Çiçəkçilikdə bitkilərdən necə istifadə etməli?
İlk baxışda asan görünsə də, yerli və xarici floradan olmasından asılı olmayaraq, çiçək əkməzdən əvvəl həmin bitkinin çoxaldılma üsullarını, aqrotexniki becərilmə qaydalarını və bəzək bağçılıqda səmərəli şəkildə istifadə edilməsini və necə adaptasiya olunmasını müəyyən etmək lazımdır. Və bu çiçəklərin bioekoloji xüsusiyyətlərini bilməklə - onların kompazisiyada, hansı növün tək-tək, hansı növün qrup şəklində, ya çəmənçilikdə, yaxud alpinariya üçün, yaşıl bardür üçün, ya da gül dəstəsi üçün məsləhət görüldüyünü öyrənmək olar.
Bundan sonra perspektivli növləri seçib onların ətirli, parlaq və əlvan çiçəkli olmasını, kserofitləşməsini - quraqlığa və istiliyə davamlılığını, çiçəkləmə müddətinin uzunluğunu, habelə çoxillik olmasını nəzərə almaqla onun istifadəsini asanlaşdırmaq olar.
Çiçəkçilikdə işlərin mövsümü xarakter daşıdığını nəzərə almamaq mümkün deyil, çiçəkləmə müddətinin uzunluğu əsas götürülsə də ömürlülüyü bir, iki və çoxillik olan çiçək bitkilərinin şitillərini becərmək incə iş olduğu qədər də hövsələ tələb edir.
Çiçəkçilikdə birillik dekorativ bitkilər çoxluq təşkil edir. Lakin bu yay çiçəklərinin ömrü bir neçə aydan artıq olmur . Erkən yazda əkilən bu bitkilər tez bir zaman çiçəkləyir, payız girəndə toxum verir və ömrünü sona yetirir.
Minaçiçəyi, astra, mixəkgülü, şəbbügülü, qurdağzı, petuniya, məxməri sabahgülü və s. yaxşı yaylıq çiçəklərdir. Bu çiçəklər adətən bitki əkilməsi mümkün olmayan yerlərdə - müvəqqəti çiçəklik üçün ayrılmış yerlərdə əkilir. Və bu cür çiçəklərin dözümlülüyü əsas götürülür.
Seçilən çiçəklərin quraqlığa və istiliyə davamlılığı, həm də əksər növlərin çoxillik olması onun təsərrüfat effektivliyini artırır, bitkilərin becərilməsini asanlaşdırır, çox qulluq tələb etmir, habelə təbii su ehtiyatlarından istifadə etməsi texniki sahədə su probleminin həllinə kömək edir. Bu cür seçimdən sonra bu çiçəklərin ən prespektivli növləri fərqləndirilir və daimi yerinə əkilir.
İkiillik çiçəklər (alabəzək bənövşə, mixəkgülü, şəbbü və s.) toxum vasitəsi ilə çoxaldılır.
Çiçəkçilikdə ən çox istifadə edilən çoxillik dekorativ bitkilərdir. Qızçiçəyi(marqaritka) kimi bu bitkilər 4-8 Gələcək çiçəkliyin planı tutulmalı, yerini müəyyən etməli, sonra torpaq işlənməlidir.
Sahənin seçilməsi və torpağın hazırlanması üçün açıq qruntda günəşli, küləkdən qorunan, düzən sahə seçilməli, alaqlardan, daş-kəsək və qeyri tullantılardan təmizlənməlıdir. Sahənin uzunluğu və eni uyğun rəqəmlərlə işarələnməlidir. (Təcrübələr üçün 2x1m ölçüdə ləklər hazırlanmalıdır). Torpaq yazda 10-15 sm dərinlikdə şumlandıqdan sonra hamarlanmalı və münbitləşdirilməlidir. Torpağın yüngül və məsaməli olması üçün substrat işlənməlidir . Torpağa əlavə olaraq qum,torf, çürümüş peyin və yarpaq çürüntüsü, eyni zamanda uyğun nisbətdə mineral gübrələr verilərək səpinə hazırlanmalıdır. Tədqiq olunan növlərin toxumlarının cücərmə qabiliyyətləri bir-birindən fərqli olduğu üçün təcrübələr üçün də fərqli hazırlıq işləri görülməlidir.
Səpin vaxtını müəyyən etmək üçün tədqiqat zamanı seçilmiş növün toxumları 3 təkrarda səpilməli , toxumların səpin dərinliyi, torpağın rütubəti və temperatur göstəriciləri müəyyən edilərək toxumların cücərmə müddəti və cücərtilərin çıxış faizi nəzərə alınaraq optimal səpin vaxtı dəqiqləşdirilməlıdir .
Çiçəklərin toxumla çoxaldılması zamanı səpin vaxtı Abşeronda əksərən aprel-may aylarına düşür, bu da həmin bitkilərin səpininin praktiki cəhətdən məqsədəuyğun olduğunu göstərir.
Bitkilərə qulluq- suvarma, yumşaltma, alaqların təmizlənməsi, gübrələmədən ibarətdir.
Vegetasiya müddətində, butanizasiya-qönçələmə, kütləvi çiçəkləmə və toxumların formalaşması zamanı hər kv. m. sahəyə 20 litr su verilməli, yağmurlu günlər istisna olmaqla həftədə bir dəfə su normasına əməl edərək suvarma aparılmalıdır.
Yağışdan və suvarmadan 2-3 gün sonra səpin altında olan torpaq yumşaldılmalıdır.
Yumşaldılma vaxtı sahələr alaqlardan təmizlənməlidir.
Vegetasiya dövründə 3 dəfə qidalandırılmalı- 1 kv. m. sahəyə 20 q azot, 30 q superfosfat, 20 q kalium gübrələrinin qarışılıqları verilməlıdir. Bitkilərin torpağın digər elementlərinə tələbkarlığı nəzərə alınaraq üzvi gübrələrdən(1 kv.m. sahəyə 5 kq ələnmiş quru peyin) başqa əhəngli torpaqları sevən bitkilər üçün kalsium, habelə mikrogübrələr verilməsi yaxşı nəticələr verir.
İkinci il çiçəkləyən bitkilərin (birinci ili kökyanı yarpaqlar əmələ gəlir) qidalanması butanizasiyanın başlanğıcında eyni ilə digər bitkilərdə olduğu kimi təkrar olunmalıdır.
Bitkilərin solan çiçəklərini qoparmaqla, bolluca suvarmaqla və 8-10 gündən bir durulaşdırılmış gübrə ilə qidalandırmaqla çiçəkləmə müddətini bütün mövsüm ərzində uzatmaq olar.
Əlavə edək ki, kölgələndirməklə də bitkilərin yay mövsümündə çiçəklənməsinə nail olmaq mümkündür. Əlvan və başqa parlaq rəngli çiçəklərin qazon sahəsində görüntüsü çox yaxşıdır.
Çiçəklərin bəzək bağçılıqda böyük təsərrüfat əhəmiyyəti vardır.
Çiçəklər təkcə yaşıllaşdırmada effekti artırmaq üçün, arxitektur elementlərin qabarıqlarını daha yaxşı diqqətə çatdırmaq üçün deyil, həm də bəzək və estetika məsələsi ilə də qurtarmır, çiçəklərinin ətirli olması ilə, bal verən - nektarlı bitkilər kimi də qiymətlidir. Bu bitkilər tək-tək, qrup halında, bardür bitkisi olaraq, canlı yaşıl çəpər bitkisi kimi əkmələrdə, müxtəlif bitki kompozisiyalarının, dağ mənzərələrinin ("qorko"ların) yaradılmasında, klumbaların, vazaların, buketlərin bəzədilməsində əvəzedilməzdir.
Quru subtropik iqlimə malik olan Abşeron zonasında dekorativ çiçəklərin çiçəkləmə müddətinin 80-100 gün, hətta 200 gün uzanması təbii ki, insanın zövqünü oxşayır, insanın təbiətə ekoetik münasibətinin formalaşdırılmasında müsbət rol oynayır.
Xosrov NATİL