İstehlakçılara verilən içməli suyun dəqiq uçotunun aparılması, ödəniş səviyyəsinin yüksəldilməsi, debitor borc probleminin aradan qaldırılması, israfçılığın və su itkilərinin qarşısının alınması məqsədilə ön ödənişli (smart-kart tipli) su sayğaclarının quraşdırılması istiqamətində işlər 2014-cü ildə intensiv qaydada davam etdirilib.
“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, il ərzində “Azərsu” tərəfindən Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də regionlarda 142 min ədəd smart-kart tipli su sayğacı quraşdırılıb. Quraşdırılmış sayğacların 134 min ədədi əhali, 8 min ədədi isə qeyri-əhali qrupunun payına düşür.
Hesabat dövründə Bakı şəhəri və Abşeron yarımadası üzrə xidmət göstərilən ərazilərdə 93 min ədəd, regionlarda isə 49 min ədəd smart-kart sayğacı quraşdırılıb. Respublikanın şəhər və rayon mərkəzlərində yeni su və kanalizasiya layihələrinin icrası çərçivəsində bütün abunəçilər smart-kart sayğaclarla təmin olunur.
Ümumilikdə smart-kart sayğacların tətbiqinə başlanıldığı 2012-ci ildən indiyədək quraşdırılmış smart-kart sayğacların sayı 352 minə çatıb. Smart-kart sayğacların quraşdırılması əhali və qeyri əhali qrupu abunəçiləri üçün paralel aparılır. İndiyə qədər quraşdırılmış sayğacların 320 min ədədi əhali, 32 min ədədi isə qeyri-əhali qrupu abunəçilərinin payına düşür. Təhlillər göstərir ki, smart-kart tipli sayğaclar quraşdırıldıqdan sonra abunəçilərin su itkiləri azalaraq satış həcmi artıb, eyni zamanda həmin abunəçilər üzrə ödəniş 100% təmin olunub.
Bu ilin yanvarın 1-nə “Azərsu” üzrə abunəçilərin 750 mini və ya 57%-i sayğaclarla təmin olunub. Əhali qrupu üzrə sayğaclaşma səviyyəsi 56%, qeyri-əhali qrupu üzrə isə 77% təşkil edir. Hazırda Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də bölgələrdə smart-kart sayğacların quraşdırılması davam etdirilir.
2014-cü ildə magistral xətlər üzərində 20 ədəd elektromaqnit zond tipli ABB, rayon sukanal idarələrinin xidmət göstərdiyi ərazilərin hüdudlarında 75 ədəd elektromaqnit fləns tipli “Krohne” su sayğacları quraşdırılaraq istismara verilib.