“Rəsmi Ukrayna tərəfdə döyüşən Gürcüstan vətəndaşları məsuliyyətə cəlb olunmayacaqlar”.
APA-nın məlumatına görə, bunu Gürcüstanın daxili işlər nazirinin müavini Levan İzoriya deyib.
Gürcüstan parlamenti xaricdə silahlı qruplaşmalarda iştirakla görə cinayət məsuliyyətinə cəlb edilmə ilə bağlı Cinayət Məcəlləsinə dəyişiklik etməyi planlaşdırır: “Bu dəyişikliklər heç bir halda rəsmi Ukrayna hakimiyyəti tərəfindən aparılan döyüş əməliyyatlarında iştirak edən Gürcüstan vətəndaşlarına şamil edilməyəcək”, - deyə L. İzoriya bildirib.
Nazir müavinin sözlərinə görə, yalnız qanunsuz silahlı qruplaşmaların tərkibində döyüşən şəxslər cinayət məsuliyyətinə cəlb ediləcəklər.
Qeyd edək ki, bəzi məlumatlara görə, hazırda 100-dən çox gürcü Ukrayna tərəfində döyüşür. Separatçıların tərkibində gürcülərin döyüşməsi barədə isə məlumat yoxdur.