayrı salıb, ləngidib
Çör-çöp cızmış yarasına, sıxıldım.
Nadana bax, ayaq aldı, yer aldı,
Bizlərə də nur qapısı daraldı,
Ömürə bax, isti aldı, sar aldı,
Divarına, barısına, sıxıldım.
Əsir düşmüş tarlalarda gül düyün,
Buğdasında, sünbülündə tel düyün,
Anam-bacım, baş götürüb gəldiyin,
Zəmilərin darısına, sıxıldım.
Pətəyə bax, meşələrdə, yad əldə,
Bal süzməkdən qurumadı, yad əl də,
Qurumadı niyə ağzı, ya dil də,
Pərən düşmüş arısına, sıxıldım.
Gözlərinin qarasını tökübdü,
Xatirələr yaddaşından hürkübdü,
Ümidini yaylığına bükübdü,
Bu qaçqının,
əlni açmış, qarısına, sıxıldım.
Yandan ötən yekəpərə, dön, bir bax,
Əllərini qulağına göndər, bax,
Zarın-zarın danışdır bax, dindir bax,
Haram yolla
ciblədiyi parasına, sıxıldım.