Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Çölçü" bədii filminin yaradıcı heyəti ilə görüş keçirilib.
Görüşdə "Çölçü" bədii filminin rejissoru Şamil Əliyev, ssenari müəllifi, baş rolun ifaçısı Vidadi Həsənov və Bəhruz Vaqifoğlu iştirak ediblər. Universitetin rejissor sənəti fakultəsinin tələbə və müəllimlərinin iştirak etdiyi görüş filmin nümaişi ilə başlayıb.
Əsərin ssenari müəllifi, həm də "Yuğ" teatrının aktyor və rejissoru, Mədəniyyət və İncəsənət Universitetinin dosenti, əməkdar artist Vidadi Həsənov görüş iştirakçılarını film barədə məlumatlandırıb.
Film iştirakçılara təqdim olunduqdan sonra böyük alqışlarla qarşılanıb. Müzakirə şəklində davam edən görüşdə rejissor Şamil Əliyev və filmin quruluşçu operatoru, Əməkdar incəsənət xadimi, dosent Rafiq Quliyev tələbələri maraqlandıran sualları cavablandırıblar.