Ceyhun ABASOV
Bir müddət öncə Mərkəzi Bank 200 və 500 manatlıq əskinasların dövriyyəyə buraxılması mümkünlüyünü bəyan etdi. Tədavülə buraxılacaq bu əskinaslardan əsasən böyük həcmli bank əməliyyatları və əmanətlərin qorunub saxlanması kimi iri tutumlu pul dövriyyələrinin həyata keçirilməsi zamanı istifadə olunacaq. İqtisadiyyatın tənzimlənməsi və iqtisadi inkişaf sürətinin artımı istiqamətində nağd pul dövriyyəsinin yüngülləşdirilməsi yeni əskinasların tədavülünün reallaşdırılmasına hesablanıb. Bu təcrübəni bir neçə qərb ölkələrinin praktikasında da müşahidə etmək olar. Avro və ABŞ dollarının da iri nominallı əskinasları dövriyyədə bank əməliyyatlarının əsas hissəsini özündə ehtiva edir.
Yeni əskinasların tədavülə buraxılmasılə bağlı göstərilən təşəbbüsün bir neçə səbəbləri olduğunu qeyd edən İqtisadi Resursların Araşdırılması Mərkəzinin sədri, iqtisadi-ekspert, Ruslan Atakişiyev maraq doğuran digər məqamlara da aydınlıq gətirir. Onun fikirincə, hazırda dövriyyədə əsasən 100 manatlıq əskinaslar çevik şəkildə iştirak edir:
“Əhali yığımlarını da nəzərə aldıqda, artıq banklarda olan əmanətlərin yatırılması onu deməyə əsas verir ki, əhali daha çox 100-lük əskinasları yığım vasitəsi kimi və əmanətlərin qorunması vasitəsi kimi istifadə edir. Sevindirici haldır ki, son dövrlərdə Azərbaycan manatı qüvvətlənməkdədir. Qeyd edək ki, bu günləri dünyada baş verən maliyyə və iqtisadi böhranla əlaqəli olaraq dünya valyutası qismində iştirak edən dollar və avro bu və ya digər şəkildə müəyyən təhdidlərlə qarşılaşır. Hətta qeyd edim ki, sözügedən valyutaların kursunun ucuzlaşması da müşahidə olunur. Belə bir şəraitdə Azərbaycan əhalisi öz vəsaitlərini həm istifadədə, həm də yığımda daha çox milli valyutaya üstünlük verir. Böyük miqyaslı əməliyyatlar 100 manatlıq əskinaslarla aparılır. Bu gün biz bəzi qonşu dövlətlərdə də milli valyutamızdan istifadəni görə bilərik ki, bu da manatın qüvvətlənməsinə daha da imkan yaradan amillərdəndir. Buna görə də Mərkəzi Bank iri pula olan tələbatı qarşılamaq üçün 100-lüklərlə yanaşı, 200 və 500 manatlıq əskinasların buraxılmasını planlaşdırır ki, bu da rahatlığın təminatı, əməliyyatların həcminin azaldılması baxımdan faydalı ola bilər”.
Ekspertin qənaətincə, 500 manatlıq əskinasın dövriyyəyə buraxılması həm də 5 dənə 100 manatlıq əskinaza çəkilən xərcdən az vəsait tələb edir: “Pulun çıxarılması dövlət tərəfindən çəkilən xərclərin miqdarının azalmasına gətirib çıxarır. Bizim istəyimiz odur ki, bu məsələdə ümumiyyətlə, xırda pulların özündə də bir islahatlar aparılsın: 3 manatlıq və 25 manatlıq əskinasların da çıxarılması gündəmdə olsa, daha yaxşı olar”.
200 və 500-lük əskinasların dövriyyəyə buraxılması zamanı infilyasiyanın sürətlənməsi gözlənilən faktordur. Bunun qarşısının alınması üçün, əlbəttə, tədbirlər planı hazırlanmalı və eyni zamanda cəmiyyətlə maarifləndirmə işləri aparılmalı, psixoloji durumun araşdırılması kimi məslələrə aydınlıq gətirilməlidir.
Ruslan Atakişiyevə görə, dünyanın istənilən yerində baş verə bilən infilasiyanı beynəlxalq təcrübədə də müşahidə olunduğu kimi müxtəlif növlərə aid etmək olar: “Cilovlana bilən və nəzarətdə saxlanan infilasiya 1 rəqəmli və 2 rəqəmli həddə qədər gəlib çıxır. Lakin inflasiyanı daha sıx olduğu yerlərdə 3, 4 və hətta 5 rəqəmli də ola bildiyini nəzərə almaq lazımdır. Azərbaycanda isə bu gün normal şəraitdə bir rəqəmli infilasiya mövcud olur, bu da 6-8 faiz arası dəyişilə bilir. Belə götürdükdə inkişaf edən iqtisadiyyatda bu, normal göstəricilərdir. Ancaq əskinasların bu şəkildə çıxarılması əsasən banklarda əmanətlərin yatırılması istiqamətində nəzərdə tutulub. Çünki əhalinin əmək haqlarının, pensiyasının böyük hissəsinin bu əskinaslarla alması qeyri-mümkündür. Dünya təcrübəsində də belə bir hal müşahidə olunur: ABŞ-da banklararası əməliyyatlar zamanı, yığımlarda, əmanətlərin saxlanması zamanı istifadə olunan minlik dollarlar var ki, bunlar ümumişlək olmur”.
İnflyasiyanı yaradan səbəblərdən başlıcası əhalinin ona münasibətilə səciyyələnir. Təbii ki, burada da nəzarəti gücləndirməyə daha çox ehtiyyac var.
Ruslan Atakişiyev:
– Əgər bugünəcən toy mərasiminə gedən adam 100 manat pul salırdısa, artıq 200 manat çıxanda bu məbləğ dəyişəcək və bu zaman 100 manatın dəyərsizləşməsinə doğru bir addım atılmış olacaq. Bunun qarşısının alınması üçün tədbirlər aparılmalıdı. Bizdə denaminasiya həyata keçirildiyi vaxtı yada salaq, 5000 manat 1 manatla əvəzləndi və bununla da qiymətlərdə kəskin dəyişmələr oldu. Məsələn, dönərin qiyməti ən azı 3 dəfə qalxdı. Qiyməti köhnə pulla 1500 manat olan dönərin qiyməti artaraq 1 yeni Azərbaycan manatından artıq oldu. Buna görə də belə məsələlərdə diqqətli olmaq lazımdır. Nəzarət güclü təmin olunmalıdır. Təbii ki, bununla bağlı Mərkəzi Bank tərəfindən nəzarət həyata keçirilir. Ancaq əhalinin özü arasında da qeyd etdiyim psixoloji hallar pulun dəyərsizləşdirilməsinə gətirib çıxara bilir. Çünki pulu ildən-ilə dəyərdən düşməsi məsələsi də var. Əlbəttə, mənfi hallar da müşahidə oluna bilər. Ancaq ilk olaraq insanların pula münasibətindən də çox şey asılı olacaq”.
Nağd əməliyyatların aparılması istiqamətində cəmiyyətlə işin aparılması üçün ilk olaraq sahibkarlıq fəaliyyətinin tənzimlənməsi baxımından nəzarətin tətbiqi zərur hadisə hesab oluna bilər. Çünki hər hansı bir istehsal olunmuş məhsulun müəssisədən çıxma və istehlak qiymətləri arasında müəyyən normalar gözlənilməlidir. Bu nəzarət funksiyasını isə rəsmən İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti həyata keçirməlidir. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqda prezident fərmanı ilə bu orqan antiinhisar, rəqabət, təbii inhisarlarla bağlı qanunvericiliyə riayət edilməsi üzərində dövlət nəzarətinin həyata keçirilməsini təmin etməlidir.