|
|
|
|
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin manatın ABŞ dolları və avroya nisbətən qiymətinin dəyişməsindən istifadə edərək süni yolla qiymət artımına yol verən sahibkarların xətalarının aradan qaldırılması ilə bağlı apardığı yoxlama tədbirləri öz nəticəsini verir.
"525-ci qəzet"in müxbirinin Bakının bəzi yerlərində apardığı araşdırmalar nəticəsində məlum olub ki, əksər yerlərdə gündəlik yeyinti mallarının qiymətləri əvvəlki dəyərində satışa çıxarılır. Bunun əyani şəkildə şahidi olmaq üçün şəhərin böyük mağazalar şəbəkələrinə daxil olaraq qiymətlərlə tanış olmaq olar. Eyni zamanda, görülən tədbirlər və Dövlət Taxıl Fondunda yaradılmış ehtiyatlar hesabına unun qiymətindəki artımın qarşısı alınıb. İqtisadiyyat və Sənaye Nazirliyindən bildirilib ki, bu çörək və çörək məhsullarının satış qiymətinin əvvəlki səviyyədə saxlanılmasını təmin edir. Bəzi hallarda isə ərzaq məhsullarında qiymətlərin daha da aşağı düşdüyü bildirilir. Misal üçün gündəlik istifadə olunan yumurtanın qiymətində ucuzlaşmanın qeydə alındığını demək olar. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Azərbaycanda son 1 ayda yumurtanın qiyməti 57 faiz ucuzlaşıb. Bildirilib ki, bir ay əvvəl yumurtanın 1 ədədi 11 qəpiyə satılırdısa, indi qiymət orta hesabla 7 qəpiyə düşüb. Hətta bəzi hallarda bazar və yarmarkalarda yumurtanın bir ədədi 5 qəpiyə də təklif olunur. Qiymətlərin ötən ilə nisbətən aşağı olmasına səbəb isə ölkədə yumurta istehsalının artmasıdır. Nazirliyin yanında fəaliyyət göstərən Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər zamanı yumurtanın topdansatış qiymətinin 11 qəpik, bir sıra ticarət obyektlərində isə pərakəndə satış qiymətinin 12 qəpik olduğu müşahidə edilib. Tütün mallarının qiymətinin qalxmasının səbəbi isə topdan satış müəssisələrin satışı, eləcə də müəssisələrinin istehsal prosesini dayandırması ilə əlaqələndirilir. Ölkədə satılan ərzaq malların 70 faizinin yerli istehsal məhsulu olduğunu nəzərə alsaq qiymət artımının saxtakarlıq nəticəsində ortaya atıldığı qənaətinə gələ bilərik. Dünən Milli Məclisin plenar iclasında da Mərkəzi Bankın 21 fevral qərarı ilə bağlı müzakirələr keçirilib. Vəziyyətdən sui-istifadə edən şəxslərə qarşı ciddi tədbirlərin görülməsi, vətəndaşların artıq xərclərdən azad edilməsi yönündə maneələrin aradan qaldırılması vacib hesab olunub.
Millət vəkili Sahib Alıyev bildirib ki, manatın devalvasiyasından faydalanaraq Azərbaycanda qarışıqlıq yaratmaq istəyənlər xalqa belə bir fikir aşılayırlar ki, Bakıda Avropa oyunlarının keçirilməsi planlaşdırılmasaydı, bu da olmazdı: "Guya Avropa oyunlarına hazırlıq xeyli xərc apardığı üçün manatı ucuzlaşdıraraq onun bir hissəsini xalqın üzərinə qoyublar. Azərbaycanı sevməyənlərin Braziliyada sınaqdan keçən texnologiyaya dayanmaqla bir gülləylə iki dovşan vurmaq istədikləri göz önündədir. Yəqin xatırlayırsınız, sözün hər anlamında futbol ölkəsi olan Braziliyada dünya çempionatı öncəsi necə bir atmosfer formalaşdırıldı? 100 minlərlə adam küçələrə çıxaraq "bizə dünya çempionatı yox, çörək lazımdır", deyirdi. Guya çempionat keçirilməsəydi, ac braziliyalıların hamısı tox olacaqdı. Bu ağlasığmaz idi, amma futbola hava, su və çörək kimi yanaşılan bir ölkədə dünya çempionatının əleyhinə aksiyalar keçirilirdi. Onu təşkil edənlər isə Braziliyanın timsalında Güney Amerikada artıq güclənən və öz sözünü deməyə başlayan ikinci bir nəhəngin yaranmasından narahatlıq keçirən qüvvələr idi. Onlar yüksək səviyyədə keçən dünya çempionatının braziliyalılarda özlərinə güvən hissini bir az da artıracağını bildiklərindən bala qətran qatırdılar".
İndi də Azərbaycanın regionda güclənməsini və müstəqil siyasət yeritməsini gözü götürməyənlərin yayda keçiriləcək olimpiadanı qaralamağa çalışdıqlarını deyən millət vəkili hesab edir ki, Avropa oyunları ölkəmiz üçün təkcə imic deyil, həm də maddi baxımdan olduqca önəmli bir tədbirdir: "10 minlərlə turist burada 100 milyonlarla valyuta xərcləyəcəklər ki, bu da istər-istəməz manatın kursuna da müsbət təsir göstərəcək. Yəni, manatın devalvasiyasını Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarına bağlamağa çalışanlar Azərbaycanın düşmənləri və onların sifarişlərini yerinə yetirənlərdir. Soruşuruq bizdə manat həmin oyunlara görə ucuzlaşıbsa, Rusiya, Qazaxıstan, Türkmənistan, Gürcüstan, Türkiyə, İran , Ermənistan və digər ölkələrdə niyə milli valyutaları dəyərdən düşüb? Özü də Azərbaycanda olduğundan daha çox. Onlar da olimpiada keçirməyə hazırlaşırlar? Avropa Birliyi kimi nəhəng bir qurumun valyutası ötən ilin yayından başlayaraq sürətlə devalvasiyaya uğrayıb. Niyə avropalılar buna faciə kimi yanaşmırlar? Eyni zamanda, necə olur ki, Edik Bakinski deyilən bir erməni sosial şəbəkədə azərbaycanlıları ayağa qalxmağa səsləyir, bizə o qədərmi canı yanır? Bəli, kimlərsə onların təsiri altına düşə bilər. Amma camaat manatın dəyərini itirməsinə yumşaq desək, o qədər sevinməsə də, bunun qaçılmaz olduğunun və dövlətin ondan doğan mənfi təsirləri azaltmaq üçün əlndən gələni edəcəyini yaxşı bilir".
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqovun milli valyutanın məzənnəsi ətrafında yaranmış anlaşılmazlıqdan istifadə edərək, populist və özünüreklam xarakterli çıxışlar edən bəzi millət vəkilləri və şəxslərə qarşı fikirlərini bildirib. Onun sözlərinə görə, aydındır ki, Mərkəzi Bankın son qərarı hamıda narahatlıq yaradıb: "Bundan sui-istifadə edərək bəzi ticarət şirkətləri süni qiymət artımına gətirib çıxaran addımlar atır, yaranan vəziyyətdən "yararlanmağa" çalışırlar. Lakin bundan ucuz reklam kimi istifadə edərək, diqqəti özünə yönəltmək cəhdləri həmin millət vəkilinə utanc gətirir. İqtisadçıları başa düşmək asandır bu məsələdə. Lakin millət vəkili populizmlə yox, real işlə məşğul olaraq, xalqı çaşdırmamalıdır. Sözsüz ki, dövlət rəsmiləri çox yaxın zamanda bununla bağlı xalqa əlavə izahatlar verəcəklər. Dövlətimiz və Prezident İlham Əliyev hər zaman olduğu kimi həmişə xalqın tərəfindədir . Mən inanıram ki , yaranmış bu vəziyyətdən fürsət kimi istifadə etmək istəyənlərin qarşısı dövlətimiz tərəfindən qətiyyətlə alınacaqdır.
Millət vəkili, iqtisadçı Əli Məsimli "Modern.az"a açıqlamasında bildirib ki, dövlət makroiqtisadi sabitliyin gözlənilən pozulmalarını önləyəcək, manatın məzənnəsini süni surətdə sabit saxlamağa çəkdiyi xərclərin bir hissəsinə qənaət edəcək. Onun sözlərinə görə, manatın devalvasiyasının yaradacağı inflyasiya hesabına büdcəyə əlavə vəsait daxil olacaq: "Həm də manat-dollar kurs nisbəti qədər Dövlət Neft Fondundan büdcəyə nəzərdə tutulan transfer manat ifadəsində 10,4 milyard manat qalmaqla, dollar ifadəsində kursa mütənasib sürətdə azala bilər. Konkret rəqəm demək çətindir. Amma 1 dollar - 1 manat nisbətindən hər iki tərəfə doğru kənarlaşmalar gözləniləndir. Manatın məzənnəsinə dolayı yolla olsa da, dünya bazarında neftin qiymətinin kəskin surətdə enməsi, qlobal valyuta bazarında dolların təzyiqi, qonşu ölkələrin milli valyutalarının devalvasiyasının, maliyyə bazarındakı problemlərin, yaranmış panik vəziyyətin psixoloji təsiri var. Ona görə də manatın məzənnəsi inzibati yolla 1 dollar - 1 manat 5 qəpik nisbətində müəyyənləşdirilsə də, sadaladığım və üstəgəl bu qəbildən olan digər amillərin təsiri ilə məzənnədə müəyyən qalxıb-enmələr gözləniləndir. Onun hansı trayektoriya çərçivəsində olacağı isə həm neftin qiymətinin hərəkət trayektoriyasından və sadaladığım digər amillərin təsirindən, ölkə iqtisadiyyatının real, maliyyə və sosial sahələrində gedən proseslərin məntiqindən, həm də Mərkəzi Bankın tənzimləyici fəaliyyətinin səmərəlilik dərəcəsindən asılı olacaq".
Ə.Məsimli deyib ki, milli valyuta bahalaşanda ölkədən ixrac olunan məhsullar da bahalaşır, ölkəyə gətirilən mallar isə ucuzlaşır: "Milli valyuta ucuzlaşanda isə əksinə, ölkədən ixrac olunan məhsullar ucuzlaşır, ölkəyə gətirilən mallar bahalaşır. Ona görə də devalvasiya nəticəsində xaricdən Azərbaycana gətirilən mallar bahalaşacaq".
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Rüfət Quliyev "Trend"ə açıqlamasında qeyd edib ki, manatın məzənnəsinin zəifləməsi qonşu ölkələrdə, xüsusilə də Rusiyada Azərbaycan məhsullarına tələbatı artıracaq.
Onun sözlərinə görə, Rusiyada rublun kəskin devalvasiyası zamanı bu ölkəyə ixrac edilən Azərbaycan məhsullarına daha az tələbat olub və bir çox tədarükçülər biznesin həcmini azaltmaq və ya digər hesablaşma forması axtarmağa məcbur olublar: "Azərbaycan uzun illərdir manatın məzənnəsini dollara bağlı saxlayıb və belə tərkibli iqtisadi model cəmiyyət və dövlətin maraqlarını qorumaq üçün lazım olub. Lakin unutmaq olmaz ki, bütün dünya 2008-ci ildən böhran yaşayır. Bir çox ölkənin iqtisadiyyatı geriləyir, onların iqtisadi göstəriciləri azalır, ümumi milli məhsulu isə ildə cəmi 0,5 faiz artır. Bütün bu illər ərzində Azərbaycan hökuməti ehtiyatları hesabına manatın məzənnəsini sabit səviyyədə saxlayırdı. Biz ildə inflyasiyanın 1,5-2 faizdən çox artmasına imkan vermədik. Rusiya, Qazaxıstan, Ukrayna, Gürcüstan, Ermənistan, Türkiyə, Qırğızıstan və Tacikistan kimi bir çox ölkədə milli valyutanın devalvasiyası baş verdi. Azərbaycanı qlobal iqtisadiyyatdan kənarda nəzərdən keçirmək olmaz".
Manatın məzənnəsinin zəifləməsi inflyasiyaya səbəb olsa da, R.Quliyev hesab edir ki, hökumət çox güman, belə şəraitdə inkişaf proqramına malikdir: "Şərtlər dəyişib, heç olmasa, müvəqqəti olaraq dünya iqtisadiyyatında problemlər həll edilənədək yeni dünya iqtisadi proseslərinə uyğunlaşmaq lazımdır. Hökumət baş verən proseslərin əhalinin rifahına çox təsir etməməsi üçün bütün məsələləri nəzərdən keçirəcək".
Ceyhun ABASOV