Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonunun Ermənistan tərəfindən işğal edilməsindən 20 ildən çox vaxt ötüb. 1994-cü ildə atəşkəsin əldə olunmasından bu günə qədər vaxtaşırı təmas xəttində insidentlər yaşansa da, əsas etibarıyla münaqişə hərb yolundan danışıqlar masasına keçib. Münaqişənin sülh yolu ilə tənzimlənməsi istiqamətində davam edən müzakirələrlə yanaşı, əsl həqiqətlərinin dünyaya çatdırılması üçün məqsədyönlü fəaliyyət aparılır. Qəribə də olsa, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan 4 qətnaməni hələ də yerinə yetirməyən Ermənistan bu günə qədər heç bir sanksiya ilə üz-üzə qalmayıb. Bu isə Azərbaycana qarşı dünya güclərinin yürütdüyü ikili standartlar siyasətinin hələ də davam etdiyini, xarici qüvvələrin şəxsi maraqları fonunda işğalçıya dəstək verildiyini, təcavüzə məruz qalana isə müxtəlif bəhanələrlə təzyiqlər göstərildiyini bir daha xatırlatmağa imkan yaradır. Lakin Azərbaycana qarşı istiqamətlənən ədalətsiz siyasət, riyakar mövqe və ikiüzlü baxışlar ölkə ictimaiyyətini apardığı haqq davasından bir an belə usandırmayıb.
Separatçılara fərq qoyanlar
Müəyyən xarici qüvvələrin Azərbaycana təzyiqləri fonunda məsələnin göründüyü qədər sadə olmadığını anlamaq çətin deyil. Xüsusilə, bu yaxınlarda qondarma "Dağlıq Qarabağ Respublikası"nın parlament sədri Aşot Qulyanın ABŞ-a səfər etməsi və rəsmi qonaq kimi qarşılanması nə dərəcədə mürəkkəb vəziyyətlə üz-üzə dayandığımızı deməyə əsas verir. Halbuki, Birləşmiş Ştatlar digər münaqişə zonalarında baş qaldıran separatçıların ölkəsinə səfər etməsini qadağan edib. Bəs, erməni separatçılarının onlardan nəyi fəqrlidir?
ABŞ-ın separatçı qurumun nümayəndəsinin səfərinə imkan verməsi, hətta onun ölkənin ali orqanlarından olan Konqresdə görüşlər keçirməsinə şərait yaratması Birləşmiş Ştatların dünyada sülh və sabitlik uğrunda apardığı siyasətin mahiyyətini də ciddi şəkildə şübhə altında qoyur. Aşot Qulyanın ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorliklə də görüş keçirməsi münaqişənin həllində separatçıların mövqeyinin ciddi qarşılandığı, fikirlərinə hörmətlə yanaşıldığı anlamına gəlir. Yəni, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində üçüncü tərəf kimi qondarma rejimin də iştirakın təmin olunmasına ciddi cəhdlər olunur. Əslində isə təcavüzkara heç bir halda haqq qazandırmaq olmaz. Çünki onlar törətdikləri saysız-hesabsız insan qətliamlarına görə, artıq cinayətkar sayılırlar.
Separatçıların qondarma parlament sədrinin Birləşmiş Ştatlara səfərini qiymətləndirən Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa qeyd edib ki, elə ABŞ-a qarşı bizim mövqeyimizin sərt olmasının səbəbi onların separatçılar arasında fərq qoymasındadır. O, bildirib ki, bu cür ikiüzlülüyün, ikili standartların yeridilməsini anlamaq mümkün deyil: "Münaqişənin həllində çox ciddi problemlər yaradılır. Biz bu fakta görə, Birləşmiş Ştatlara öz mövqeyimizi bildirməli, onları ikili standartlardan əl çəkməyə çağırmalıyıq".
Millət vəkilinin sözlərinə görə, Donetsk və Luqanskı ələ alan qüvvələri bir separatçı rejim olaraq qiymətləndirdikləri, Krımın Rusiya tərəfindən işğal olunduğunu bildirdikləri halda, Dağlıq Qarabağın işğalına fərqli qiymət vermələri yalnız ədalətsizlikdən, şəxsi maraqların öndə tutulmasından irəli gələn məsələdir.
ATƏT-in amerikalı həmsədri Ceyms Uorlikin separatçı rejimin qondarma parlament sədri ilə görüşə razılıq verməsini tərbiyəsizlik adlandıran F.Mustafa qeyd edib ki, bu Azərbaycanın beynəlxalq sənədlərə uyğun olaraq qəbul olunan ərazi hüdudlarına qarşı hörmətsizlikdir: "Amerikalı həmsədr Ceyms Uorlik Aşot Qulyanla görüşməklə Azərbaycana qarşı tərbiyəsizlik edib. Onlar bununla sülh prosesində maraqlı olmadıqlarını bir daha göstəriblər".
Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Donetsk separatçılarının liderini Vaşinqtona dəvət etmək heç bir amerikalı rəsminin, diplomatın və konqresmenin ağlına gəlməzdi. Onun sözlərinə görə, ancaq Dağlıq Qarabağ separatçılarının liderinə Vaşinqtonda xüsusi qəbul təşkil etmək ağıllarına gəlir: "Hətta Konqres onlara maliyyə də ayırır. Donetsk separatçılarına simpatiyam olmasa da, onlar erməni separatçılarından fərqli olaraq öz yaşadıqları ərazilərdən başqa rayonları işğal etməyiblər, etnik təmizləmə həyata keçirməyiblər. Əgər Vaşinqton separatçılar arasında fərq qoyursa, bu amili də nəzərə almalıydı".
ABŞ-ın Azərbaycandakı mövqelərini sürətlə itirdiyini deyən politoloq üstəlik də erməni separatçılarına xüsusi diqqət yetirməklə işini daha da qəlizləşdirdiyini bildirib. O, hesab edir ki, Dövlət Departameni istəsəydi Dağlıq Qarabağ separatçılarının Vaşiqntona dəvətinə mane ola bilərdi: "Sadəcə, mane olmaq istəməyiblər".
Reallıq hissini itirən Minsk qrupu
Dağlıq Qarabağ münaqişəsi çərçivəsində baş verən istənilən insident bu işə səlahiyyətli beynəlxalq orqan olan ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən araşdırılmalı və yekun nəticə əldə edilməlidir.
Vasitəçilik funksiyasının təsis olunmasında əsas məqsəd tərəflər arasında kompramis yollar axtarılıb münaqişənin mümkün qədər qısa vaxt kəsiyində həllinə nail olmaqdır. Bu baxımdan, Azərbaycan torpaqlarının 20 faizinin hələ də işğal altında olduğunu nəzərə alaraq müxtəlif zəminlərdə ələ keçirilən əsir və girovlarla bağlı məsələlərə də xüsusi yer ayrılması vacibdir. Qeyd edək ki, bu il iyulun 11-də erməni xüsusi təyinatlıları Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda öz doğmalarının qəbirlərini ziyarət edən üç mülki azərbaycanlıdan birini - Cəbrayıl köçkünü Həsən Həsənovu öldürüb, kəlbəcərli Şahbaz Quliyev və Dilqəm Əsgərovu isə girov götürüblər. Sonuncu iki azərbaycanlı barədə cinayət işi açan işğalçı dövlət onları diversant kimi qələmə verərək mühakimə etməyə hazırlaşırlar. Ancaq məsələyə münasibət bildirməli olan həmsədrlər yalnız quru sözlərlə kifayətlənirlər. Ermənistandan Azərbaycana diversiya hücumu etmək üçün keçən qruplaşmanın üzvlərini zərərsizləşdirərək, onlardan birini istintaqa cəlb edən Azərbaycan isə həmin həmsədr dövlətlərin kəskin qınaq obyektinə çevrilib. Halbuki, rəsmi Bakı bu addımla ölkədə təhlükəsizliyin pozulmasının qarşısını alıb. Zərərçəkmişlə cinayətkar açıq-aydın göz qabağındadır.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni hesab edir ki, hazırkı prinsiplər və məsələyə münasibət dəyişilməlidir: "Belə münasibətlə həmsədr ölkənin nümayəndəsi hansı ədalət prinsiplərilə konfliktin həll olunmasını istəyir? Sülh yolu ilə məsələni həll etmək istəyirlərsə, onda ədalətli olmalıdırlar. Əks halda, Azərbaycan xalqı və dövləti beynəlxalq hüquq çərçivələri daxilində hərbi yolla öz torpaqlarını işğaldan azad etmək hüququna malikdir".
Politoloq Məhərrəm Zülfüqarlıya görə, ATƏT-in Minsk qrupunda Dağlıq Qarabağ münaqişəsinin həlli çox çətin, hətta mümkünsüz görünür. O, qeyd edib ki, ATƏT-də əsas qərarlar konsensus şəklində qəbul olunur: "Yəni, tərəflərin hamısı məsələyə eyni münasibət göstərməlidir. Hər hansı dövlət etiraz etsə, qərar qəbul olunmur. Bu ATƏT-in yaranandan ən böyük qüsurudur. Minsk qurupuna daxil olan dövlətlər arasında Rusiya ilə Fransa birmənalı olaraq ermənipərəst mövqedədirlər. ABŞ isə nisbətən orta mövqedə dayanıb. Tam Azərbaycanı müdafiə etmir, əksinə qondarma "Dağlıq Qarabağ" qurumuna maliyyə yardımı edir".
Qərbin anti-Azərbaycan siyasəti: ikili standartların tətbiqi
Dünyada hələ də ikili standartların tətbiq olunması, bundan daha çox qeyri-xristianların, əsasən də müsəlman əhalisinin yaşadığı dövlətlərin əziyyət çəkməsi beynəlxalq hüquq baxımından ayrı-ayrı toplumların bəbarər tutulmamasından irəli gəlir. Azərbaycan dini və mədəniyyətlərarası dialoq mərkəzi kimi dəfələrlə müxtəlif xalqların və millətlərin nümayəndələrini bir araya gətirməsinə, dinindən və irqindən asılı olmayaraq bütün vətəndaşları üçün din və söz azadlığını təmin etməsinə, onlara sərbəst toplaşma hüququ verməsinə baxmayaraq Qərb və ABŞ dairələrinin qeyri-obyektiv münasibətindən hələ də xilas ola bilməyib. Azərbaycana qarşı qərəzli, riyakar mövqe tutan və ikili standartlar sərgiləyən təşkilatların sırası günbəgün artmaqdadır. "Freedom House", "Amnesty İnternational", "Human Rights Watch", "People in need" kimi təşkilatların sırasında Avropa Parlamenti də özünə möhkəm yer eləyir. Bu qurumun Azərbaycanda insan hüquqlarının pozulması və anti-demokratik proseslərin getməsinə dair qərəzli və qeyri-obyektiv qətnamə qəbul etməsi hökumət dairələri və eləcə də ölkə ictimaiyyəti tərəfindən kəskin narazılıqla qarşılanıb.
Avroparlamentarilər əgər dünyada insan haqqlarının qorunması sahəsində həssas mövqe nümayiş etdirdiyini göstərmək istəyirsə, ilk növbədə münaqişəli regionlarda - Dağlıq Qarabağda, Fələstində, İraqda, Suriyada baş verən iğtişaşlarda dinc insanların qətlə yetirilməsinə, onların yaşamaq və mülkiyyət hüquqlarının əllərindən alınmasına münasibət bildirsin. Fikir versək, əksəriyyəti 10 ildən çox davam edən münaqişələrin əzabkeş tərəfi müsəlmanlardır. Ukrayna hadisələrində isə az bir zamanda xristian dünyasının məsələyə əl uzatmasıyla həll olunaraq xristian qanının axmasının qarşısını alınıb. İslamafob qüvvələr isə dünyada terror dalğasını müsəlmanlarla əlaqələndirərək, onlara qarşı öz məkrli niyyətlərini həyata keçirirlər.
Sosial-iqtisadi və siyasi tənəzzül keçirən Ermənistan
Heç kimə sirr deyil ki, Ermənistan hərbi sahədə də Azərbaycandan qat-qat geridə qalan ölkələr sırasındadır. Vaxtaşırı cəbhə xəttində atəşkəsin pozulması nəticəsində yaranan insidentlər zamanı ağır itkilər verdiklərini görən ermənilər artıq işğal olunan Azərbaycan torpaqlarında xidmət etməkdən boyun qaçırırlar. Dağlıq Qarabağın işğalını özləri üçün ağır yük hesab edən əhali bu yükü daşımaq istəmədiyini açıq şəkildə bildirir. Bunun günahını isə saysız-hesabsız cinayətlərdə ad çıxaran Sarkisyan və onun cinayətkar dəstəsində görür. Ermənistan müxalifəti isə xalqın geniş kütləsinin narazılığını ələ alaraq bu qarışıqlıqdan hakimiyyətə yenidən gəlmək maraqları üçün istifadə etmək fikrinə düşüb. İşğaldan əl çəkmək istəməyən Sarkisyan hökuməti vəziyyətdən çıxış yolunu ikinci qapının - Türkiyə-Ermənistan sərhədlərinin açılmasında görür. Azərbaycanın strateji müttəfiqi olan Türkiyə isə vaxtilə bu işğala görə Ermənistanın üzünə bağladığı qapıları torpaqlar geri qaytarılmadan açmaq niyyətində olmadığını dəfələrlə bəyan edib. Ona görə də, istər hazırkı hökumət, istərsə də vəziyyəti ələ almağa çalışan erməni müxalifəti yaxşı dərk etməlidir ki, tənəzzüldən çıxış yolu yalnız birinci qapını bərpa etməkdədir. Bu qapını isə özləri yaratmalı, yəni, işğal etdikləri Dağlıq Qarabağ və ətraf 7 rayonu Azərbaycana qaytarmalıdırlar. Əks halda, bu işğaldan əziyyət çəkən ermənilər böhrandan çıxış yolu tapa bilməyəcəklər.
Ceyhun ABASOV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə jurnalistlər arasında elan etdiyi müsabiqəyə təqdim edilir.