"Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi gözlənilən ümidləri doğruldur,arzuları gerçəkləşdirir. Mədəniyyət müəssəsinə göstərilən yüksək diqqət və qayğı artıq öz bəhrələrini verməyə başlayıb. Muğam Mərkəzi kollektivinin son illər qazandığı uğurlar bunu söyləməyə əsas verir". Bu sözləri Mərkəzin direktoru Tofiq Cəfərov deyib. Onun sözlərinə görə, pedaqoji kollektivin səyi və gərgin əməyi sayəsində burada istedadlı uşaq və gənclər hesabına yeni mahir muğam ifaçıları nəsli yetişdirilib: "Sözün həqiqi mənasında, Muğam Mərkəzi Qarabağda mühüm mədəniyyət və istirahət mərkəzinə çevrilib. Mübaliğəsiz deyə bilərik ki, bu gün elə bir tədbir, elə bir mərasim yoxdur ki, Muğam Mərkəzinin kollektivi orada iştirak etməsin".
Direktorun qənaətinə görə, müəssisənin özündə müntəzəm olaraq təşkil edilən müxtəlif muğam müsabiqələri, festival və geniş konsert proqramları istedadların üzə çıxarılmasında və onların inkişafında, xanəndəlik sənətinə dərindən yiyələnməsində önəmli rol oynayıb.
Təsadüfi deyil ki, Qarabağ Muğam Mərkəzinin yetirmələri müxtəlif respublika müsabiqələrində də uğurla iştirak edir, layiqli nəticələrə imza atırlar.
Bu günlərdə Bakı şəhərində Bülbül adına orta ixtisas musiqi məktəbinin təşkilatçılığı ilə keçirilmiş milli musiqi alətləri ifaçılarının və xanəndələrin II respublika müsabiqəsində Qarabağ Muğam Mərkəzinin şagirdləri də uğurla iştirak ediblər. Beynəl-xalq Muğam Mərkəzində baş tutan tədbirdə gənc xanəndələr Ceyhunə Şirəliyeva , Qəşəng Cavadova, Nərmin Sultanova, Zəhra Məmmədova və Arzu Mahmudovanın gözəl ifaları tamaşaçıların diqqətini çəkib. Ceyhunə Şirəliyeva və Zəhra Məmmədova müsabiqənin yarımfinalına, Arzu Mahmudova isə final mərhələsinə yüksəliblər. Arzu Mahmudova finalda "Mənsuriyyə" və "Şahnaz" muğamlarını böyük məharətlə ifa edərək üçüncü yer tutub və respublika müsabiqəsinin üçüncü dərəcəli diplomu və medalı ilə təltif olunub.
Sözügedən müsabiqənin münsiflər heyətinin üzvləri, Xalq artistləri Polad Bülbüloğlu , Arif Babayev,Aygün Bayramova və Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru Teymur Göyçayev Qarabağ Muğam Mərkəzi şagirdlərinin ünvanlarına xoş sözlər deyib,onların çıxışlarını yüksək dəyərləndiriblər.
T. Cəfərov söhbətin sonunda onu da əlavə edib ki, Muğam Mərkəzinin üzvləri respublika müsabiqəsində 13-16 yaşlı muğam ifaçıları arasında birinci, ümumi qrup üzrə isə üçüncü nəticə göstəriblər.
Yəhya PAŞAZADƏ