Yazıçı-dramaturq Hüseynbala Mirələmov birmənalı şəkildə bəyan edib ki, məmə yeyəndən pəpə yeyənə hamı 2013-cü il prezident seçkilərində YAP sədri İlham Əliyevin namizədliyini dəstəkləyəcək və ona səs verəcək.
Müsahibimiz Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili, yazıçı-dramaturq Hüseynbala Mirələmovdur
-Hüseynbala müəllim, bildiyiniz kimi, bir müddət öncə Rusiyada yaşayan bir qrup Azərbaycan əsilli oliqarx tərəfindən Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqı (RATİ) - ona həm də şərti olaraq “Milyarderlər İttifaqı” deyirlər - yaradıldı. Bu təşkilatın yaradılması və cəmi bir günün ərzində fəaliyyətinə ara verməsi ilə paralel olaraq bir sıra zəncirvari proseslər yaşandı. Məsələn, separatçı “Sadval” təşkilatı yenidən öz iddialarını səsləndirməyə başladı, tanınmış kino-ssenarist Eldəniz Quliyev tərəfindən Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin (ADNDTB) təsis olunması bəyan edildi. Sizcə, bunlar nədən xəbər verir, burada milli, dini, etnik tolerantlığı ilə seçilən Azərbaycanda yenidən qarışıqlıq yaratmaq niyyətləri özünü göstərmir ki?
-Bilirsiniz, belə bir təşkilat-ADNDTB yaranıbsa, mən onu kökündən qətiyyətlə, pisləyirəm. Mərhum dövlət başçımız Heydər Əliyevin gözəl, müdrik bir kəlamı var : Hamımızın bir vətəni var- o, Azərbaycandır. Kürdlərin də, talışların da, ləzgilərin də, avarların da, ümumiyyətlə, Azərbaycanda yaşayan bütün xalqların vətəni Azərbaycandır və bunlar birlikdə azərbaycanlılardır, azərbaycanlılar adlanır.
Bu kəlamı xatırlatmaqla demək istəyirəm ki, Azərbaycanda başqa heç bir şeyə ehtiyac, əsas yoxdur. Sadəcə, bunlar separatizmdir və mən də bir azərbaycanlı kimi bunları pisləyirəm...
-Bu separatizm meyllərinin arxasında hansı qüvvələr, dövlətlər dayanır - İran, Rusiya, yoxsa?..
-Vallah, mən bu barədə dəqiq bir söz deyə bilmərəm, amma sizi inandırım ki, istər İran olsun, istər Rusiya olsun, yəni, bu böyük dövlətlər ki var, bunlar belə xırda adamlarla heç vaxt iş görməzlər. Hansısa bir Eldəniz, hansısa bir Həsən, hansısa bir Hüseyn etnik zəmində hər hansı bir cəmiyyət, təşkilat yaradırsa, bu, sadəcə olaraq vicdansızlığın, qədirbilməzliyin, dönüklüyün əlamətidir, yediyin çörəyə qiymət verməməyin göstəricisidir.
Hesab edin ki, bir ailədə on uşaq olur - ancaq görürsən ki, sonradan onun 7-8-i çox təmiz, ağıllı, vicdanlı, 1-2-si isə əksinə, vicdansız, namərd, dönük çıxır. Ona görə mən inanmıram ki, o boyda Rusiya - böyük bir imperiya hansısa bir Eldənizdən, Həsən-Hüseyndən istifadə edib, Azərbaycanda qarışıqlıq yaratmaq istəsin. Bu, təbii ki, mənim öz məntiqimdir. Mən buna inana bilmirəm, bunlar sadəcə, bu yolla cəmiyyətin nəzər-diqqətini özlərinə cəlb etmək istəyirlər..
-Siz parlamentdə Bakı rayonlarından birini təmsil etsəniz də, əslən Lənkərandansınız. Bu baxımdan, talışların kompakt şəkildə yaşadığı bir bölgənin nümayəndəsi kimi orada, həmçinin, ali qanunverici orqanda talışlara qarşı azərbaycanlıların, azəri türklərinin hansısa bir ayrı-seçkiliyini görmüsünüzmü?
- Nəinki parlamentdə, ümumiyyətlə, gözümü dünyaya açandan, dünyanı tanıyandan Azərbaycanda kimlərəsə, o cümlədən, talışlara qarşı hər hansı bir ayrı-seçkiliyi hiss etməmişəm, görməmişəm. Məsələn, Lənkəranda o qədər adam tanıyıram ki, Azərbaycanın digər bölgələri ilə qohumluq əlaqələrinə malikdir, ya oğlanları üçün kənar bölgələrdən qız alıblar, ya da öz qızları başqa bölgələrə gəlin köçüblər.
Yəni, demək istəyirəm ki, ayrı-seçkilik şəxsən mənə də ögey bir hissdir. Mənim içimdə də belə bir hiss heç zaman olmayıb, yaşamayıb və bu hisslə də yaşayanlara nifrət edirəm. Yenə deyirəm, xatırladıram, bizim hamımızın bir vətəni var-bu Azərbaycandır. Bunu bizim ulu öndərimiz deyib, biz də onun sözlərinə səmimi-qəlbdən əməl edirik...
- Yeri gəlmişkən, RATİ-nin təsisçilərindən olan Söyün Sadıqov əslən cənub bölgəsindən və hazırda həbsdə olan “Talişo-sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun azadlığa buraxılması ilə bağlı Rusiya patriarxına müraciət edib. Bunu necə qiymətləndirirsiniz?
- Düzünü deyim ki,əvvəla, həmin təşkilat-RATİ barədə qəzetlərdən məlumat almışam və şəxsən mən özüm də başa düşmürəm ki, bunlar nə istəyirlər. Əgər həmin milyarderlər Moskvada belə bir təşkilatı yaradıblarsa, onların məramı nədir, məqsədi nədir, onlar Azərbaycana nə verəcəklər və onlar Azərbaycandan nə istəyirlər, bunu dəqiq ortaya qoymalıdırlar...
Ancaq açığını deyim ki, hələ də özümə aydınlaşdıra bilməmişəm ki, onlar nə istəyirlər. Bununla belə, hesab edirəm ki, həmin adamlar görünür Azərbaycanda özləri də bilmədən hansısa separatizm meylləriunə rəvac verirlər, adamları çaşdırmaq istəiyrlər... Bilirsiniz, Azərbaycan artıq 1991-93-cü illərdəki Azərbaycan və cəmiyyət də həmin cəmiyyət deyil. Özünüz də gördünüz ki, xalqın təkidli tələbi ilə Ulu öndər hakimiyyətə gələndən sonra hansı hadisələr oldu, iki dəfə hakimiyyət çevrilişinə cəhdlər edildi, terraktlar, sui-qəsdlər törədildi, ancaq sonunda, yəni, Heydər Əliyevin müdrikliyi sayəsində bu dövlət bütün sınaqlardan uğurla çıxdı.
Insanların özləri də sınaqdan çıxdı, burada çaşanlar da tapıldı , səhv edənlər də oldu, yolunu azanlara da rast gəlindi. Onlar da sonda hamısı başa düşdülər ki, bu monolit dövlətə qarşı çıxmaq olmaz. Bu dövlət çox güclü dövlətdir, bu dövlətin əsası möhkəmdir, bu dövlətin əsası sarsılmadır və ən əsası bu dövlətin memarı, banisi tarixi şəxsiyyət Heydər Əliyevdir... İndi ola bilər ki, Azərbaycanda yenidən qarışıqlıq yaratmaq meylləri Rusiyada, lap İranda da olsun. Sadəcə, onları yayda aradabir əsən küləyə , aradabir gəlib-gedən tsiklona bənzədirəm, yəni, gələr də, gedər də, hamısı mənasız, boş şeylərdir.
-Dediniz ki, arada çaşanlar da, yolunu azanlar da oldu. İndi qarşıdan növbəti prezident seçkiləri gəlir və ətrafımızda da kifayət qədər gərgin proseslər yaşanır. Belə olan təqdirdə, bu ərəfədə də çaşanlar, yolunu azanlar ola bilərmi?
- Sizi inandırım ki, Azərbaycanın çox böyük hissəsi - təbəqəsi hamısı hörmətli Prezidentimiz İlham Əliyevi dəstəkləyir. Hakim partiya olan YAP-da birmənalı olaraq partiyamızın sədri kimi İlham Əliyevin namizədliyini müdafiə edir və edəcək. Ondan başqa YAP üzvü olmayanların da böyük əksəriyyəti İlham Əliyevin siyasətini dəstəkləyir və onu növbəti müddətə prezident görmək istəyirlər.
Indi olsun ki, bir faiz-iki faiz kimsə tərəddüd etsin, bütün cəmiyyətlərdə bu var. Ancaq yel qayadan nə apara bilər ki? Heç bir şey! Ona görə hesab edirəm ki, onlar heç bir təhlükə yaratmır və nəhayət, onlar da başa düşəcəklər ki, səhv ediblər...
-Belə fikirlər də var ki, seçkilərin gedişi ərəfəsində YAP, iqtidar komandası İlham Əliyevin deyil, başqa bir şəxsin namizədliyini irəli sürsün. Hətta, burada konkret adlar da çəkilir...
- YAP heç vaxt başqa bir şəxsin namizədliyini irəli sürməyəcək. YAP birmənalı olaraq İlham Əliyevin namizədliyini zamanı yetişəndə irəli sürəcək və onun qalib gəlməsi üçün nə lazımdırsa, onu da edəcək. Özü də qeyd edim ki, YAP-ın 600 mindən artıq üzvü var, eyni zamanda, hər bir YAP-çının ailəsində ən azı 3-4 nəfər səsvermə hüququ olan şəxs olduğunu nəzərə alsaq, bu, haradasa 2 milyiondan artıq səs edir.
Yəni, loru şəkildə desək, məmə yeyəndən pəpə yeyənə hamı İlham Əliyevin namizədliyini dəstəkləyəcək və ona səs verəcək. Heç kəs narahat olmasın, bizim namizədimiz İlham Əliyevdir, eyni zamanda, heç kim də özünü yormasın, özünü çaşdırmasın, namizədliyə görə pul xərcləməsin... Bir daha deyirəm, bizim yeganə namizədimiz İlham Əliyevdir və onu da növbəti dəfə şəffaf, demokratik qaydada prezident seçəcəyik. İlham Əliyevin prezidentliyə ehtiyacı yoxdur, bizim, Azərbaycan xalqının, dövlətinin onun prezidentliyinə ehtiyacı var...
Kamil Həmzəoğlu