Dünən Azərbaycan Dillər Universitetində (ADU) universitetin Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlunun 75 illik yubileyi qeyd olunub. ADU-dan verilən xəbərə görə, yubiley mərasimində öncə professor Məhəmməd Teymurlunun həyat və yaradıcılığından bəhs edən video çarx nümayiş edilib.
ADU-nun rektoru Səməd Seyidov hər bir ali təhsil müəssisəsinin peşəkar insanları ilə tanındığını deyib. Məhəmməd Teymurlunun Azərbaycanı ən yüksək səviyyədə dünyaya tanıdan şəxsiyyət olduğunu bildirib. M.Teymurlu fəlsəfə ilə məşğul olan şəxs kimi dərin düşüncəyə sahib olduğunu və çətinliklərə cəsarətlə sinə gərdiyini qeyd edib. S. Seyidov yubilyara universitet adından hədiyyə təqdim edib.
M. Teymurlunu təbrik edərək arzularını bildirən Milli Dədə Qorqud fondunun Prezidenti, "Azərbaycan dünyası" jurnalının baş redaktoru Eldar İsmayılov səbəbkarı Milli Dədə Qorqud fondunun təsis etdiyi "Qızıl ürək" ordeni, "İctimai fikir" jurnalının baş redaktoru Nəzakət Ələkbərzadə və "Aytən" Uşaqların və gənclərin Mədəni-maarif Siyasi-ictimai Birliyinin sədri Aygün Zamanlı isə təmsil etdikləri müəssisənin diplomları ilə təltif ediblər.
Daha sonra M. Teymurlunun ünvanına xoş sözlər, təbriklər söylənilib.
Sonda bu gün 75 yaşını qeyd edən professor Məhəmməd Teymurlu bu günü xoş bir yuxuya bənzədib. O, başda ADU-nun rektoru, professor Səməd Seyidov olmaqla, tədbirin təşkilində əməyi keçmiş hər kəsə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, Həsən bəy Zərdabi nəslindən olan Məhəmməd Əbdüləziz oğlu Teymurlu 1939-cu ildə Zərdab rayonunun Məlikli kəndində anadan olub. Orta məktəbi və Göyçay Pedaqoji Texnikumunu bitirib. Kənddə sinif müəllimi işləyib.
1965-ci ildə indiki Slavyan Universitetinin əyani şöbəsinə daxil olub. 1971-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirərək müəllim kimi əmək fəaliyyətinə başlayıb. O, müəllimlik etməklə yanaşı, həm də çoxtirajlı "Bilik" qəzetində ədəbi işçi, redaktor müavini, ictimai elmlər kabinetinin müdiri vəzifələrində də çalışıb.
Vəfa MƏMMƏDLİ