Mayın 12-də Rəşid Behbudov adına Mahnı Teatrında konsert keçirildi. Ulu Öndər Heydər Əliyevin 92-ci ildönümünə həsr olunan konsertdə Azərbaycan Televiziya və Radiosunun Milli Kamera ansamblı çıxış edirdi.
Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin müəllimi Arzu Səlimovanın səyi və təşəbbüsü, eləcə də Azərbaycan Televiziya və Radiosu Səsyazma evinin direktoru Ramil Qasımovun dəstəyi ilə yaradılaraq 2 ildən artıq uğurla fəaliyyyət göstərən Milli Kamera Ansamblı bir sıra konsertlərdə çıxış edib, qısa zamanda dinləyici rəğbəti qazanıb.
Ansamblın özəllikləri elə konsert proqramının üz qabığındakı şəkildən bəlli olurdu. Burada hər bir musiqiçinin əlində tutduğu alətin eyni bir alət -kamança olduğu istər-istəməz nəzəri cəlb edirdi.
Qeyd edək ki, Mahnı Teatrındakı konsertdə ansambl salona toplaşanları sözün əsl mənasında olduqca rəngarəng musiqi proqramı ilə qarşı-qarşıya qoydu. Bu mənada proqramda həm xalq mahnı və rəqsləri, həm Azərbaycan, həm də avropa bəstəkarlarının yaradıcılığından nümunələr yer almışdı.
Ansamblın ifasında “Sevinci” xalq rəqsi, Qara Qarayevin “İldrımlı yollarla” baletindən rəqs, Edvarq Qriqin “Per Qünt” süitasındam “Anitranın rəqsi”, “Karib dənizinin quldurları” kinofilmindən fraqment, Nazim Quliyevin “Cavidi düşünərkən” əsəri səsləndirildi. Bu sırada ansamblın müşayiəti ilə sənətşünaslıq üzrə elmlər doktoru, AMK-nın dosenti Abbasqulu Nəcəfzadənin ifasında (ney və zurnada) “Şərq melodiyaları”, Azərbaycan Respublikasının Əməkdar artisti Fərid Əliyevin ifasında (vokal) “Günəşim mənim” Neopolitan xalq mahnısı, Ramiz Əliyevin ifasında (fleyta) Henri Mançininin “Çəhrayı pantera”, Vahid Babayevin ifasında (qarmon) “Yok” Moldov rəqsi təqdim olundu. Eyni zamanda ansamblın müşayiəti ilə Əməkdar artist Elza Seyidcahan “Ulu Öndər”, “Üşüyorum”, “Sakit okean” mahnılarını da səsləndirdi. Bundan əlavə, Tofiq Quliyevin “Sevgi valsı”, Siyavuş Kəriminin “Ömrümün istəyi”, Habil Əliyevin “Güləsən gərək” mahnılarını Gülnaz İsgəndərova və Sərxan Bünyadzadə ifa etdilər. Konsert proqramı Ağabacı Rzayevanın “Azərbaycan torpağı” mahnısının səslənməsi ilə başa çatdı.
İfa olunan hər bir nümunələr ansambl üçün Arzu Səlimova tərəfindən işlənmişdi. Proqramda yer alan bütün əsərlərin həm ifaçılıq, həm də nümunələrin işlənməsi baxımından yüksək peşəkarlıqla təqdimi bu işin arxasında nə qədər böyük zəhmətin, tələbkarlığın dayandığından xəbər verirdi.
Sonda Xalq artisti, professor Ramiz Quliyev və Əməkdar İncəsənət xadimi Arif Əsədullayev çıxış edərək ansamblın fəaliyyətindən, yüksək peşəkar ifasından və ümumiyyətlə, bu cür ansamblın yaranması təşəbbüsünün böyük əhəmiyyətindən söz açdılar. Konsert proqramının zəngin olduğunu vurğulayaraq ansamblın rəhbəri və dirijoru Arzu Səlimovanı təbrik etdilər.
Salona toplaşanların simasındakı yüksək təəssürat və sonda arası kəsilməyən sürəkli alqışlar bu konsertin hələ yaddaşlarda uzun müddət yaşayacağına şübhə yeri qoymadı.
Fərdin MƏMMƏDLİ,
Musiqişünas, Ü.Hacıbəyli təqaüdçüsü