https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
search
29 Mart 2024
28 Mart 2024

Tanış olun: Qvardiola və Mourinyonun yeni rəqibi!

Tanış olun: Qvardiola və Mourinyonun yeni rəqibi!

Aydın BAĞIROV
[email protected]

Onun komandası bugünlərdə Çempionlar Liqasının 1/4 finalında futbol nəhəngi “Bavariya”nı məğlub edərək Avropanı şoka saldı...

Xulen Lopeteqi - bəli, bu gün dünyanın futbol ictimaiyyətinə çox da tanış olmayan bu ad artıq canlı əfsanəyə çevrilən Xosep Qvardiolanı məğlub etməyi bacardı.

“Portu” – “Bavariya” – 3:1!

2014/15 mövsümü Çempionlar Liqasının əsl sensasiyasının Portu şəhərində baş verdiyini desək, yəqin yanılmarıq. Udan əsasən gənclərdən təşkil olunan komanda, uduzan isə... soyadlara baxın, soyadlara: Noyer, Dante, Boatenq, Rafinya, Lam, Götze, Alonso, Levandovski, Müller... Bu adlardan düz beş nəfəri son dünya çempionatının qalibidir!
Təkcə elə bu doqquz futbolçunun qiyməti hazırkı “Portu”nun büdcəsindən qat-qat artıq olar. Nə olsun ki, Robben, Martinez oynamırdı, nə olsun ki, Riberi zədəli idi. Bu komandada oynayan, oynamış və oynayacaq ulduzların sayı az qala göydəki ulduzların sayından da çoxdur.

Və o komandada futbolun peyğəmbəri var: Qvardiola!

Görün, bu məğlubiyyət Pepə necə mənəvi zərbə vurubsa, o, futbol tarixində nadir hallarda rast gəlinən, bəlkə də gəlinməyən bir cəzaya əl atıb. Baş məşqçi kimi komandanın... həkimini işdən qovub! Çünki cənab doktor Hans Vilhem Müller-Vohlfar zamanında zədəli Robben, Riberi, Benatiya, Alaba, Martinez və Şvaynştaygeri sağalda bilməyib. Qvardiolanın fikrincə, Portudakı məğlubiyyətə də məhz bu amil səbəb olub.

Nə isə Pepə keçmiş olsun deyib, gələk, Xulen Lopeteqiyə. “Portu”nun 49 yaşlı baş məşqçisinə. Aktiv məşqçiliyə 2008-də, 42 yaşında başlayıb. Baş məşqçilikdə yenidir. Özü baskdır. Yəni Portuqaliya futbolunun yetirməsi deyil. İspaniyada doğulub, orada oynayıb, işləyib. Yeri gəlmişkən, hətta özlərinin restoranında 18 yaşına qədər ofisiant da olub. Deyir ki, işimi bitirməmiş atam-anam məşqə getməyimə icazə vermirdi.

Amma məşqə zamanında getməyinin, çox canfəşanlıq etməyinin siz deyən elə bir xeyiri də dəyməyib ona. Düzdür, “Real” və elə həmin Qvardiolanın uzun illər kapitanı olduğu “Barselona”da oynayıb. Oynayıb deyəndə ki, oynamayıb ifadəsi, burada daha yerinə düşər. Lopeteqi həm “Real”da, həm də “Barsa”da üçüncü qapıçı idi. Loru dildə desək, həmin klublarda elə ömrünün axırına qədər də üçüncü qapıçı olaraq qaldı. Özü etiraf edir: “Fiziki durumunun zəif olması, eləcə də İspaniyada güclü qapıçıların çoxluğu səbəbindən əsas heyətə düşə bilmədim”.

Bir sözlə, tam uğursuz qapıçı. Yorucu olmasın deyə, cəmi 1 çümləlik stastikanı təqdim edirik: “Real”da 3 il ərzində (1988-91) 1, “Barselona”da isə yenə 3 ildə (1994-97) 5 oyuna çıxıb.

Yəni üst-üstə 6 ildə, cəmi 6 oyun!

Başqa klublarda sabit oynayıb, hətta İspaniya millisiylə birgə ABŞ-dakı dünya çempionatına da gedib. Və... yenə üçüncü qapıçı kimi.

Bəli, “Real” və “Barsa”dakı göstəricilər onun üçün biabırçı statistikadır.

Amma nə olsun? Məgər, faktlar onu sübut etmir ki, çox vaxt məhz futbolçu karyerası uğursuz olanlar məşqçi kimi idmanın zirvəsinə qalxırlar? Ya da əksinə... Məsələn, az qala futbolun Allahı adlandırılan (futbolçu kimi) Maradona və yaxud ayaması “Karpatların Maradona”sı olan bizim sevimlimiz Georgi Hacı məşqçi kimi futbol adına nə edib, yeni nə gətirib? O qədər adlar sadalamaq olar ki...

Yox, Xulen Lopeteqi hələ qeyri-adi nəsə etməyib. Amma elə Maradona da, Hacı da, yaxud Matteus da bir məşqi kimi onun uğurlarına həsəd apara bilərlər.

Nə olsun ki, nə özü populyardır, nə də qazandığı uğurlar elə bir səs-küy yaradıb. Amma məşqçi kimi, nə az-nə çox, düz üç dəfə Avropa çempionu adını qazanıb. 2011 və 2012-də onun başçılığı altında İspaniyanın U-19 millisi, 2013-cü ildə isə U-21 millisi qitənin ən güclüsü olub.

Yəni adamı havayı yerə gətirməyiblər “Portu”ya. 2014-cü ildə bir zamanların əfsanəvi komandası olan bu klub indi öz tarixində ən gənc heyətə malikdir: orta yaş həddi 24. Mövsümün əvvəlində 16 yeni futbolçu cəlb olunub komandaya. Demək olar ki, tamamilə yeni “Portu” qurulub. “Bavariya”ya 2 qol vuran 31 yaşlı Quarejmanın təcrübəsindən isə maksimum yararlanırlar.

Ağlınız türkiyəli qardaşlarımıza getməsin, zamanında gül kimi oyunçudan istifadə etmədilər. Adam baxır, mat qalır, bəzən o boyda tarixi ənənəsi olan “Beşiktaş”ın rəhbərlərinin də futbola baxışı bizim Rövnəq müəllimin baxışından heç nəylə fərqlənmir.

Nə isə, AFFA-nın yeri deyil.

Lopeteqinin maraqlı futbol fəlsəfəsi var. Deyir: “Futbolçuya qarşı amansızcasına sərt olmaqdansa, ona məşqdə tez və maraqlı sərrast qərarlar vermək bacarığını öyrətmək lazımdır. Nəzərə alın ki, oyun zamanı futbolçunun düşünmək üçün vaxtı çox azdır. O, çevik qərar verməyi bacarmalıdır. Unutmamalıyıq ki, futbolçu “Playstation”dakı personaj deyil. Çevik qərar qəbul etmək onun hüququ yox, birbaşa vəzifəsi olmalıdır”.

Rusiyalı jurnalist Vladimir Voronin yazır: “Özünün futbol fəlsəfəsinin boş sözlərdən ibarət olmadığını sübut etmək üçün Lopeteqi hər oyundan əvvəl iki dəfə xüsusi videosessiya təşkil edib futbolçulara təlim keçir. İstedadlı futbolçular üçün isə 5-7 ayrıca proqramlar var”.

Əlbəttə, etiraf edək ki, bu işin incəliyini öyrənmək, bir məşqçinin futbol fəlsəfəsini mənimsəmək üçün yəqin “Portu”nun futbolçusu olmaq lazımdır.

Amma Lopeteqinin futbol fəlsəfəsinin öz bəhrəsini verdiyini görürük: “Portu”nun bu gün nəhəng “Bavariya”nı Çempionlar Liqasından kənarlaşdırıb yarımfinala çıxacağı ehtimalı az deyil. Təbii, cavab oyununda “Bavariya” ilk matçdakı kimi aciz olmayacaq, xüsusilə müdafiədəki biabırçı oyunu təkrarlamayacaq, ola bilər ki, ən azı 2:0 hesablı qələbə ilə növbəti mərhələyə də çıxsın. Nəzərə alaq ki, bu ehtimal “Portu”nun yarımfinala çıxacağı ehtimalından qat-qat çoxdur. Nə olacağını yaxın günlərdə biləcəyik. Odur ki, proqnozu bir kənara qoyaq.

Gələk, yenə Lopoteqiyə və söhbətə nöqtə qoyaq. Yenilənmiş “Portu”nun bu mövsüm uğurlu çıxışı (ÇL-də ən azı 1/4 finala çıxmaq, hazırda davam edən Portuqaliya çempionatında ikinci yer) dünya futbolunda yeni – yaxın gələcəkdə Qvardiola, Mourinyo, Klopp kimi mütəxəssislərə əsl rəqib ola biləcək bir məşqçinin yetişdiyinə işarə vurur.

O məşqçi Xulen Lopeteqidir...

Və... Maraqlı bir fakt. Lopoteqi də klub səviyyəsində öz sözünü “Portu”da deməyə başlayır. Bundan əvvəlki iki nəhəng məşqçi kimi.

Mourinyo və Andre Villaş-Boaş kimi...

Müəllifin digər yazıları
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.