Dünən Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) muğamşünaslıqla bağlı elmi seminarlara start verilib.
"Muğamşünaslığın aktual problemləri" adlı ilk elmi seminar Universitetinin elmi şura zalında baş tutub.
Seminarı rektor, professor Fərəh Əliyeva açaraq, qonaqları salamlayıb. O bu il Heydər Əliyev Fondunun dəstəyi ilə keçiriləcək IV Beynəlxalq Muğam Simpoziumuna qədər Universitetdə belə seminarların keçirilməsini təqdirəlayiq hesab etdiyini və buna böyük ehtiyac olduğunu vurğulayıb.
Daha sonra ADMİU-nun Musiqişünaslıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Kamilə Dadaşzadə "Azərbaycan ənənəvi musiqisində "Şah Xətayi" termininin tətbiqinə dair", sənətşünaslıq üzrə elmlər doktoru, dosent İradə Köçərli " Aşıq musiqisinin səs sistemi Ü.Hacıbəylinin məqam nəzəriyyəsi kontekstində", AMEA Memarlıq və İncəsənət İnstitutunun "Muğamşünaslıq" şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru Sevil Fərhadova "Muğamşünaslığın konseptual əsasları" , sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aydın Talıbzadə "Muğamın sillabik qəliblərinə dair bəzi mülahizələr" , sənətşünaslıq üzrə fəlsəfə doktor Güllü İsmayılova isə "Azərbaycan bəstəkarlarının yaradıcılığında milli semantikanın təcəssümü" adlı məruzələrlə çıxış ediblər.
Muğam biliciləri, AMEA-nın nümayəndələri, Universitetin professor-müəllimlərinin, magistr və doktorantlarının iştirak etdiyi seminar maraqlı fikir mübadiləsi, diskussiya şəklində keçib.