Nazim Hikmət adına uşaq kitabxanasında tanınmış uşaq şairi İlyas Tapdığın 80 illik yubileyinə həsr olunmuş “Balacaların ürəyinə yol tapan şair” adlı tədbir keçirilib.
Kitabxananın foyesində şairin kitablarının sərgisi nümayiş olunub.
Görüşdə kitabxananın direktoru Ç.Əliyeva şairin həyat və yaradıcılığından söhbət açıb. Bildirib ki, İlyas Tapdıq müasir Azərbaycan uşaq ədəbiyyatının tanınmış nümayəndələrindəndir. Şairin balacaların ürəyinə yol tapan şeirləri ilə yanaşı, yurdumuzun təbiətinə, gözəlliklərinə həsr olunmuş əsərləri də vardır.
Tədbirdə şair oxucuları ilə gənclik və uşaqlıq xatirələrini bölüşüb.
Kitabxananın fəal oxucuları şairin “Əvvəlim gəlincə axırım gəlsin”, ”Anam”, “Bəxtəvərdir”, “Özümə xitab”, “Mənim adım Babəkdir”, “Qalır”, “Sən naxışla”, “Sən kimə bənzəyirsən?” və digər şeirlərini səsləndiriblər.
Sonda, fərqlənən iştirakçılara diplom və fəxri fərmanlar təqdim olunub.