Xədicə MURAD
filologiya üzrə fəlsəfə doktoru
Sığındığı yer Tanrı qucağı, güvəndiyi isə sevməyi bacaran oxucularıdır.Bəlkə bundan gözəl bir şey var?! Qəlbi sevgi ilə dolu, sevgidən sevə-sevə yazan, bəzən saatlarla ruhu özünü tərk edən, bəzən də kədərləri, ağrıları-acıları ilə qucaqlaşan, bəzən də anasız körpə kimitəkbaşına qalıb həsrət nəğməsi pıçıldayan şairdir Əbülfət Mədətoğlu.
Əbülfət Mədətoğlu 1959-cu il yanvarın 1-də Dağlıq Qarabağın Xocavənd rayonunun Tuğ kəndində dünyaya göz açıb. Günəş gözünü döyəndə hətta ağlayıb – deyib:
“Get günəş, cənnətdəyəm, ayıltma məni. Qoy mələklərin dizində uyuyum. Aman günüdü, oyatma məni, oyatma. Amma artıq gecdi. Yenidən yuxuya getsə də nə cənnət var, nə də mələklər. Gözünü açanda gördü ki:
gözümdən yol asılır,
sinəmə od basılır.
hər gün başdan yazılır
həsrətim varaq kimi.
Yaxud:
əlim tanrı ətəyində
üstünə gedirəm
qurtulmaq üçün
əlindən bu şərin.
Əbülfət Mədətoğlu haqqında şair, yazıçı və tənqidçilərimiz bir-birindən maraqlı və qiymətli fikirlər söyləmişlər. Xalq şairi Bəxtiyar Vahabzadə onun haqqında belə yazıb: “Əbülfət sözün əsl mənasında şairdi, onu oxuyanda tüstüm təpəmdən çıxır. Bax, budur sənətin qüdrəti...”. Ramiz Rövşən isə deyir: “...Əbülfət son dərəcə səmimi və son dərəcə də özünə bənzəyən şairdi”. “Əbülfət bəyə dərdlərin şairi deməyin zamanı çatıb” – deyib Hüseyn Adgüzel. Nizami Cəfərov Əbülfət Mədətoğlunu belə qiymətləndirir: “Mən onun şeirlərini oxuyanda elə bil ki, çox sevilən xanəndələrimz Mənsum İbrahimovun, Səxavət Məmmədovun, İslam Rzayevin, Süleyman Abdullayevin səslərini eşidirəm. Bu səslərin intonasiyasını, ritmini, məzmununu, o səslərin lap içindən gələn kədərin özünü dinləyirəm. Hətta kifayət qədər nikbin nəğmələr oxuyanda belə, o səsələrin ən dərin qatlarında bir kədər duyulur. Bax, Əbülfət Mədətoğlunun da şeirləri belədir”. Allah qorusun səni, Əbülfət! Yeni ümidlərlə qarşıladığımız ildə tale könül rübabını sevindirsin.
bu da dekabrın sonuncu günü,
bu da yeni ilin ilk saatları.
sənli günlərimi – ayrılan ildə
uzada biləydim bir saat barı.
bu da köhnə ilə vida düzəni
bu da yeni ilə “xoş gəldin!” anı
gedənin ömründə qaldı izləri
gələnin hələ ki, bilinmir halı...
Sevmə deyir ürəyinə, ruhuna, amma özü sevir, çünki ki, ürəyə hökm etmək olmaz. Sevgi çağırılmamış qonaq kimidir, istəsən də, istəməsən də o ürəyinin “qapısını” açıb içəri keçəcək.
mən tumu acı bir baram
bəsdi özümə öz yaram.
bilsən günah, saysan
haram – sevmə!
əridib ayın gününü
sovurdum göyə külünü.
sən bu yeriyən ölünü– sevmə!
Əbülfət Mədətoğlunun poeziyası sevgi-günah-dərd məntiq-məqamlarını dərin məna çalarları ilə fəlsəfələşir və düşündürür:
özümü sənə sevdirmək
məqsədim olmayıb.
səni sevmək isə,
içimdən gəlib –
özümlə tək qalanda
günahlardan qorxmuşam.
bütün günahlarım da
sevgilərimdən gəlib.
Bu misraları oxuyanda istər-istəməz: “Təki hamının günahı sevgidən gəlsin” – demək istəyirsən. Amma Əbülfət Mədətoğlu şeirlərindəki lirik “mən”in ilahi sevgisinə hər sevginin tay ola bilməyəcəyini də düşünməli olursan.
hərdən ovuclarımla
qapayıb gözlərimi
gizlətməyə çalışıram
gözümdəki şəklini
hamıdan...
Və yaxud:
öpüb gözümün üstə
saxlamaq istəyirəm
öpdüyüm o əllərlə
bağlamaq istəyirəm –
gözümü...
Əbülfət Mədətoğlu sevginin nəfəsində isinən, nazı ilə bədirlənən, sözləri ilə sətirlənən, hörüyünə dolaşan, ağrısına-acısına dözən şairdir. Bəzən kədərin əlindən tutub küçə-küçə, şəhərbəşəhər dolaşır. Hansı ki, o küçədə, o şəhərdə bir gün “onunla” dolaşmışdır. O, onun iç dünyasında elə bir yuva qurub ki, o yuvanı kimsə uçura bilməz. Çünki bu Allah payıdır. Allahın işinə isə qarışmaq olmaz.
bu nə yuxudu, nə nağıl
nə də ki, günah işidi.
birləşib ürəklə ağıl–
bu yalnız Allah işidi.
fələk, gəlmə mənə hədə
bu eşq paydı Əbülfətə.
onunla həmfikir-vədə,
bir də ki, savab işidi.
Əbülfət Mədətoğlunun şeirlərində oxucu onun kişisayağı “özünə vurğunluğu”nu görür.
ovutmaq istəyirəm özümü
bir gilə şehlə
bir əsim mehlə
və bir də
anamın
nəvə boyuna baxıb
dilinə gətirdiyi
bəh-bəhlə...
Bəzən də ölümdən vaxt istəyir. Bilmir ki, ölüm mələyi çox insafsız olur.
boşda qaldı əlim bir az
qoy dolanım, gəlim bir az.
ləngi, noolar,ölüm, bir az –
cəzamı çəkib qurtarım.
O özünü dar bir cığırla çantası özündən xeyli ağır, papağı başının ölçüsündən böyük, ağzı-burnu iri, sarımurğuz, fağır, yeridikcə şalvarının balağı yeri silib-sürən, tələsə-tələsə məktəbə gedən bir kənd uşağına bənzədir. Bu uşaq o qədər saf, təmizdir ki, lap ana bətnində yaşayan varlıq kimi. Bu kənd uşağı get-gedə istəməsə də, həyatın ağuşuna atılır. Onu nələr gözləyir?! Bir Allah bilir, bir də özü. Bir zamanlar bu “kənd uşağı” istəyirdi dünya onun istədiyi kimi olsun. Amma gördü ki, o deyən olmur. Onda o, özü dünya istəyən kimi oldu. Beləcə müdrikləşdi.
O, sevdiklərinə bir arzu söyləyir: – Bir ad qoyub gedəcəyəm. Övladlarından bu adı göyərtməyi, sulamağı, böyütməyi arzulayır. Bacarmasalar qoy bu adı unutsunlar, ya da dəfn etsinlər yanımda. Sonra da sakitcə üzlərini çevirib getsinlər. Mənim yoxluğuma əhəmiyyət verməyin. Deyin-gülün oğlum, qızım, qadınım...
adım sizi utandırırsa
sıradan biri
bilin...
əhəmiyyət verməyin...
bircə daşını dəyişin
vaxtlı-vaxtında
yadigar saatımın...
Bu sətirləri oxuyanda ruhum ağlamışdı o gün. Və sonuncu oxuduğum bu şeir məni o qədər duyğulandırmışdı ki, ruhum sanki bədənimdən çıxıb laməkan olmuşdu. Amma sonra fikirləşdim ki, ad qoyub gedən insanlar unudulmur. İnsanlar ölərkən birdəfəlik ölmürlər. Onlar o zaman ölürlər ki, onları xatırlayan sonuncu insan da dünyasını dəyişir.
Sən həmişə duyğularda, könüllərdə yaşayacaqsan. Məlhəm əlin həmişə səni sevənlərin saçını tumarlayacaq, Əbülfət Mədətoğlu!