...Bütün başlanğıclar ümid dolu, inama söykəli olur. “Çəkilən zəhmətlərə dəyəcəkmi, alınacaqmı?” tərəddüdləri də öz yerində. Amma başlamalısan, həyat başlanğıcların üzərində qurulub. Elə ümidi, inamı, tərəddüdü və bəzən də şübhəni tutalğac edib başlamalısan. Nə istədiyini, nələrə varmaq istədiyini, nələr yaratmaq istədiyini bilərək təpər tapıb irəliləməyi bacardıqca şübhə, tərəddüd yoxa çıxır, ümid və inam güclənir və gücləndirir. Bu, həyatın hər üzünə aid başlanğıclara aiddir. İstər şəxsi həyat olsun, istər iş, məslək həyatı...
lll
Gördüyü çoxsaylı işlərlə, həyata keçirdiyi böyük layihələrlə Azərbaycanın da elmi, siyasi və ədəbi cameəsinin yaddaşında özünəməxsus yer tutmuş bir diplomatın, dəyərli söz adamının illər öncə ölkəmizdə başlatdığı bir başlanğıc bugünlərdə başa çatır. Başlanğıcların başa çatması son deyil, əlbəttə. Uğurlu başlanğıcların yekunlaşması da daha böyük zirvələrə aparan başlanğıcıdır həmişə... Bu baxımdan Türkiyənin Azərbaycandakı Səfirliyinin mədəniyyət və tanıtma müşaviri Seyid Əhməd Arslanın başladığı işi, tutduğu vəzifəni müvəffəqiyyətlə sona çatdırıb “bir vətənindən digər vətəninə” dönməsində qeyri-adi heç nə yoxdur, əslində. Ancaq bir var, sadəcə vəzifəni icra eləyəsən, bir də var, tapşırılan vəzifəni can-başla, gördüyün işə ürəyini, ruhunu qoyaraq yerinə yetirəsən. Seyid Əhməd Arslan sonunculardandır... Seyid Əhməd Arslan sadəcə sözləri, vədləri ilə deyil, işi, çalışqanlığı ilə yadda qalan əməli-saleh insandır, türk təbirincə desək, adam kimi adam... Belə insanların başladığı və bitirdiyi işlər, gəlişləri və gedişləri həmişə söhbətlərə, yazılara mövzu olur.
Seyid Əhməd Arslan 1967-ci ildə Türkiyənin Yozqat bölgəsinin Sorqun ilçəsində dünyaya gəlib. İlk və orta təhsilini də orda tamamlayıb. 1986-cı ildə Ankara, 1990-cı ildə İstanbul Universitetlərinin məzunu olub. Elə həmin ildən Ankarada Mədəniyyət Nazirliyində Mədəniyyət Mərkəzləri Dairəsində məmur kimi fəaliyyətə başlayıb. Həmin vaxtdan etibarən qardaş ölkədə diplomat kimi bir çox mühüm vəzifələrdə çalışıb. 2012-ci ilin yanvar ayından etibarən Türkiyənin Azərbaycandakı Səfirliyində Mədəniyyət və tanıtma müşaviri kimi işini davam etdirib. Bu ilin 27 iyun tarixində müşavirin səlahiyyət müddəti başa çatır və o, Türkiyəyə qayıdır.
lll
Rəsmi dosyelər, qısa tərcümeyi-hallar insanın keçdiyi həyat yolunu, gördüyü hər işə nə qədər enerji sərf etdiyini, necə ürək yandırdığını özündə ehtiva eləmir. Bəzən rəqəm yığını kimi görünən uğurlu avtobioqrafiyalardakı sevinc, fərəh və müvəffəq bir ömrün göstəricilərinin arxasında əslində həm də nə qədər yorğunluq, sarsıntı, yuxusuz gecələr - bir sözlə, zəhmət “gizlənməkdədir”. Amma bütün bu yaşantılar kompleks şəkildə bir dəyərə malik olur və yalnız bu halda Vətənə, millətə lazımlı bir həyat tarixçəsi meydana çıxır.
Seyid Əhməd Arslan təkcə Türkiyənin ölkəmizdəki tanıdıcısı deyildi, həm də Azərbaycanın qardaş ölkədə, eləcə də dünyada tanınması üçün əlindən gələni əsirgəməyən peşəkar bir diplomatdır. Fəaliyyət göstərdiyi üç il ərzində Seyid Əhməd Arslanın elm, sənət, ədəbiyyat, mədəniyyət və turizm sahəsində təşəbbüs və təşkil etdiyi, gördüyü işlərin statistikasını sadəcə xatırlatmaq üçün bəlkə də bir neçə qəzet səhifəsi lazım olardı. Sadəcə onu deməklə kifayətlənmək istərdim ki, bu işlərin hər biri adıçəkilən sahələrin inkişafı üçün həyata keçirilib və nəticələr də göz önündədir.
Müsahibələrinin birində Seyid Əhməd Arslan vurğulayıb ki, Azərbaycanın onun ürəyində çox fərqli və məxsusi yeri var: “Can Azərbaycanı özümə vətən olaraq qəbul edirəm. Həyatımda ilk xarici səfər də Azərbaycanla bağlıdır. 1990-cı il, Sovetlər dönəminin yenicə çökdüyü zamanlardı. Bu illər Azərbaycanın ən sıxıntılı illəri idi. Ermənilərin əməllicə azğınlaşdığı, Qarabağdan hər gün onlarla şəhid xəbərinin gəldiyi günlərdi... Belə bir dönəmdə, səhv eləmirəmsə, Ankaradan, iki avtobusla, 75 nəfər Azərbaycana gəlmişdik. Bakıda, Gəncədə qardaşlarımızla qucaqlaşıb bərabər ağladıq. O günləri həmişə təsirlənərək xatırlayıram. Bu, illərcə bir-birinə həsrət qalan iki qardaşın görüşüydü... Onda İstanbul Universitetindən yenicə məzun olmuş və Mədəniyyət Nazirliyində işə başlamışdım. İlk fürsətdəcə ən sıxıntılı dönəmlərində qardaşlarımın yanında olmağı, niyyətimi bəlli etməyi özümə borc bilmişdim... Yəni, Azərbaycana olan məhəbbətim, sevgim günlük, anlıq hiss deyil, ya da təyin olunduğum diplomatik vəzifənin icrasından doğmayıb. Ona görə də Azərbaycanın hər uğuru məni həm həyəcanlandırır, həm də xoşbəxt edir. Güclü, tərəqqi etmiş, rifahlı Azərbaycanla qürur duyuram. Mən özümü sadəcə Türkiyənin deyil, Azərbaycanın da mədəniyyət və tanıtma müşaviri kimi görürəm. Bakıda çalışdığım illər ərzində xeyli iş görməyə müvəffəq olmuşuq, mədəniyyət, sənət və turizmlə bağlı onlarla tədbir həyata keçirmişik. Bir yaxşı misal var: niyyətin hara, mənzilin ora! Bütün hallarda niyyətimiz xoş məramlara xidmətdir”...
lll
Bugünlərdə saytların birində Seyid Əhməd Arslanın ölkəmizdən gedişi münasibətilə qələmə aldığı “Salamat qalın” başlıqlı kövrək bir yazısına rastladım. Diplomat xalqımıza, dövlətimizə duyduğu sevgi və sayğıyla yazısında qeyd edib: “Əziz dostlar, Türkiyə Cümhuriyyətinin Bakıdakı Səfirliyinin mədəniyyət və tanıtma müşavirliyi vəzifəm başa çatdığı üçün iyunun 27-də Türkiyəyə dönürəm. Can Azərbaycanda 2012-ci ilin yanvar ayından etibarən icra etdiyim bu şərəfli vəzifəni yerinə yetirərkən uca türk millətinin həssaslığı və əziz xatirələri böyük bir məsuliyyət anlayışı ilə iş əxlaqımın əsas təməllərini təşkil edib. Bəzən Yunus İmrə sevgisi və eşqi ilə, bəzən Mövlana müdrikliyi və təvazösü ilə qarşınıza çıxdıq. Bəzən türk xalq rəqsləriylə birlikdə halay çəkdik, yeri gələndə “Zeybək” oynadıq... Bəzən Hacivatımızla, Qaragözümüzlə uşaqların könüllərinə yol tapdıq. Bəzən türkü olduq dillərinizdə, bəzən kitab olduq əllərinizdə... Amma həmişə qiymətli bir dəyəri Türkiyədən sizlərə ikram etmək üçün çalışdıq.
Sizlər Türkiyədən gələn bu ikramları böyük məhəbbətlə qəbul etdiniz, bağrınıza basdınız. Sizlərdən ayrılmaqmı!? Bu kəlməni dilimə belə gətirmək istəmirəm. Türkiyə və Azərbaycan arasında tarixin dərinliklərinə uzanan və dünyada bənzəri tapılmayan dostluq və qardaşlıq münasibətlərinə az da olsa öz töhfəmi verməyi həmişə əziz qiymətləndirdim. Özümü Türkiyənin olduğu qədər Azərbaycanın da övladı bildim. Bu, çalışmalarımda səy göstərdiyim zaman mənə ayrı bir güc, həyəcan bəxş etdi. Bu müqəddəs vəzifəm əsnasında bizə könüllərini açan bütün bacı və qardaşlarıma böyük sayğıyla minnətdarlığımı bildirirəm. Həyat yoldaşım və övladlarımla birgə 3 ildən artıq bir müddətdə sizinlə birgə yaşadıq, sizdən biri olduq. Sizlərin o tərtəmiz könüllərinizin səmimiyyətini, şəfqətli əllərinizin istiliyini ömrümüz olduqca həmişə hiss edəcəyik. Bəli, dostlar, vicdanım qarşısında pak, huzur və dinclik içərisində bir vətənimdən digər bir vətənimə dönürəm. Könül istərdi ki, bütün dostlarla ayrı-ayrılıqda qucaqlaşaraq vidalaşım, halallaşım, amma buna zaman yetmir... Sizləri bağrımıza basırıq. Ey can Azərbaycan! Üçrəngli bayrağınla məsud yaşa! Üçrəngli şanlı bayrağın səmalarında həmişə dalğalansın! Ey uca Allahım! Bu üçrəngli bayrağın aid olduğu torpaqlarda- Qarabağda, Şuşada, Kəlbəcərdə, Füzulidə, Ağdamda, Cəbrayılda, Xankəndində, Xocavənddə, Laçında...nazlı-nazlı dalğalanmasını bizə tez göstər...
Salamat qalın!”
lll
...Bütün ayrılıqlar kədər dolu, hüznə söykəli olur. Amma ayrılıqların da mahiyyətində fərq var axı... Labüd ayrılıq zamanı əlini ürəyinin üstünə vicdan təmizliyi ilə, könül rahatlığıyla qoyaraq gözəl əməllərdən və işıqlı xatirələrdən ibarət bir abidə ucaldıb gedənlərin özləriylə “apardıqları” da ömrünün sonrakı dönəmlərində bağlı qapıları və yolları açmağa xidmət edər... Yolunuz açıq olsun, Türkiyənin və Azərbaycanın dəyərli övladı Seyid Əhməd Arslan!