Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən biridir. Bu siyasətə uyğun olaraq Şabranda da sahibkarlıq fəaliyyətinin genişlənməsinə rayon rəhbərliyi tərəfindən daim diqqət və qayğı göstərilir. Sahibkarlığa mane olan, əngəl törədən lüzumsuz müdaxilələrin qarşısı alınır və yeni biznes layihələrinin həyata keçirilməsində onlara yaxından köməklik göstərilir.
Gözəl bir yaz günündə Şabranda "İpək yolu" İstirahət Mərkəzinin açılışı bütün bunların parlaq təzahürü kimi dəyərləndirildi. Kompleksin "İpək yolu" adlandırılması təsadüfi deyil. Xalq arasında, eləcə də tarixi mənbələrdə "Şirvan yolu" adlanan, Şərqi Qərblə birləşdirən yollar da Azərbaycanın, eləcə də böyük bir keçmişə malik Şabran ərazisindən keçib.
Açılış mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov, millət vəkili Tahir Süleymanov, həkim Mehrac Haşımov və yazıçı-publisist Aydın Tağıyev bildirdilər ki, qədim yurd yerlərindən olan Şabran həmişə qonaq-qaralı olub.
Yəqin ki, bu kompleksin istifadəsindən sonra Şabranın qonaqlarının sayı daha da çoxalacaq. Çünki beynəlxalq standartlara uyğun qurulan bu məkanda yerli və əcnəbi turistləri yüksək səviyyədə qəbul edəcək bir şərait yaradılıb.
Rayonun xəritəsində yeni bir ünvan olan bu obyekt həm də Şabranın da adını yaxın uzaqlarda daha da şöhrətləndirəcək.
Göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirən sahibkar Nizami Ağayev istirahət mərkəzi barədə ətraflı məlumat verərək dedi ki, ümumilikdə 5 hektar ərazini əhatə edən "İpək Yolu" İstirahət Mərkəzində 1000 nəfərlik "Günel" şadlıq sarayı, "Karvan saray" restoranı, 17 otaqlı, müasir tələblərə tam cavab verən otel, həmçinin köşklər var.
Mətbəx çeşidləri müştərilərin xoş təəccübünə səbəb olacaq.
Burada uşaqlar da diqqətdən kənarda qalmayıblar.
Açıq havada yerləşən oyun bağçası məhz onlar üçün nəzərdə tutulub. N.Ağayev çıxışının sonunda onu da vurğuladı ki, işlər davam etdiriləcək, tezliklə bu ərazi regionun ən yaxşı istirahət mərkəzlərindən birinə çevriləcək.
Mərasimin sonunda açılışı bildirən rəmzi lent kəsildi, otelə və əraziyə baxış keçirildi.
Çingiz XALİDOĞLU
Şabran