|
|
|
|
lll
...Mirzəbekyantsların mülkü kimi tanınan yeddimərtəbəli binanın çardağında yerləşən tələbə yataqxanamızı “Azərbaycan gəncləri”nin yataqxanasından ikiyarım mərtəbəlik məsafə ayırırdı. 67-ci ilin (keçən əsrdən danışıram!) noyabr ayının 3-ü, cümə günüydü. Axşamtərəfi, təxminən saat 5-in yarısında hələ düz-əməlli tanış ola bilmədiyim (sentyabr-oktyabr aylarını Bərdə rayonunun Mustafaağalı kəndində pambıq yığımında keçirmişdik) qrup yoldaşlarımın gözünü oğurlayıb, 16 yaşlı yeniyetmə kəndli ağlıynan yenicə qaraladığım hekayəni... redaktora göstərmək üçün redaksiyaya düşdüm...
Qapının dəstəyini ərkyana özümə tərəf çəkdim. Qapı rahatca aralandı. İçəridə, üstü parıldayan uzun stolun yuxarı başında oturan ortayaşlı redaktor həmin vaxtacan yalnız “Ədəbiyyat” dərsliklərindən şəklini gördüyüm və ona görə də bu anda dərhal tanıdığım çalsaçlı azman cüssəli kişiylə – xalq yazıçısı Süleyman Rəhimovla şirin söhbət edirdi. İkisinin də nəzərləri eyni vaxtda mənə tərəf çevrildi və... heç nə demədən qapını örtdüm – anladığım bu oldu ki, “redaktor məşğuldur, gözləmək lazımdır”.
...Onlar – Dədə Süleyman qabaqda, redaktor da arxasınca – qucağında çox iri gül dəməti və qoltuğunun altında şişman portfel olduğu halda otaqdan çıxanda saat 7-yə qalırdı.
– Kimi gözləyirsən, bala? – “Nəsrimizin ağır artilleriyası” soruşdu.
– “Gənclər”in redaktorunu, – dedim. Qapını bağlayan redaktor isə:
– Gecdir daha, – dedi. – Təcili deyilsə, birinci gün gələrsən, şənbə-bazar redaksiya işləmir.
– Axı mən bayaqdan gözləyirəm, hekayə gətirmişəm, – deyə israr elədim, üstəlik də qarşımdakının SÜLEYMAN RƏHİMOV olduğunu sanki unudaraq “hekayə” kəlməsini dilə gətirdim. İndiki ağlımla gözləmədiyim reaksiyanı gördüm:
– Əgər bu uşaq bir hekayənin xətrinə qapının dalında bir belə gözləyibsə, biz də bir-iki dəqiqəmizi ona bağışlaya bilərik. – S.Rəhimovun bu sözləri əslində redaktora ayrı fikri diktə eləyirdi, yəni “qulaq as, gör, nə sözü var”.
– Göstər, görək nə yazıbsan? – Redaktorun bu sözlərini “Oxu, görək...” – kimi qəbul elədim və alaqaranlıqda, astanadaca beş-altı dəftər vərəqi həcmində, əlyazma “hekayə”mi birnəfəsə oxudum. Bir növ “Ağacların bəhsi”nə bənzəyən bu yazıda ondan söhbət gedirdi ki, yar-yoldaşından ayrılıb talanın seyrəkliyinə çəkilən və tək-tənha göylərə ucalan çinar günlərin birində qopan tufana tab gətirə bilmir, ildırım onun “belini qırır”...
Dədə Süleyman, yəqin ki, məzmuna görə, “Pis deyil” – dedi və dərhal da “əmma”sını qoydu: – Bizim düşüncəmizdə dəyanət, vüqar rəmzi olan çinarı bu şəkildə, mənfi çalarda vermək olarmı? – sınayıcı nəzərlərlə redaktora baxdı.
– Yox, əlbəttə ki, çinarı bu keyfiyyətdə... – Hər halda qapının ağzındaca, ayaqüstü söhbətdən ayrı bir şey də gözləmək olmazdı. – Yox, bu, yaramaz. Ayrı yazıların olsa, gətir, bizim ədəbiyyat şöbəsinin müdiri Fikrət Qocadır, bir yerdə oxuyarsınız, bəyənsə, mənə təqdim edər, – redaktor söhbətə bu tərzdə nöqtə qoydu.
...Çardaqxana-yataqxananı növbəti ilin avqustunda, könüllü tərk elədim və tələbəsi olduğum plan-uçot texnikumuna da elə onda biryolluq “Əlvida!” – dedim. Səbəbi çox sadəydi: Azərbaycanın yeganə universitetinə qəbul olunmuşdum. “Gənclər”ə də bir daha “hekayə” aparmadım. Altı il sonra mən həmin qəzetdə qəzetçi ömrümə başlayanda həmin redaktor, yəni Cəmil Əlibəyov artıq “Azərbaycanfilm” kinostudiyasının direktoru idi...
lll
76-cı ilin yazında “Qobustan” incəsənət toplusu bütöv bir nömrəsini Azərbaycan kinosunun 60 illiyinə həsr eləməyi qərarlaşdırmış (o vaxt kinomuzun tarixi 1916-cı ildən hesablanırdı) və toplunun şöbə müdiri Tofiq Abdin birdən-birə mənə iki yazı hazırlamağı tapşırmışdı: Dövlət Kinematoqrafiya Komitəsinin sədri Hüseyn Axundovla və C.Cabbarlı adına kinostudiyanın direktoru Cəmil Əlibəyovla müsahibə.
Dövlət komitəsindən müvafiq arayışı alandan sonra “respublikada əhaliyə kino xidməti haqqında” müsahibəni dərhal quraşdırıb Tofiqə ötürdüm, kinostudiyadan isə arayış-filana da ehtiyac yoxdu: həmin dövrdə mən özümü Azərbaycan kinosu üzrə yetərincə məlumatlı jurnalist sayırdım və hətta 1974-cü ildə “VQİK”in – çox nüfuzlu Ümumittifaq Kinematoqrafiya İnstitutunun kinoşünaslıq fakültəsinə imtahanqabağı yaradıcılıq müsabiqəsində də uğurla iştirak eləmişdim... Bəli, şəxsi hazırlığıma güvənərək, C.Əlibəyovla “müsahibə”nin də mətnini yazdım və çapına icazə almaq üçün kinostudiyaya yollandım.
Cəmil müəllim işinin çoxluğu ucbatından məni candərdi qəbul elədi, “Qobustan” üçün hazır “müsahibə”ni ona təqdim edəndə isə sifəti qapqara qaraldı. Qanımın arasına “Azərbaycan gəncləri” girdi, yəqin ayrı bir cavan jurnalist belə qələt eləmiş olsaydı, onu kabinetindən qovar və buna yüzdə-yüz haqqı da çatardı. Mənə isə o, ayrı söz dedi: “Qoy qalsın, arxayın baxaram, sonra gəlib apararsan. “Qobustan” sənət toplusudur, ora üçün peşəkarcasına söz demək lazımdır...”.
...Növbəti görüşümüzdə Cəmil müəllim başlığından imzasınacan təzədən yazdığı müsahibənin mətnini mənə uzadıb könül alan bir cümlə də söylədi: “Bunu apar, dərc elətdir jurnalda. Sağlıq olsun, bir də görüşüb “Gənclər” üçün söhbətləşərik...”.
Təcrübəli qələmdaşlarım müsahibəni elə əlyazmasındaca xeyli təriflədilər, onu yaradıcılıq uğurum kimi qiymətləndirdilər: Cəmil müəllim söhbətin bir yerində futbol terminologiyasından istifadə eləməklə maraqlı müqayisə aparmışdı, mənim də o illərdə “Gənclər” üçün futboldan yazmağım onları çaşdırmış, müsahibəni özümün yazdığıma şəkk-şübhə etməmişdilər...
lll
Bir də düz on il sonra görüşdük – rəhmətlik Yusif İsmayılovun “Azərnəşr”də Baykal-Amur magistralının (BAM) tikintisində Azərbaycanın, azərbaycanlıların iştirakı barədə kitabı çapa hazırlanırdı, məni də dilə tutub nəşriyyata – baş redaktorun yanına apardı. Söhbətin bir yerində Yusif ictimai-siyasi mövzularda maraqlı yazılarımın olduğunu söylədi, bir-iki yazımın da adını çəkdi və... Cəmil müəllim yaxın iki-üç ay ərzində əlyazmanın təqdim olunacağı təqdirdə kitabı elə növbəti – 1987-ci ilin tematik planına saldırmağın mümkünlüyünü bildirdi.
lll
Növbəti dəfə isə təxminən iki ildən sonra – 88-ci ilin oktyabrında “Kommunist” qəzeti redaksiyasında üzləşdik: mən düz altı aydı ki, burada məsul katib idim, o isə ikicə həftə qabaq Qəbələyə raykom katibi göndərilmiş rəhmətlik Ramiz Əhmədovun əvəzinə qəzetə redaktor (o vaxt bütün SSRİ-də bir-iki mətbu orqandan savayı heç yerdə, o cümlədən Azərbaycanda baş redaktor vəzifəsi – ifadəsi yox idi) gəlmişdi. Həm də deyilənə görə, redaksiyadan uzaqlaşdırılmağa namizəd olanların siyahısı ilə. Siyahının başında isə “adamayovuşmaz, ətiacı” Şakir Yaqubov dururdu.
Düz iki ay bir-birimizi burunlaya-burunlaya işlədik. Ümumiyyətlə, ilk günlər təzə redaktor hamıya “əmma” qoysa da, hər halda “köhnə qvardiya”nın təmsilçiləriylə iş görməyə üstünlük vermək istədiyini gizlətmirdi. Amma acı reallıq beləydi ki, inandığı, ürək qızdırdığı “təcrübəli jurnalistlər”in əksəriyyəti GÜNÜN TƏLƏBİNƏ uyğunlaşmaqda çətinlik çəkirdi...
O dövrdən yadigar qalan “İş qeydləri” adlı bloknotumun 1988-ci il dekabrın 12-nə aid səhifəsindəki sətirlər – növbəti çaparağın (“letuçka”nın) yekununda Cəmil müəllimin söylədikləri redaktorun bizlərə yeni münasibətinin az qala ifrat ifadəsi oldu: “Belə bir kollektivlə işlədiyimə görə taleyimə minnətdaram. Belə bir kollektiv formalaşdırmış əvvəlki redaktorların hamısına “Halal olsun!” – deyirəm...”.
Bloknotda bu cümlələrdən sonra Cəmil müəllimin ayrıca olaraq məsul katibə ünvanladığı kəlmələr də var ki, əsl METR olan bir həmkardan o sözləri eşitmək həqiqi mənada xoşbəxtlik idi. 25 illik qəzetçilik ömrümdə heç bir redaktor VİCDANLI əməyimi o şəkildə qiymətləndirməyib. Çox-çox sonralar özünün də yarıgerçək-yarızarafat etiraf etdiyi kimi, adı-soyadı “qara siyahı”nın başında duran məsul katibi məhz o, 1989-cu ilin avqustunda “Əməkdar mədəniyyət işçisi” fəxri adını almağa təqdim etdi...
Ali Sovetdə fəxri adın diplomu və döş nişanı mənə təqdim olunanda – 90-cı il mayın 5-də isə C.Əlibəyov daha “Kommunist”in redaktoru deyildi və bunun birbaşa baiskarlarından biri də (“birincisi” də demək olar) mən idim: yanvarın 20-də saat 12 radələrində redaksiyanın foyesində kortəbii şəkildə düzənlənən yığıncaqda üçümüz (öncə məhz üçümüz!) – unudulmaz
sənət müəllimim Rəfail Nağıyev, qələm qardaşım Məzahir Süleymanzadə və mən fövrən bəyan elədik ki, “bu qanlı qırğının, amansız faciənin birbaşa səbəbkarı Vəzirov və onun komandası olduğu üçün Cəmil Əlibəyovun da daha redaktor kimi bu kollektivə dönüşünə bəraət yoxdur” (məlumat üçün deyim: Cəmil müəllim bir aya yaxındı ki, müalicə alırdı – “leçkomissiya” xəstəxanasından təxminən bir həftə qabaq çıxmışdı, müalicəsini ev şəraitində davam etdirir və ara-sıra redaksiyaya gəlib bəzi-para məsləhətlərini verirdi; sonuncu dəfə yanvarın 18-də günortadan qabaq iş yerində olmuşdu).
[Azı 4 ilə yaxın müddət ərzində ürəyimdə xal kimi qalan bir məqamı bu yerdə qeyd etmək istəyirəm. Cəmil müəllim 2008-ci ildə çap etdirdiyi “Zəmanələrlə üz-üzə” xatirə-romanında həmin yığıncağı, onun qeyri-rəsmi qərarını nəyə görəsə “uzun müddət redaktor olmaq ehtirası ilə yaşayan birinci müavin”in adı ilə bağlayır və şəxsən mən buna sidq-ürəkdən təəssüf edirəm. Məni bağışlayın, Cəmil müəllim, belə olmayıb axı! Necə deyərlər, “Vas nepravilno proinformirovali”...]
...Və yanvarın 21-də Cəmil müəllim Məzahirlə məni MK-ya, qəzetin növbəti nömrəsini hazırlamaqla bağlı məsləhətləşmələrə çağıranda, biz isə birmənalı şəkildə “Siz artıq redaktor deyilsiniz!” – deyə bəyan edəndə o, heç nə demədən komendatura tərəfdən MK binasına daxil olub bir neçə dəqiqədən sonra enərək istefa ərizəsi yazdığını bizə söyləyib o vaxtkı Çkalov küçəsinə tərəf yönəldi...
Redaksiya ilə rəsmən mart ayında, Novruz bayramı ərəfəsində üzülüşdü. MK onu buraxmaq istəmirdi, redaksiya kollektivində isə yalnız biz üçümüz axıracan dirəşdik. Və Cəmil müəllim getdi. Amma az vaxt ötəndən sonra “Qara yanvar”la bağlı xeyli mətləb aydınlaşanda şəxsən mən qəti şəkildə anladım ki, burada Əlibəyovluq bir iş yoxmuş, həmin yanvar günlərində o cür ədalətsiz qərarı verəndə gözümüzü qan tutubmuş...
Mən bunun peşmançılığı barədə 2003-cü ildə – C.Əlibəyovu hətta vaxtilə redaktoru olduğu qəzetdə də hörmətsiz elədikləri, dövlət televiziyasının “məhkəmə iclasları”nda fotosunu qara dairəyə aldıqları dövrdə nəşr etdirdiyim “Taleyimdən keçənlər” kitabımda ətraflı bəhs etmişəm. 240 səhifəlik həmin kitabın təxminən yüz səhifəlik bir materialı “Bu dünyanın o biri üzü” adlanır. Bu, Cəmil müəllimlə zaman, hadisələr və insanlar haqqında açıq söhbətdir. Həmin söhbətin izinə 2000-ci ilin fevralında düşmüşdüm, çapına isə yalnız üç il sonra nail ola bildim. Bunun da sadə səbəbi var: üz tutduğum mətbu orqanlar (o cümlədən Yazıçılar Birliyinin nəşrləri) müsahibəni dərc etməkdən ən müxtəlif bəhanələrlə boyun qaçırırdılar – guya heç kim ağrımayan başına dəsmal bağlamaq istəmirdi!
Yeri gəlmişkən, Cəmil müəllimdən dolayısıyla üzrxahlığım elə həmin 90-cı ilin sonundan başlanmışdı: noyabr ayında “Azadlıq” qəzetində rəsmi hökumət və dolayısıyla C.Əlibəyov “Kommunist” qəzetində verilmiş “Topxana harayı” yazısıyla Meydan hərəkatını “başqa səmtə” yönəltməkdə ittiham olunmuşdu. Bu iddianın zərrəcə əsası olmadığını yüzdə-yüz bildiyim üçün irihəcmli təkzib məqaləsi yazdım və rəhmətlik Nəcəf redaktoru olduğu qəzetin səhifələrində ona səxavətlə yer ayırdı.
91-ci ilin aprelində “Bərəkət” (sovet illərində “Sovet kəndi”, 1993-cü ildən sonra isə “Həyat”) qəzetində – həmin ilin oktyabrınacan Rəfail Nağıyevin baş redaktor olduğu və hələ də rəsmən “Mərkəzi Komitənin qəzeti” sayılan nəşrdə dərc etdirdiyim “Bayraq” adlı publisistik qeydlərdə C.Əlibəyovdan misal çəkdim, onu sovet dövründə “Azərbaycanın yeganə islahatçı redaktoru” adlandırdım (“Azərbaycan gəncləri”nin redaktoru olarkən onun məktəb yaşlı yeniyetmələr üçün “Şəlalə” adlı A-3 formatlı 8 səhifəlik xüsusi buraxılışlar (sovet dövrü üçün möcüzə!) nəşr etməsi, Azərbaycan radiosunda ən uzunömürlü – 40 ildən bəri efirdə səslənən “Bulaq” verilişini açması, “Kommunist” qəzetində Meydan hərəkatının “a”-dan “z”-yəcən, günbəgün, əsil bitərəf informasiyaçı kimi işıqlandırılması, milli mədəniyyət və mənəviyyatla bağlı “Çıraq” adlı həftəlik buraxılışın dərc olunması və nəhayət, bütün SSRİ-də partiya mətbuatı tarixində ilk dəfə qəzet redaktorunun imzasının inisial və soyadla deyil, məhz ad və soyadla verilməsi (buna qarşı “kommunist sayıqlığı ilə” etirazımı bildirəndə Cəmil müəllim “Məni heç kim “C.A.Əlibəyov” kimi tanımır, məni “Cəmil Əlibəyov” kimi tanıyırlar” – dedi...), məncə, təkcə islahatçılıq yox, həm də böyük cəsarət nümunəsiydi. Halbuki bəy nəslinin törəməsi olan C.Əlibəyov bütün ömrü boyu bunun altını çəkmiş, daim basqılara məruz qalmışdır...).
92-ci ilin oktyabrında “Gülüstan” sarayında keçirilən çox təmtəraqlı bir məclisdəsə “Səhər” qəzetinin “Kommunist”in iqtisadi əlavəsi kimi işıq üzü görməsinə Mərkəzi Komitə, Əbdürrəhman Vəzirov icazə vermişdi, amma bu qəzet Cəmil müəllimin düşüncəsinin məhsulu, onun SÖZə rəvac vermək duyğusunun ifadəsiydi” – dedim və dinləyənlər bu kəlmələri anlayışla qarşıladılar.
Bir məqam da yadıma düşür. 94-cü ilin iyulunda “Xalq qəzeti”nin akt salonunda Azərbaycan Jurnalistlər Birliyinin H.Zərdabi adına mükafatı təqdim olunurdu. Həmin ilin laureatlarından biri də məndim. Fəxri mükafatın diplomunu qəbul edərkən dedim: “Çoxlu sayda mükafat almışam, ancaq mətbuatımızın atası olan insanın adını daşıyan mükafat mənim üçün hamısından əzizdir, bu təltifatdan qürur duyuram. Eyni zamanda, elə bu binada, bu dəqiqələrdə oturub işləyən azı üç nəfəri göz önünə gətirəndə xəcalət çəkirəm – çünki onlar məndən xeyli qabaq bu mükafatı almalı olduqları halda, hələ də bu mükafata layiq görülməyiblər”.
Məclisin aparıcısı kinayəli bir təbəssümlə: “Kimdir onlar ki, indiyəcən onlardan xəbər tutmamışıq?” – deyə sual edəndə mən “Xalq qəzeti”nin baş redaktoru Tofiq müəllimi, AzərTAc-ın baş direktor əvəzi Şamil müəllimi və əlbəttə ki, Cəmil müəllimi – o vaxt “Vahid” qəzetini buraxmaqla gün keçirən Peşəkarı nişan verdim. Görünür, bu insanlardan hansı birininsə adının səslənməsi qarşı tərəfin ürəyincə olmadığı üçün qəzəbini yek kəlməylə ifadə elədi: “Bugünkü laureatların hamısı mükafatı öz güclərinə alıblar, təkcə səni redaktorun xahiş edib”. Bu, “qurşaqdan aşağı zərbə” olsa da, darılmadım, dediklərim üçün peşmançılıq hissi keçirmədim. Çünki bütün bunları tam səmimi, həqiqət naminə eləyirdim. Üzrxahlıq diləmirdim, konyunkturaçı məqsədlər güdmürdüm, əfv olunmağımı arzulamırdım. Olsa-olsa, qəlbimdə yaşayan nisgili, peşmançılıq duyğusunu bir qədər soyutmaq istəyirdim. Vaxtilə bir səhv eləmişdim – kim səhv eləmir ki?!.
lll
Cəmil müəllimin 70 illiyi heç kimin yadına düşməmişdi, 75 illiyini təkcə “525-ci qəzet” qeyd eləmişdi, 80 illiyi isə, nəhayət, yada düşdü: Yazıçılar Birliyinin “Natəvan” adına klubunda yubiley tədbiri oldu, Mətbuat Şurasında onunla görüş keçirildi, bir sıra qəzetlərdə təbrik yazıları dərc olundu və o, H.Zərdabi mükafatının əvəzinə... Azərbaycan Jurnalistlər Birliyinin diplomu ilə təltif olundu. Buna da şükür!
Məlum səbəblərdən yubiley tədbirlərində iştirak edə bilmədim, heç “Zəmanələrlə üz-üzə” kitabını da şəxsən özünün əlindən ala bilmədim. Vəziyyətimi başa düşərək, son dərəcə səxavətli bir avtoqrafla həmin kitabı mənə göndərmişdi, təvazökarlıqdan kənar olsa da, bu yazını məhz həmin avtoqrafla bitirirəm:
“Çox hörmətli Şakir müəllim!
Həyatım hesab etdiyim jurnalist peşə sahiblərindən, – onlar yüzlərlədir, – bənzərsiz minnətdar olduğum şəxs sizsiniz!
Adətən, jurnalistlər hər hansı peşə sahibinin həyatında müstəsna rol oynayırlar, kimləri isə nüfuz sahibi edirlər, kimləri isə əjdahaların ağzından alırlar qələmin gücü ilə... ancaq özümüzə biganəyik. Siz bu ənənəni sındırdınız. Həm də mərdanə, cəsarətli addımla!
“Kommunist” qəzetindəki işimizi göz önünə gətirəndə mükafatım o olur ki, kişi jurnalistlərlə çox çətin – hər kollektivə qismət olmayan qələm və qeyrət fəaliyyəti göstərmişik! Ən şirin bəhrəsi isə sizin məni üzə çıxarmaq üçün qeyri-adi hərəkətiniz – kitabda həkk olunan müsahibəniz və insani sədaqət nümunəsi göstərməyiniz oldu.
Minnətdarlığımı qəbul edin! Və vaxt tapıb bu kitabı oxuya bilsəniz, görəcəksiniz ki, çuxası yanıq bir jurnalist üçün bu, necə gərəkli imiş...
Tanrı əvəzini versin!
Sizin Cəmil Əlibəyov”.
P.S. İş elə gətirib ki, 1991-2006-cı illərdə bu tipli kifayət qədər yazı yazmışam, əksəriyyəti də haqq dünyasında olan İnsanlar barədə. Ümumiyyətlə, mən üz-üzə danışmağın mümkün olduğu yerdə qələmə sarılmağı artıq hesab edirəm. Bu yazı istisnadır: uzun illər bundan əvvəl Cəmil müəllimin səs tellərində ciddi qüsurun yarandığını, bu səbəbdən də onunla hamı kimi söhbətləşməyin, ürəyindən keçənləri özünə deməyin və onun buna reaksiyasını nöqtə-vergülünəcən anlamağın mənim kimi hissiyyatlı adam üçün mənəvi əzab olduğunu bilərək, USTADa deyə biləcəklərimin yüzdə birini qələmə almağı üstün tutdum...
Mən bu gün yenə Sizinlə bir yerdəyəm!..
Noyabr 1967 – Dekabr 2012