|
|
|
|
Bakıda Aşura günü münasibətilə Qarabağ Seyid Ocaqları və "Yeni Üfüq" Mənəvi İrsin Təbliği İctimai Birliyi Kərbəla və Qarabağ şəhidləri adına geniş tədbir keçirib.
525.az-ın verdiyi məlumata görə, tədbirin əvvəlində Kərbəla şəhidləri ilə birlikdə Qarabağ şəhidlərinin ruhuna Qurani-Kərimdən ayələr oxunub. Sonra Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli Kərbəla şəhidləri haqqında geniş çıxış edərək, İmam Hüseynin qiyamını doğuran səbəblər və şəhadətinin fəlsəfəsi mövzusunda məclis iştirakçılarını ətraflı məlumatlandırıb. Onun sözlərinə görə, İslam tarixində İmam Hüseyn qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olması ilə öz ölümü ilə ölməzlik məktəbinin əsasını qoyub.
C.Əzimbəyli Mübariz İbrahimovun, Fərid Əhmədovun timsalında Azərbaycan şəhidlərinin də Allah qatında məqamının ucalığını xüsusi olaraq qeyd edib. O, bu gün Kərbəla vaqeəsindən istifadə edərək öz siyasi ambisiyalarını cəmiyyətə sırımaq istəyən qüvvələrin olduğunu diqqətə çatdırıb: «Bu nə İslama, nə İmam Hüseynə, nə də şəhidlərimizə yaraşan addımdır. Azərbaycanda həqiqi Əhli-Beyt sevənlərin dini kimliyi ilə bərabər milli heysiyyata da bağlılığının diqqətə alınmasını, dövlətinə sadiqlikdə öndə olmasının vacibliyi bu gün xüsusi önəm daşıyır».
Tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri Seyid Ahmed Arslan, "Yeni Üfüq"ün gənclər üzrə şöbəsinin rəhbəri Elvin Süleymanov da çıxış ediblər.
Qeyd edək ki, tədbirdə Türkiyə Azərbaycandakı səfirliyinin müşaviri Qazi Bilgin, TİKA başkanı Salih Polat, Qarabağ Qazilər İctimai Birliyinin sədri Etimad Əsədov və çoxlu sayda şəhid və qazi ailələri, tələbə gənclər də iştirak edib. Sonda Kərbəla və Qarabağ şəhidlərinin ruhuna ehsan süfrəsi verilib.
BƏXTİYAR