Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin təşəbbüsü ilə Rus pravoslav kilsələrində pulsuz "Azərbaycan dilini öyrənirik" layihəsinə başlayıb.
Fevralın 19-dan start götürən layihəyə ilkin mərhələdə 60 nəfər yazılıb, hazırda isə 200-dən artıq dinləyici müraciət edib.
Layihə barədə ətraflı məlumat verən koordinator İslam İslamzadə bildirdi ki, kurslar hazırda yalnız Mixaylo-Arxangelski kilsəsində fəaliyyət göstərsə də, gələcəkdə Bakının, eləcə də regionların digər kilsələrində də təşkil olunacaq:
"Kurslar barədə elan bu ilin yanvar ayında verilib. Əvvəlcə layihəyə marağın çox olacağını gözləmirdik.
Amma elə ilkin mərhələdə 60 nəfər müraciət etdi və biz Bakının orta məktəblərindən Azərbaycan dili müəllimlərini Fonda dəvət etdik. Müsabiqə nəticəsində ali və orta məktəblərdən 3 nəfər müəllim seçildi.
Hazırda kursumuzda 6 qrup var. Dərslər həftədə iki dəfə olmaqla saat yarım müddətində keçilir. Kursun müddəti 6 ay nəzərdə tutulub. Sonda dinləyicilərdən imtahan götürüləcək və nəticədən asılı olaraq sertifikat təqdim ediləcək. Kursda iştirak üçün heç bir yaş məhdudiyyəti qoyulmur. Ən gənc iştirakçının 18, ən yaşlının isə 83 yaşı var".
Koordinator onu da qeyd etdi ki, dinləyicilərin böyük əksəriyyəti yaşlılar və qadınlardır: "Amma biz çalışırıq ki, kurslara gəncləri də cəlb edək".
Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu layihənin yaranmasından danışaraq bildirdi ki, Azərbaycan kimi multikultural ölkə üçün belə layihə səciyyəvidir:
"Bu layihəni biz xeyli əvvəl düşünmüşdük. Amma bu qədər maraq doğuracağını gözləmirdik. İlin əvvəlində Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr İşeinə bu barədə məlumat verəndə çox müsbət qarşıladı. Bu layihənin Azərbaycanda yaşayan rusdilli əhali arasında geniş yayılacağına və rəğbətlə qarşılanacağına əminliyini bildirdi. Yeparxiyanın başçısı belə kursların Azərbaycanın digər bölgələrində - Gəncədə, Xaçmazda, Sumqayıtda fəaliyyət göstərən kilsələrdə də açılmasını təklif etdi. Bununla biz ölkədəki rusdilli əhaliyə Azərbaycan dilini tədris etməkdən əlavə, bu ölkənin multikultural dəyərlərini, tarixini, mədəniyyətini də təbliğ etmiş oluruq.
Qısa müddət ərzində təşkilati məsələlər yoluna qoyuldu. Dərs verəcək müəllimlər seçildi. Müəllimlərə Bilik Fondu tərəfindən əməkhaqqı ödənilir. Ümumiyyətlə, multikultural həyat tərzi ilə tanınan Azərbaycanda daimi, yaxud müvəqqəti yaşayan, Azərbaycan dilini öyrənmək arzusunda olanlara bu sahədə kömək göstərmək, onlara azərbaycançılıq məfkurəsini, dövlətçilik ruhunu təlqin etmək, tolerantlıq prinsiplərini aşılamaq "Azərbaycan dilini öyrənirik" layihəsinin əsas qayəsini təşkil edir.
Kursun dinləyiciləri Bilik Fondunun hesabına teatr tamaşalarına aparılıb. Gələcəkdə bu kimi aksiyaları daha da genişləndirmək nəzərdə tutulur. Bu məqsədlə dinləyicilərin Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiyaları təşkil olunacaq".
Mixaylo-Arxangelski kilsəsində baş tutan dərslərin gedişatını müşahidə zamanı dinləyicilərin hədsiz marağını görmək çətin deyildi. Dinləyicilər söhbət zamanı təşkilatçılara minnətdar olduqlarını bildirdilər.
İrina Əsgərova adlı dinləyici bu addımı çox müsbət hal kimi qiymətləndirdi. Ünsiyyət qurmaq, mətbuatı izləmək, verilişlərə baxmaq üçün kursa qatıldığını bildirdi.
Ən yaşlı dinləyici sayılan 83 yaşlı Nina Sarandi kursa qatılmaqda məqsədinin qonşuları və azərbaycanlı dostları ilə sərbəst ünsiyyət qura bilmək olduğunu bildirdi. Müəllimlərin çox savadlı, ünsiyyətcil, mehriban olduqlarını diqqətə çatdırdı.
Digər dinləyici Svetlana Alixovskaya da kursa rahat ünsiyyət qurmaq və yerli mətbuatı izləmək üçün qatıldığını dedi.
Cavid QƏDİR