"Prezident Administrasiyasında işin həcmi o qədər böyükdür ki, Prezident Administrasiyasının şöbə müdirlərinin statusu, səlahiyyətləri artırılıb və onlar Prezident İlham Əliyev tərəfindən Administrasiya rəhbərinin müavinləri təyin olunublar".
Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə PA rəhbəri Ramiz Mehdiyev Azərbaycan Prezidenti Administrasiyasında həyata keçirilən kadr dəyişikliklərinə münasibət bildirərkən deyib.
"Heç bir başqa fikir ortalıqda yoxdur, sadəcə işin çoxluğu və vəzifələrin artmasından söhbət gedir", - Mehdiyev deyib.
PA rəhbəri bildirib ki, onlar öz vəzifələrində qalırlar, eyni ilə də Administrasiya rəhbərinin müavinləri kimi də fəaliyyət göstərəcəklər.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev, Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov və müdafiə məsələləri üzrə köməkçisi Vahid Əliyev Prezident Administrasiyası rəhbərinin müavinləri təyin olunublar.