“Azərbaycan mədəniyyətinin dünya xalqlarının mədəniyyətləri arasında özünəməxsus layiqli yeri var. Qədim və tarixi ənənələrə malik olan Azərbaycan mədəniyyəti özünün zənginliyi ilə seçilir, tanınır və dəyərləndirilir”.
Bunu 525.az-a açıqlamasında Milli Məclisin (MM) Mədəniyyət komitəsinin üzvü, Bakı Slavyan Universitetinin prorektoru Sahibə Qafarova “Mədəniyyət haqqında” qanun layihəsinin parlamentin plenar iclasının üçüncü oxunuşunun müzakirəsinə tövsiyə olunması ilə bağlı fikirlərini bildirərkən dilə gətirib.
Onun dediyinə görə, hər zaman, xüsusilə, mərhum dövlət başçısı Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan mədəniyyətinin daha da inkişaf etdirilməsi, qorunması və dünyada təbliğ edilməsi istiqamətində ciddi addımlar atılıb, bu addımlar öz müsbət töhfələrini verib və verməkdədir: “Azərbaycan mədəniyyətinin inkişafı və dünya arenasına çıxarılaraq layiqincə təqdim, təbliğ edilməsi yönündə işlər Heydər Əliyev kursunun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin cənablarının dövründə də davam etdirilib. İstər dövlət başçısı İlham Əliyev tərəfindən Azərbaycan mədəniyyətinin dəstəklənməsi yönündə atılan addımlar, istərsə də deputat həmkarımız, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu istiqamətdə ölçüyəgəlməz xidmətləri Azərbaycan mədəniyyətinin inkişafında yeni bir mərhələyə qədəm qoyulması ilə nəticələnib.
Son illər Azərbaycanın bır sıra nüfuzlu beynəlxalq mədəniyyət tədbirlərinə ev sahibliyi etməsi, Azərbaycan təmsilçilərinin “Eurovision” mahnı müsabiqəsində dalbadal layiqli yerlər tutması və nəhayət, bəzi məkrli dairələrin cəhdlərinə baxmayaraq, Bakıda möhtəşəm “Eurovision-2012” mahnı yarışmasının keçirilməsi dövlətimizin, dövlət başçımızın və onun xanımı, birinci ledimiz Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafına necə böyük diqqət və qayğısının bariz nümunəsi, göstəricisidir”.
Millət vəkili sonra bildirib ki, Azərbaycan mədəniyyəti qorunması, onunla bağlı fəaliyyət sferasının hüquqi cəhətdən daha mükəmməl tənzimlənməsi üçün yeni, təkmil qanunvericilik aktına ehtiyac duyulurdu:
“Düzdür, bu yöndə müvafiq qanunumuz vardı, ancaq onun qəbulundan haradasa 14-15 il keçir və indi həmin sənədin müasir dövrün reallıqlarına uyğunlaşdırılması lazım idi. Odur ki, komitəmizin, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin birgə zəhməti, iştirakı ilə “Mədəniyyət haqqında” qanun demək olar ki, tam yeniləşdirilərək parlamentin müzakirələrinə çıxarıldı və qeyd edim ki, gərgin müzakirələrdən sonra birinci və ikinci oxunuşlarda qəbul olundu.
Qanun layihəsi üzərində növbəti dəfə təkmilləşdirmə işləri aparılaraq, o komitəmizin üçüncü oxunuşunun müzakirəsinə təqdim olundu və bu müzakirələrin yekunu kimi də parlamentin plenar iclasının son oxunuşuna tövsiyə olundu. İnanıram ki, yaxın günlərdə qanun layihəsi üçüncü oxunuşun da müzakirələrindən keçirilərək bütövlükdə qəbul olunacaq və Azərbaycan mədəniyyətinin inkişafına öz töhfəsini verəcək”.
S.Qafarova eyni zamanda xatırladıb ki, birinci və ikinci oxunuşun müzakirələri zamanı səsləndirdiyi bir sıra təklifləri, xüsusilə, yerlərdə mədənəiyyət evlərinin, klubların və mədəniyyət ocaqlarının vəziyyətinin yaxşılaşdırılması ilə, o cümlədən, beynəlxalq əməkdaşlıqla bağlı təklifləri üçüncü oxunuşda nəzərə alınıb:
“Bir daha belə hesab edirəm ki, bu yöndə yeniləşdirilmiş qanuna ehtiyac vardı və yaxın günlərdə qəbul edəcəyimiz qanun layihəsi də Azərbaycan mədəniyyətinin ehtiyaclarının ödənilməsinə öz müsbət təsirini göstərəcək”.
Kamil Həmzəoğlu