"Dünya, bəşəriyyət etnik zəmində siyasi təşkilat yaratmağın nə demək olduğunun və onun fəaliyyətinin sonuc etibarı ilə hansı fəsadlar törətdiyinin dəfələrlə şahidi olub.
Elə biz özümüz də ötən əsrin 90-cı illərinin əvvəllərində , o zaman ölkəmizdə yaranmış mənəvi-siyasi böhrandan yararlanaraq bəzi üzdəniraq siyasətbazların etnik zəmində müxtəlif “cəlbedici” adlar altında siyasi təşkilatlar yaratmağa və onlar vasitəsi ilə bir sıra məkrli dairələrin anti-Azərbaycan layihələrini reallaşdırmağa yönəlik son dərəcə təhlükəli addımlarının canlı şahidləriyik".
Bunu “525”-ə açıqlamasında millət vəkili, filologiya elmləri doktoru Jalə Əliyeva kino-ssenarist Eldəniz Quliyevin etnik zəmində Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyini yaratmasına münasibətini bildirərkən dilə gətirib.
Millət vəkili xatırladıb ki, həmin vaxt Azərbaycanı parçalamaq istəyən daxili və xarici qüvvələr bu yöndə addımlarını koordinasiyalı şəkildə həyata keçirməyə çalışırdılar:
“Həmin son dərəcə məkrli, pozucu dairələr Azərbaycan Xalqlarının Bərabərliyi Partiyasının (Talış Xalq Partiyasının) əli ilə Cənub bölgəsində qondarma “Talış-Muğan Respublikası”nı, Şimal bölgəsində isə separatçı “Sadval” təşkilatının dəstəyi, xeyir-duası və Ləzgi Demokrat Partiyasının iştirakı ilə “Ləzgistan” dövlətini yaratmağa çəhdlər göstərirdilər. Onlar bununla həm də yenicə özgürlüyünə qovuşmuş Azərbaycanın müstəqilliyini beşiyindəcə boğmağa, ölkəmizi didib-parçalamağa, onu məhvərindən çıxarmağa çalışırdılar.
Hətta, həmin dairələr ölkəmizdə minilliklərin sınağından çıxmış- Azərbaycan türkləri ilə digər yerli xalqların, milli azlıqların, etnik qrupların qardaşlığını, bərabərliyini, dünyaya nümunə ola biləcək milli, dini, etnik tolerantlığını məhv etmək istəyirdilər. Ancaq qədirdilən Azərbaycan xalqının təkidli tələbi ilə yenidən hakimiyyət olimpinə qayıdan mərhum Heydər Əliyevin son dərəcə uzaqgörən siyasəti və müdrik xalqımızın birliyi sayəsində Şimaldan və Cənubdan ölkəmizdə alovlandırılmağa çalşılan entik separatizmin, parçalanma cəhdlərinin qarşısı qətiyyətlə alındı, dəf edildi. Həmin məkrli dairələrin və onlara qulluq edən bəzi başsız başların, üzdəniraqların addımları uğursuzluğa, iflasa məhkum oldu”.
J.Əliyevanın qeyd etdiyinə görə, amma indi görünür bəziləri yenə də tarixin acı ibrət dərslərindən nəticə çıxarmaq niyyətində deyillər, yenə də ölkəmizdə etnik separatizmi körükləmək istəyirlər:
“Bu cəhdlər və niyyətlər də əbəsdir, bu dəfə də alınmayacaq, bu yöndə növbəti cəhdlər də birmənalı olaraq iflasa məhkumdur və məhkum olacaq. Azərbaycanda azəri türkləri, azərbaycanlılarla digər xalqlar, etnik qruplar tarixən hər zaman çiyin-çiyinə bir yerdə yaşayıb, birlikdə fəaliyyət göstərib, birgə mübarizə aparıblar. Sevincimiz də, kədərimiz də, uğurlarımız da, problemlərimiz də bir olub və bundan sonra da belə olacaq. Bu birliyi heç kim, heç bir qüvvə poza bilməz və bilməyəcək .
Qoy bunu Azərbaycanda etnik zəmində siyasi təşkilat yaratmaq, onun vasitəsi ilə anti-Azərbaycan projelərini reallaşdırmaq istəyənlər, onların ideya müəllifləri də yaxşı bilsinlər, qulaqlarından birdəfəlik sırğa etsinlər.
Eldəniz Quliyevə gəlincə, hesab edirəm ki, o, öz sənəti ilə məşğul olsa, daha yaxşı olar. Siyasət onun kimilərininn yeri deyil, siyasət siyasəti bilənlərin və onu uğurla reallaşdıra bilməyi bacaranların yeridir”.
Kamil Həmzəoğlu