“Biz bütün dövlətlərlə, o cümlədən, yaxın, qonşu dövlətlərlə mehriban münasibətlərin qurulmasının tərəfdarıyıq. Bu gün bizim yaxın qonşularımız olan Azərbaycanla, Türkiyə və digər dövlətlərlə çox gözəl qonşuluq münasibətlərimiz var”.
525.az-ın məlumatına görə, bu fikirləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDTİƏTPM) Baş Assambleyasının Bakıda keçirilən 3 günlük 40-cı sessiyasının yekunlarına həsr olumuş mətbuat konfransında Gürcüstan nümayəndə heyətinin rəhbəri David Saqanelidze deyib. O qeyd edib ki, Gürcüstan Rusiya ilə də mehriban qonşuluq münasibətlərinin tərəfdarıdır:
“Elə bugünkü mətbuat konfransında Rusiya nümayəndə heyətinin rəhbəri ilə yan-yana oturmağımız özü buna sübutdur. Bu onu göstərir ki, Gürcüstanla Rusiya mehriban qonşuluq münasibətləri qura bilərlər. Elə bilirəm ki, rusiyalı həmkarım da mənim fikirlərimi bölüşür.”
Öz növbəsində Rusiyanın QDİƏT PM-dəki nümayəndə heyətin rəhbəri Mixail Yemelyanov da gürcü həmkarının fikirlərini dəstəkləyib:
“Mən də bu fikirlərə şərik çıxıram və hesab edirəm ki, biz bütün qonşu dövlətlərlə o cümlədən, Gürcüstanla da mehriban qonşuluq və əməkdaşlıq münasibətlərinin tərəfdarıyıq”.
Kamil Həmzəoğlu