“Biz Dağlıq Qarabağ rejiminin müstəqilliyini tanımırıq. Bako Saakyanın Fransaya səfəri rəsmi xarakter daşımayıb. Dünən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşmüşəm və Fransanın mövqeyini onun diqqətinə çatdırmışam”.
APA-nın xəbərinə görə, bu sözləri Dağlıq Qarabağ separatçılarının başçısı Bako Saakyanın Fransaya səfəri ilə bağlı sualı cavablandıran bu ölkənin Azərbaycandakı səfiri Paskal Mönye deyib.
P. Mönye ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə nə vaxt səfər edəcəkləri barədə dəqiq məlumata malik olmadığını söyləyib.
Xatırladaq ki, Azərbaycan B. Saakyanın Fransaya səfəri ilə əlaqədar bu ölkəyə etiraz notası göndərib.