Ömür şeiri
I
Bir yorğun torpağam dincə qoyulmuş,
Daha əkilməyim, biçilməyim yox.
Köhnə qarağacam içi oyulmuş
Bir də körpülənib keçilməyim yox.
Bütün körpüləri keçmişəm daha
Səbr kasamı da içmişəm daha
Quzey ağacıyam
yanım duman, çən –
Bircə yarpağıma gün düşənəcən
Nələr çəkdiyimi özüm bilmişəm,
O gülən yarpağı üzüm bilmişəm.
Hanı o yamacda gün dəyən tərəf?..
Yolda taleyimin yaşıl işığı,
Kolda sarmaşığım dolaşan kələf –
Mən o kələfləri aça bilmədim
Bir namərd əlindən qaça bilmədim.
II
Hanı bu dünyanın dağ tərəfləri
Qızıldöş qayanın tağ tərəfləri –
Ayağım dəyməmiş bir daş qalmadı,
Heyf, gücdən düşən o ayaqlara!
Çayına çiyindaş, daşına yoldaş
Heyf, ömrümdəki o ortaqlara,
Özüm ola-ola mənim olmayan,
Heyf yaylaqlara, ulu dağlara.
Havaxan doğrudan havada xandı,
Heyf o xanlara, o sələflərə,
Daha üz çevirməz biz tərəflərə...
III
Pətək də saxlamır işsiz arını...
Bu külək payızdan gələn havadı.
Quşlar da uçurdu balalarını
Mənim də ürəyim yetim yuvadı
Uçub məndən gedən söz qanadlarım –
Görən harda qalır o övladlarım?
Hansı budaqlarda böyüyür görən,
Hansı ürəklərdə döyünür görən?
Görsəm çoxlarını tanımaram heç.
Daha o uyğular, şirin duyğular,
Sevgidən sorğular mənimki deyil.
Hanı bu dünyanın sevgi tərəfi?
İnsanın insana ərki tərəfi?
IV
Dayan, oturduğum yeri dəyişim –
Hə, bu daş yaxşıdı, mamırlı, yumşaq –
Dünyanın işiylə daha nə işim,
O fincan çayımı gətir balacan!
Daha mən xatirə çözələmirəm,
Köhnə dərdlərimi təzələmirəm.
Bir də izim qalmaz çaylaq daşında
Sel coşar üstündən, daş atar məni.
O köhnə dərdlərim bağrım başında
Sızlaya-sızlaya yaşadar məni.
Əlim ki, o ələ yetişməyəcək,
O sınıq güzgü ki, bitişməyəcək
Olmuşda daha nə təsəlli gəzim?
Xatirə yazmağa, yuxu yozmağa
Heç qulaq asmağa yoxdu həvəsim.
Hanı cəmiyyətin cəm tərəfləri,
Yaşayış tapmağa çəm tərəfləri?
V
Günahım gözündə oxunur, tubu,
Yenə o gözlərdə baxışlanıram.
Mən payız durnası, axşam qürubu
Pənbə buludlarda naxışlanıram.
Uçuram gecənin durna səfində
Üzü görünməyən ay tərəfində
Hanı dan üzünün ağ tərəfləri,
Dövrünün qızılı cağ tərəfləri?
VI
Bir az saymazyana, bir az biganə
Hələ ki, canımda can saxlayıram –
Ruhum uçmaq üçün dəli-divanə –
Nə bir əlləşirəm, nə can çəkirəm,
Gümüş türbə, nə də qızıl cam üçün
Mən cığır çəkirəm, ağac əkirəm,
Mən çiçək dərirəm o dünyam üçün
Buraxdım ömrümü üstdən aşağı
Tanrıdan gələcək sərəncam üçün –
Hanı bu dünyanın ruh tərəfləri?
Gəmi tərəfləri, Nuh tərəfləri?
yay, 2012
Buynuz
27 sentyabr
Sənin ad günün üçün
Bilmisən, sən bizdən qabaq gəlmisən,
Doğma ocağına qonaq gəlmisən
Tale bir möcüzə baxt verib sənə,
O qədər yalvarıb-yaxarmısan ki,
Dünyada heç kəsə verilməyəcək
O dünya sahibi vaxt verib sənə –
Vallah ruhun deyil, özün olmusan,
Məni ev-eşikdən xəbər almısan –
Sənsiz əhvalımı pərişan bilib
Bir də tapşırmısan məni tanrıma,
Dəftər-kitabımın tozunu silib,
Nəzər yetirmisən pal-paltarıma.
Güzgüdə sənindi vallah bu nəfəs,
Bu ocaq başında sən durmusan, sən
Yəqin vaxt sahibi icazə verməz,
Bizi gözləyəsən, bizi görəsən...
Birdən tələsmisən, vaxtın daralıb,
Qapı dəstəyini sıxıb çıxmısan.
Qapı bir balaca aralı qalıb
Ətrafa həsrətlə baxıb çıxmısan.
Vallah, o gülü də özün dərmisən,
Bir nəzərin qalıb tut ağacında.
O güldən bir ləçək düşüb dəhlizə,
Bir gilas yarpağı gedib saçında.
Xiffətin cığırı payızlandırıb
Ahın bir topacıq otu yandırıb –
Yanır barmaqlarım,
əlimdə şam var,
Dolub şamdan olan ovcumdu, qalır –
Gəl bu göynərtini dilimdən apar
Bu sənə şirinlik borcumdu qalır.
Bir gözə dəymədən gözdən itənim,
Bir gizli baxt ilə əhdə yetənim!
Durub iki dünya üz-üzə, gəlmə
Bir daha göstərib möcüzə gəlmə.
Bir yol qovşağında bəlkə görüşdük –
Mən sizə gəlirəm, sən bizə gəlmə.
payız, 2012
Buynuz
Zəriflik
A səkkiz ləçəyim, zərif çiçəyim!
Bəlkə göydən enib sarı mələyim.
Günəşdən bir parça yanğıdı, vallah,
İlahi sarıyan sarğıdı, vallah
Sinəmə doluşan duyğudu, vallah.
Kobud işlərimi zəifləndirib
Zəriflər könlümü zərifləndirib –
Bu tavus quşunun lələkləridi
Tanrı bizdən ötrü qanad endirib.
A baxışı kobud o tərəfə bax,
Qoparma könlümdən ləçəklərimi,
Uçurma çiynimdən mələklərimi.
Getdi ağrılarım, keçdi göynəyim
Qoy bu gül bədənlər olmasın həşəm.
Aşıq Ələsgərdə sarı köynəyim,
Aşıq Qurbanidə zərif bənövşəm.
Zərifdə hiylənin tutumu yoxdu,
Zərifdə çəyirtkə udumu yoxdu.
Sən allah, çox sıxma nazik əllərin
Sıxılar barmağı, tökülər zəri.
Zərifin əlləri tətiyə getməz,
Zərif budaqların tikanı bitməz.
Dünyamız olsaydı zərif əlində
Dilimiz oynardı tərif əlində.
İlahi, mehrində saxla zərifi,
Bir həzin mehində saxla zərifi,
O büllur şehində saxla zərifi..!
Mənim də ürəyim açılsın belə,
İşığı könlümə saçılsın belə.
yay, 2012, Buynuz
Uzun gecələr gəlir
Uzun gecələr gəlir
Tənhalar üçün ağır.
Yaxınlar necə uzaq,
Doğmalar necə fağır.
Uzun gecələr gəlir
Gözdən yuxu qaçıb dostlar kimi
Dindirməyə bir könül,
Taylar içrə tayın yox.
Bütün oyunlar bitib,
Baş qatmağa oyun yox.
Dünyanın zəhri varsa,
İçmişik qurtarmışıq.
Bütün aldanışları
Keçmişik, qurtarmışıq.
Uzun gecələr gəlir –
Atlas olsun, ya ipək,
Daş kimi yorğan-döşək
Söykən daş balışlara...
Yazığım gəldi birdən
Qazıq oyma daşlara...
Fikirlər oyur könlümü
oyum-oyum
Daha bənövşəm yox
Dərib sinəmə qoyum.
Uzun gecələr gəlir...
Yuxudur çəkilir ərşi-əlayə,
Bu nə mahnıdı belə
Yayılıb səmayə?
– qaytar məni, qaytar məni!
Mən pəriyəm; mən mələyəm,
Göylər üzü dartar məni!
dartar məni!
Qaytar məni, qaytar məni –
Gördüyüm qırmızı yuxudu bəlkə,
Fələyin fırlanan çarxıdı bəlkə...
Uzun gecələr gəlir,
Ağacların əli çılpaq,
Tutmağa həvəsim yox.
Ovcumu isitməyə
Əvvəlki nəfəsim yox.
Uzun gecələr gəlir,
Xatirələr işarır orda, burda –
İşıldaquş kimi
Somsoyuq bir şey
Yarı həsrət, yarı giley.
Xoş bir xatirə tutmaq –
Qaranlıqda qara pişik
Tutmaq qədər çətin...
Hardasa işıq düşür
Süzülür bu qara sətin;
Kiminsə yanır çırağı,
Uzaq işığın istisi yox,
Yaxın qaranlığın dayağı...
Uzun gecələr gəlir,
Ölməmişik nə əcəb?!
Zəmanəylə sözüm çəp,
Dövrana qarşı asi.
Bezdim bu asilikdən
Gözümün yaşı asi,
Gündüz qısa, səbirsiz
Ömrümün yaşı Asi,
Bezdim bu asilikdən –
Ölçüsü, biçisi yox,
Nə çıxar bu namərd
dövranə qazilikdən?!
Uzun gecələr gəlir,
Ümidimi uçururam sabaha
alatoran havada.
Ümidin də həvəsi yox uçmağa
Bir yarasa qanadında
qayıdıb
Mürgüləyir yuvada.
Suyu çəkilmiş ağaclar beləcə
mürgüləyir.
Daha keçə bilmədiyim cığırı
Hörümçək hörgüləyir.
Uzun gecələr gəlir,
Odu ha göründü, göründü!
Necə xoşdu, Allahım,
Ağ buludlar kimi
Uzun gecələrdən süzülüb
Dan yerini ağartdı ahım!
Tutdu əlimdən, sabahım,
Qalxım bu uzun gecələrdən?!