Ağ köpüklü nazənin ləpələr sahildə oturan qızın yalın, ağappağ baldırlarını yalayırdı. Oğlan bir qədər qıraqda durub qızın gah islanmış uzun hörüklərinə, gah da topuğunadək qumun içinə girmiş zərif ayaqlarına heyran-heyran baxırdı. Ürək eləmirdi ləpədöyənə girməyə.
- Niyə qıraqda durmusan? Sən də gəl mənim yanımda otur...- qız dedi.
Oğlan sanki bu sözə bənd idi, dərhal yaxına gəldi, oturdu qızın yanında.
- Ayaqqabılarını niyə çıxartmadın? Üst-başını da bulaşdırdın...-qız qayğıkeş ədayla sanki yumşaq bir tənə vurdu.
- Belə yaxşıdı. - Oğlan özünü sındırmadı.
- Sənin çimərlik paltarın yoxdu ki?
- Var. Qoymuşam qurusun... Bayaqdan çimirdim.
- Hımmm...Üzə bilirsən?
Oğlan bir qədər fikrə getdi. Bilmədi nə cavab versin. Görünür, yalan danışmaq istəmirdi. Lakin:
- Xoşlamıram, burda oturmaq daha yaxşıdı,-deyə başladı qızın baldırlarını yaş qumla örtməyə. Örtdükcə də ləpələr yuyub aparırdı. Qız isə gülürdü.
- Mənim də burda oturmaqdan xoşum gəlir, -qız dedi.-Sən sabah gələcəksən?
- Həəəə...
- Eviniz uzaqdadı?
- Yox, burda oluruq, dəniz qırağında.
- Nə yaxşı! Onda görüşərik.
(Oğlan daha çox sevindi, bir qədər də ürəkləndi).
- Adın nədir?
- Pərvanə.
- Mənim də adım Ziyadır.
Qız gülümsündü, qəflətən durub gün çətirinin altında qarnı üstə uzanan qara eynəkli qadının yanına qaçdı. Sonra nə düşündüsə, geri boylandı, səsləndi:
- Səni gözləyəcəm, Ziya! Gəl a, yaxşı?
Oğlan qürurlandı, yaş ayaqqabılarını sürütdəyə-sürütdəyə qırağa çəkildi, heç kim eşitməsin deyə öz-özünə pıçıldadı:
-Yaxşı...
Birdən anası oğlanın üstünə şığıdı.
-Sənə demədim ayaqlarını batırma, ay heyvan! Axı indicə paltarını dəyişmişdim! Bu gün-sabah məktəbə gedəcəksən, hələ də ağıllanmamısan!- deyə ana hiddətləndi, oğlanın qulaqlarını möhkəmcə burub üzünü-yanını şillələdi. Qız yerində donmuşdu. Oğlan hıçqıra-hıçqıra gah gözlərini qızdan gizlətməyə çalışır, gah da anasına həqarətlə baxırdı.
Mərdəkan, 19 iyul, 2014