“Birinci Avropa Olimpiya Oyunları Azərbaycanın daha bir triumfuna çevriləcək”.
APA-nın məlumatına görə, bunu bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının doqquzuncu ildönümü və nazirlik sistemi işçilərinin peşə bayramı ilə əlaqədar keçirilən mərasimdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov söyləyib.
K.Heydərov deyib ki, 2015-ci il üçün FHN-in Fəaliyyət Planı hazırlanıb: "Əsas məqsəd əməkdaşların peşəkarlığının artırılması, ölkənin su təhlükəsizliyinin təmin edilməsi, daşqın riskinin azaldılması, neft dağılmalarının qarşısının alınması işinin təkmilləşdirilməsi, Bakı buxtasının təmizlənməsi layihəsi üzrə işlərə başlanılması, sənədlərin elektron dövriyyəsinin təkmilləşdirilməsi və Avropa Olimpiya Oyunlarına yüksək səviyyədə hazırlaşmaqdan ibarətdir”.
K.Heydərov bildirib ki, nazirlik daha da səfərbər olacaq və ölkə rəhbərliyinin qarşıya qoyduğu işləri daha yüksək səviyyədə yerinə yetirəcək.