https://525.az/img/pics/medium/2024-04/311242_odoc9t9k42.jpg “525-ci qəzet”in 25 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311122_b1hfkgacxz.jpg Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
search
25 Aprel 2024
24 Aprel 2024

Bizə “Atletiko” lazımdırmı?

Bizə “Atletiko” lazımdırmı?

Dünyanın ən güclü futbol çempionatı sayılan İspaniya La Liqasında dünən keçirilən Madrid derbisi – “Real” – “Atletiko” oyunu azərbaycanlı azarkeşlər üçün bu dəfə təkcə idman mübarizəsi baxımından yox, həm də sırf mənəvi məsələyə görə önəmli idi.

“Atletiko”nun üzərində “Land of fire Azerbaijan” (“Odlar yurdu Azərbaycan”) sözləri yazılan formayla meydana çıxması, təbii ki, qürurverici bir faktdır, ən başlıcası Azərbaycanın xaricdə reklamı mənasında çox önəmli bir addımdır. Azərbaycan prezidentinin fərmanı ilə 2012-ci ilin ölkədə idman ili elan edildiyini, Londonda keçirilən Yay Olimpiya Oyunlarında idmançılarımızın uğurlu nəticələrini də nəzərə alanda əminliklə demək olur ki, Madriddəki hadisə idman ilinə uğurlu bir sonluq qoydu.

Əlbəttə, bu, sıradan bir hadisə sayılmadığından onun ictimai əks-sədası gözlənildiyindən də artıq oldu. Təsadüfi deyil ki, hələ matçın gedişatından başlayaraq ta indiyə kimi istər ölkə mediasında, istərsə də sosial şəbəkələrdə azərbaycanlı istifadəçilərin ən çox müzakirə etdiyi mövzu məhz “Atletiko“nun “Land of fire Azerbaijan” forması ilə “Real”la oyuna çıxmasıdır. Əlbəttə mütləq əksəriyyət bu hadisəni təqdir etsə də, Azərbaycan tərəfinin cəmi bir oyuna görə “Atletiko”ya 20 milyon avro ödəməsi barədə dəqiqləşdirilməyən və rəsmi təsdiqini tapmayan məlumatları qabartmaqla olayın yükünü azaltmağa cəhdlər də göstərildi.

Əslində isə “Atletiko”nun bu formanı geyinməsi heç də bir günə hesablanmış addım deyil, İspaniya təmsilçisi ilə “Bakı” klubu arasında imzalanmış üç illik müqavilə çərçivəsində görüləcək çoxsaylı işin kiçik tərkib hissədir. Başqa sözlə, “Santyaqo Bernabue”dakı olay bu müqavilənin uğurlu başlanğıcıdır.

Bəs, “Atletiko” ilə “Bakı” arasında imzalanmış müqavilə nəyi əhatə edir? Onun Azərbaycan futbolu üçün faydası nə ola bilər?

Azərbaycan dövlətinin dəstək verdiyi bu layihənin baş tutmasında “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədov birbaşa rol oynayıb. Hədəf isə budur ki, artıq gələn ilin martından başlayaraq üç il ərzində hər il Azərbaycandan 13-14 yaşlı onlarla futbolçu seçilərək “Atletiko”nun futbol akademiyasına hazırlığa göndəriləcək. “Bakı” klubunun maddi dəstəyi ilə bu müddətdə onlar dünyanın ən məşhur klubunda futbolun sirlərinə yiyələnəcəklər. Yəni məqsəd gələcəkdə İspaniya futbolunun timsalında Avropa futbol mədəniyyətini görmüş yüksək səviyyəli kadrların hazırlanmasıdır. Bu futbolçular artıq 18-20 yaşına çatanda təkcə öz klublarının deyil, həm də Azərbaycan milli komandalarının da aparıcı üzvlərindən birinə çevrilə bilərlər.

Amma bu yerdə yenə sual yaranır: bütün bunları Azərbaycanda da həyata keçirmək olmazmı və uşaq futbolunun inkişafına yüksək vəsait ayrılması nə dərəcədə effeklidir?

Sirr deyil ki, uşaq futbolunun səviyyəsinin artırılması inkişaf etmiş futbol ölkələrində başlıca prioritet olub. Təəssüf ki, Azərbaycanda futbolun inkişafı ilə bağlı Dövlət Proqramında bununla bağlı xüsusi bəndlər olsa da, klublar bu məsələyə çox laqeyd yanaşıb, külli-miqdarda pullarını Azərbaycanın istedadlı futbolçularının yetişməsi əvəzinə lazımsız, karyerasının qürub çağını yaşayan, komandasına ciddi faydası dəyməyən legioner oyunçulara xərcləyib, ortayaşlı yerli futbolçuların qiymətini isə süni şəkildə artıraraq uğuru sabahda deyil, bugündə axtarıblar. Bu isə kökündən yanlış bir addım idi. Bu uğursuz futbol siyasəti həm də ona gətirib çıxarıb ki, son 10 ildə “Neftçi”nin Avropa Liqasının qrup mərhələsinə düşməsindən savayı Azərbaycan futbolunda hansısa ciddi uğur olmayıb. Dərinə gedəndə problem heç bunda da deyil. Söhbət ondan gedir ki, bu illər ərzində 6-7 gənc futbolçunu çıxmaqla klublarımız Azərbaycan futbolunda potensialı olan kadrlar yetişdirə bilməyiblər. Və yaxud da buna cəhd etməyiblər.

Ümumiyyətlə,  son illər ölkəmizdə uşaq futboluna xüsusi diqqət göstərən cəmi iki klub var: “Bakı” və “Qəbələ”. Bu isə şübhəsiz ki, birbaşa adları çəkilən klubların prezidentlərinin şəxsi təşəbbüsü, dəstəyi və gələcəyə hesablanmış uğurlu siyasəti nəticəsində mümkün olub. “Bakı” və “Qəbələ” Azərbaycanda yeganə klublardır ki, onların özünün futbol akademiyası var. Ümumiyyətlə, özünə hörmət edən klub və klub rəhbəri, əgər iqtisadi imkanları imkan verirsə, belə bir akademiyanı mütləq yaratmalıdır. Ona görə ki, müasir futbolda səviyyəli oyunçuların böyük əksəriyyəti məhz akademiyaların yetirməsidirlər.

Bəs, bizim varlı-karlı digər klublarımız, hələ akademiya yaratmaqları bir yana, uşaq futbolunun inkişafına nə üçün ciddi səy göstərmirlər, buna barmaqarası yanaşırlar? Bu suala artıq yuxarıda cavab verildi: bizim əksər klublarımızın rəhbərləri uğuru məhz bu gündə axtarırlar. Bu da ona gətirib çıxarıb ki, Azərbaycan Premyer Liqasıdan yarışan 12 komanda üst-üstə götürəndə son 7-8 ildə bu ölkənin futboluna 12 keyfiyyətli oyunçu bəxş etməyib. Bütün bunlar isə təbii ki, bir çox klub rəhbərinin futbol savadının aşağı olmasının, dünya futbolunda uzun illərdir baş verən proseslərlə maraqlanmamasının, nəhayət, öz işinin əsl peşəkarı olmamasının əyani göstəricisidir.

Yenidən mətləbə qayıdaraq “Bakı”nın uşaq futbolu ilə bağlı fəaliyyətinə toxunaq. Klubun prezidenti Hafiz Məmmədovun 2008-ci ildə “Bakı”nın futbol akademiyasını yaratması ona gətirib çıxardı ki, bu gün A komandada artıq akademiyanın bir neçə yetirməsi aparıcı futbolçuya çevirilib. Hələ 20 yaşları tamam olmayan Nurlan Novruzov, Şəhriyar Əliyev, Rəhman Hacıyev, Namiq Ələsgərov, Elşad Manafov “Bakı”nın əsas komandasının üzvləridir.

Amma “Atletiko” ilə əməkdaşlıq müqaviləsi onu göstərir ki, Hafiz Məmmədov artıq yalnız Azərbaycan üçün deyil, gələcəkdə Avropa futbolunun ulduzu ola biləcək azərbaycanlı futbolçuların yetişməsinə birbaşa dəstək verir. Təbii ki, azərbaycanlı uşaqların “Atletiko” kimi bir komandada təcrübədə olması az vəsait tələb etmir. Amma gəlin bir sadə suala cavab tapaq: məgər, gələcəyin istedadlı azərbaycanlı futbolçusunu yetişdirmək lazımsız legionerə pul xərcləməkdən önəmli deyilmi?

Ümumiyyətlə, “Baki”nın prezidentinin Avropanı, xüsusilə İspaniyanın ən ünlü klublarından olan “Atletiko”nu seçməsi də uğurlu addımdır. Dəfələrlə qeyd olunub ki, AFFA-nın Azərbaycanın uşaq futbolunun inkişafında tətbiq etdiyi alman modeli uğur qazandıra bilməz. Çünki belə məsələlərdə mentalitet amili də rol oynayır. İspanlarla azərbaycanlıların mentalitetində, xarakterindəki bənzərliyi nəzərə alsaq, azərbaycanlı uşaqların “Atletiko”da uyğunlaşma prosesinin çox vaxt aparmayacağını söyləmək olar. Amma ən əsas məsələ heç bu da deyil. İspaniyada, xüsusilə “Barselona”, “Real”, “Atletiko”nun futbol akademiyaları çox güclüdür. Nizam-intizam baxımından qaydalar sərtdir. İki faktı misal gətirək. Orada uşağın təkcə futbol göstəricilərinə deyil, həm də tərbiyəsinə, təhsilinə xüsusi önəm verilir. Məsələn, “Barselona” akademiyasında dərslərdən “2” qiyməti ilə oxuyan futbolçu o komandada saxlanılmır! İkinci fakt. Əgər yeniyetmə futbolçu məşqlərdə dava salıbsa, komanda yoldaşını təhqir edibsə, ertəsi günü o, velideynlərinin iştirakı ilə bütün komanda yoldaşlarının qarşısında üzr istəyir və yalnız bu halda komandada saxlanılır. Mən bilən belə bir təcrübə “Atletiko”da da olmalıdır.

Öna görə də İspaniya futbolu təkcə ulduzlar deyil, həm də şəxsiyyətlər yetişdirir. Heyf ki, Azərbaycanın uşaq futbol məktəblərində belə hallar olmayıb.

Amma artıq bu prosesə start verilir. Bu gün də olmasa, sabah bizim futbolumuzda ulduzlar, şəxsiyyətlər olacaq.  
Düzdür, onlar “Atletiko”nun məktəbini keçəcəklər, amma bütün hallarda BİZİMki olacaqlar.

ÜMİD

P.S. Azərbaycan üçün qürurverici bir hadisə - “Real” – “Atletiko” oyunu zamanı ölkəmizdə artıq dekabrın 2-si idi. Məhz həmin gün “Bakı”nın prezidenti Hafiz Məmmədovun dünyaya gəldiyi gündür. Bəlkə də bu bir təsadüfdür. Amma bəzən təsadüflər zərurətdən doğur. Hafiz Məmmədovu doğum günü münasibəti ilə təbrik edir və Madriddə Azərbaycan üçün tarixi bir hadisə yaşatdığına görə ona təşəkkür edirik.

qol.az

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.