Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun təşəbbüsü ilə Zaporojye şəhərində Xocalı soyqrımının 23-cü il dönümü ilə bağlı anım mərasimi keçirilib.
525.az-ın məlumatına görə, Zaporojye Vilayət admnistrasiyasi rəsmilərinin, elm və mədəniyyət xadimlərinin, diaspora və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdiyi anım mərasimində əvvəlcə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım mərasimində Azərbaycanın Xarkov şəhərindəki fəxri Konsulu Əfqan Salmanov çıxış edərək, erməni şovinistlərinin son iki əsrdə xarici havadarlarının gücünə arxalanaraq Azərbaycanda həyata keçirtdikləri işğalçılıq və soyqrım siyasəti haqqında ətraflı məlumat verib. 23 il bundan öncə erməni silahlı birləşmələrinin Xocalı şəhərində uşaqlara, qadınlara və dinc əhaliyə qarşı amansız qəddarlıqlar nümayiş etdirdiklərini diqqətə çatdıran fəxri konsul, bu cinayətdə birbaşa əli olan indiki Ermənistan rəhbərliyinin gec-tez qüdrətli Azərbayacan dövləti qarşısında cavab verəcəyini vurğulayıb.
O qeyd edib ki, qlobal iqtisadi inkişaf tempinə görə bölgədə lider dövlət olan Azərbaycan istənilən vaxt ali baş komandan İlham Əliyevin əmri ilə torpaqlarını düşmən tapdağından azad etməyə qadirdir .
Sonra tədbirə qatılanlar Azərbaycan Televiziyasınin hazırladığı “Xocalı harayı” filminə baxıblar.
Filmə baxdıqdan sonra Zaporojye şəhər radasının mədəniyyət və milli məsələlər departamentinin rəhbəri Pavel Myalo, tarixçi alim Anatoli Qançarenko və digər çıxış edənlər indiyədək belə bir bəşəri cinayətin cəzasız qalmasından hiddətləndiklərini bildiriblər. Onlar beynəlxalq təşkilatları və Ukrayna parlamentini Xocalı soyqrımına hüquqi siyasi qiymət verməyə səsləyiblər.
Tarixçi alim Anatoli Qançarenko çıxışında bildirib ki, bu gün dünyanın bir çox ölkəsində dəhşətli faciələr baş verir: “Mən əminəm ki, əgər dünya birliyi vaxtında Xocalı soyqrımina hüquqi siyasi qiymət versəydi, bu gün çox yerdə şahidi olduğumuz faciələrlə üzləşməzdik. Mən istərdim ki, tezliklə dünya birliyi, o cümlədən, Ukrayna parlamenti Xocalı soyqrımının tanınması haqda qərar qəbul etsin, bu amansiz cinayəti törədənlər cəzalandırılsın”.
Anım mərasiminin sonunda Xocalı soyqrımına hüquqi siyasi qiymət verilməsi üçün Ukrayna parlamentinə və bir sıra beynəlxalq təşkilatlara müraciət qəbul olunub.