8-10 may tarixlərində Rusiya paytaxtında faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunan bayram tədbirlərində 30-a yaxın ölkənin dövlət və hökumət başçılarının, beynəlxalq təşkilat rəhbərlərinin iştirakı planlaşdırılır.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.
Şimali Koreya lideri Kim Çen Inın 9 may paradına qatılmaqdan imtina etməsini şərh edən D. Peskov bildirib ki, onun ölkədaxili proseslərlə bağlı Moskvadakı bayram tədbirlərinə qatıla bilməyəcəyi barədə rəsmi məlumat daxil olub.
Kremlin sözçüsü həmçinin qeyd edib ki, BMT nümayəndələri Şimali Koreya liderinin Qızıl Meydandakı tədbirdə iştirak etməməsi üçün hər hansı tələb irəli sürməyiblər.
D. Peskov onu da əlavə edib ki, bu günədək təntənəli bayram tədbirlərində Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Çin, Kuba, Hindistan, CAR, Bosniya və Herseqovina, Serbiya, Venesuela, Vyetnam, Zimbabve, Makedoniya, Monqolustan, Kipr, Fələstin, Slovakiya və Çexiyanın dövlət başçıları, BMT ve UNESCO-nın baş katibləri, habelə tanınmamış Abxaziya və Şimali Osetiya respublikalarının rəhbərləri iştirak edəcəklərini təsdiqləyiblər:
"Gərgin iş qrafiki ilə əlaqədar Almaniya kansleri Angela Merkel, Slovakiya baş naziri Robert Fiko, Belarus prezidenti Aleksandr Lukaşenko və Çexiya prezidenti Milos Zeman 9 May paradında iştirak etməyəcəklər.
Tədbirlərdə iştirak edə bilməyən dövlət başçılarını həmin ölkələrin Rusiyadakı səfirləri təmsil edəcək".