|
|
|
|
Müasir Azərbaycan ədəbiyyatında ən parlaq imzalardan biri, istedadlı şair, esseist, ədəbiyyatşünas və tərcüməçi Səlim Babullaoğlunun dünən – dekabrın 10-da 40 yaşı tamam olub.
Bu münasibətlə dəyərli şairimizi ürəkdən təbrik edir, ona cansağlığı, yeni yaradıcılıq uğurları arzulayır, poeziyasından nümunələri oxucularımızın diqqətinə çatdırırıq.
Səlim BABULLAOĞLU
Ad günümdə dostlarıma
Bir az uzaqlarda axtarın məni,
Bir az söhbət edək bu yerdən uzaq,
Bir az xəyallarda axtarın məni,
Qaçaq bu çirkabdan, qaçaq qurtulaq.
Aydın sabahlarda axtarın məni,
Orda günəş başqa, gülüş başqadı,
Tanrı günahları bağışlayan yer,
Xəyalım o yerdə dolaşmaqdadı.
Ömür vəfa qılsa yazacam, bilin,
Bu günün, sabahın nəğməsini mən.
Məni öz içimə axtarın bir az,
Bir gün öz içimdə azacam bilin.
Sönük sətirlərdən sormayın məni,
Amandı, Kərəm tək alovlanaram.
Dəli fikirlərdən axtarın məni,
Yəqin bir gün gələr ağıllanaram.
“Polkovnikə heç kim yazmır”
1
“Polkovnikə heç kim yazmır”. O yaman darıxır.
İstidir, bürküdür, kitablar rəfdə yatır.
Uyğurları yenə də qırırlar. Gücsüzdü, əgər desəm ki,
çox təəssüf.
Təəssüf, sonadək oxunub bitmir “hərb və sülh”.
Hər şey bərkiyib, daşlaşıb. Qəlblər də.
Yarpaq belə tərpənmir.
İstidə anlayırsan ki, alovdan daha yaxşı heç kim bilmir
“polad necə bərkidi”? Necə? Harda? Nə vaxt?
İstidir. Axşamdır. Uğultular artır. Adamlar mürgüləsə də sərvaxt;
eyni, əcayib bir dildə pıçıldaşır hamı.
Adamlar çölüylə “tək”disə, içiylə təqlid edir “izdiham”ı.
Çiliklənən stəkan səsiylə dağılır ətrafa körpənin gülüşü,
bu dəfə havadan başlayır körpə
“Çingizxan”ın cingiltili yürüşü.
2
“Polkovnikə heç kim yazmır”. “Məktub yetişmədi” ünvanına.
“Barbarları gözləyərkən” zərf qonur giriş qapına:
Borcunuz var. Üstəgəl, üçcə gün də vaxtınız.
Sonra vəhşitək kəsərik. Sönər ocağınız.
İstidir. “Yerli narkoz altındadı hər kəs”.
Hamı qabığıyla polis, məmur və çərkəz.
Soyunsaq onları, ayıbsa da, insan(l)ıq, bilinər.
Uniformadan qorxuluymuş vərdişlər və əməllər.
İstidir. “Qar” gözləmək beş ayda puç və əbəs.
“Sağ qalmaq” üçün qaçır hamamda bir kiçik kələz.
Ev sahibinin ayaq səsi yaddan “yad” imiş.
Tavan da göy üzü deyilmiş- anladır “qaçış”.
3.
“Yuxunun iziylə” varıb gedib uzaqlığa,
çatmaq istəyirsən gözəl uşaqlığa.
“Uşaqlıq”- ömür səhrasının quzeyidi.
Bağlansa da “məsumluq muzeyidi”.
“Polkovnikə heç kim yazmır”. Təkcə sən yazırsan.
Niyə sevgi şeiri yazmırsan?- deyə soruşursan.
Sevgi var, şeir var, yazmaq var ikən,
bu donqabel sualda sən, nə görmüsən?
Əziz dostum, mehriban, gözəl bacım, həmkarım.
Qafiyə xətrinə yazsam, yazaram: əfkarım
indi çox qarışıq və çəkir məni keçilmişə.
Məsələn, “min doqquz yüz səksən dördə”, beşə.
4.
Onda beş yaşın ancaq olardı.
Bilirəm, hamını sən, hamı səni sevərdi, oxşardı.
Bilirəm, sevgi şeiri nədi, onda heç bilmirdin.
Çöhrənə baxanlar unudurdı bildiyin.
Əminəm, hələ çox şey yazacaqsan.
Şey dediyim – “gözəl şeirlər”, hələ çox dadacaqsan.
Əminəm, deyəcəksən, “əlvida, silah”, kədər.
Hər şey elə sevgidənmiş...bu qədər...
İstidi. Sözlər quruyur dodaqda.
Ürəyim çat-çat olur otaqda.
“Polkovnikə heç kim yazmır”. Rəfdədir.
Çıxır istefaya bütün kitablar və əməllər o tərəfdə.
Məsihağa Məhəmmədiyə
“Külək yatıb” dedin. Məni diksindirdin.
Vərdiş etdiyimiz ifadənin söz hissəsiylə
indi görünməyən, olmayan təbiət hadisəsiylə
mənim qohum olduğumu asanca bildirdin.
Bunu indi xatırladım. Mən indi daha çox xatirəyəm.
Hara baxsam, hara dönsəm arxada yalnız keçmişdir,
hətta arxadakı göydələn belə az əvvəl keçilmişdir,
yəni, ən yaxın tarixdir də söyləyə bilərəm.
Yenə bu feli qafiyələr. Yalnız onlar yüzə-yüz düzdür.
Yenə dar səkilərdə kimsəsiz adamı ötürən addım səsləri-
üstəgəl əksləri, göydələnin sancıldığı səma yastığında
qızılı xallardan parıltılarını çıxsan belə azdır. Təklik heç vaxt çoxalmır.
Külək yatıb. Yazdır. Yenə günəş doğacaqmı bir sabah?
Batacaqmı? Gələcəkmi arxasından yeni günlər, kim bilir?
Yatıb külək. Oyaq uşaq pəncərədə bir çiçəyi dindirir,
qığıltıya qoxusuyla gülümsəyir ətirşah.
Həmin qadına məktub
Mənə şəkil göndərdin
uzun illərdən sonra,
bəraətçün şəkillər
görən, nə deməliydi?
Hə, elədi, sükutda
gizlənib bütün sözlər.
Gözəldi saçında ağ-
iztirabın sancağı.
Mənimsə köksümdədi
xəyanət qəlpələri.
Şəhvətin köynəyini
təəssüf yeli qurudub.
Birlikdə son günümüz,
yəni, o şəkil, əda
keçmişin yaddaşında
indi çoxdan soluxub.
İndi mən çox düşmüşəm,
sən də cavan deyilsən.
Qırışları gizlətmir
boynundakı yaylığın.
Tənhasan, yeməyini
yəqin yavan yeyirsən.
Gövdəni gəzdirəndə
büdrəyir ayaqların.
O adamlar deyilik,
bir də nə yazım,axı?
Ehtirasın külündə
qaralar üz-gözümüz.
Güzgüdə təskinliyin
gözəlliyin deyilsə,
heç olmasa dadına
yetişsin diriliyin.
Balaca şəhərlərin
çox rahat dünyası var:
üç-dükan, meydança,
klub və qəbristanlıq.
Amma əsas bu deyil,
orda bütün söhbətlər
dünyanın özü qədər
yaman çəkər adamı.
Ömür harda yaşansa
tale orda qonaqdı.
Qonağısa qovmazlar,
bir də adət var axı.
Axşamları tum çırtla,
pəncərədən Aya bax,
Leylanın Məcnununda
son hərf üçün baş sındır.
Ümidlər ilə yama
sabahın cübbəsini.
Dualardan bərk yapış,
təkcə özün üçün yox.
Xatirə güvəsini
təmizlə üst-başından.
İndiysə getməliyəm,
oğlum məktəbdən çıxır.