|
|
|
|
Alman-Azərbaycan Cəmiyyətinin fəaliyyətinin 25 illik yubileyi münasibəti ilə "Kapellhaus" Alman-Azərbaycan Mədəniyyət Birliyində tədbir keçirilib.
Tədbirdən öncə Dövlət Rəssamlıq Akademiyasında gənc rəssam David Baumannın "Azərbaycan - Odlar Yurdu" mövzusunda animasiya sərgisi təqdim olunub.
Mərasimin rəsmi hissəsində çıxış edən Alman-Azərbaycan Cəmiyyətinin idarə heyətinin sədri professor Çingiz Abdullayev iki ölkə arasında dostluq əlaqələrindən, bu illər üzrə mədəni, elmi, tədris, idman və digər sahələri əhatə edən layihələrdən danışıb. Almaniyadan olan, müxtəlif sahələri təmsil edən qonaqların da qatıldığı mərasimdə Ç. Abdullayev yubileylə bağlı quruma ünvanlanan təbriklər haqqında da məlumat verib.
Sonra Cəmiyyət adından mükafatlar təqdim edilib. Alman-Azərbaycan əlaqələrində fəal iştirak edən təşkilatlar üçün nəzərdə tutulan və 5 ildən bir verilən "Yaşıl budaqlar" bürünc mükafatına Bavariyada fəaliyyət göstərən "Gut İmmling" opera-festival təşkilatı layiq görülüb. Bundan əlavə, Cəmiyyətin "Körpü" fəxri diplomu Alman-Azərbaycan dostluq əlaqələrində fərqlənən şəxslərə və təşkilatlara verilib.
Sonda Alman və Azərbaycan bəstəkarlarının mahnılarından ibarət konsert proqramı təqdim olunub.